Səs
çeşməsi...
Polifonik səs-avazlar bulağı,
titanik səda və... ədalar bülbülü -
Bülbül!
Bu an hər biri bitkin bir əsər
təsirli xalq mahnılarımızın birindən iki
misranı xatırladım: “Bülbül, sənin işin
qandı, Aşiqlər oduna yandı”...
Başdan-başa minor notlu bu kəlmələr cəmiyyətdəki növbəti söz aşiqlərindən, eşq xəstəkarlarından (naməlum) birisinin haçansa təbiətdəki (məlum) səs-avaz bəstəkarına nəqli xitabıdır...
İndi bəndəniz də - “Mədəniyyət” redaksiyasının bir üzvü olaraq - həmin xitab hədəfini təbiətdən cəmiyyətə transfer cəsarətində bulunaraq, o misraların məna-məzmununu da yeni redaksiyada ifadə edirəm: Bülbül, sənin səsin Şahdı, Milli cəh-cəh, bəh-bəh, ahdı!..
Deməli;
Cəmiyyət Bülbülü...
Təbiətdəkilər güllü aləm üçün oxuyub, oxuyur, oxuyacaq, o isə küll-aləm üçün...
Təbiətdəkilərin adı yalnız cümlənin əvvəlində gələndə böyük hərflə yazılır, cəmiyyətdəki bu ifa azmanının adı isə həmişə, hər yerdə, hər zaman.
Bu “ad”, “zaman” sözləri məni “söz sözü çəkdi” deyiminə rəğmən, 116 il əvvələ çəkdi... O, anadan olduğu gün atasının nitqinə gələn ad: Murtuza. O atanın öz adı: Məşədi Rza. Və onların hamısının soyadı: Məmmədov. Tariximizin sükuti fonoteka dəryasına qərq olmuş (və bundan sonra da əbədi işlənəsi) milyonlarla ad-soyadlardan biri. Lakin... elə cavan-comrulca yaşında bütün isnad-nişançı adları əvəz edən Bülbül! Xalqımızın öz çağlar sənət dəryasından seçib-sonalayıb ad elədiyi sevgili bir isim.
Bu ad bütöv bir obrazdır.
Allı-güllü milli səs, sirli-sehrli nəfəs, xalqın
verdiyi bu ada rəğmən dünyəvi “qəfəs”
obrazı...
www.Bülbülobraz(nöqtə yox, sual).az
Əlbəttə, “bu nə
yarımbaşlıqdır?” deyəsi oxucular
haqlıdırlar. Amma mən də belə yazmaqda ona görə
haqsız deyiləm ki, bir vaxtlar internetdə bəzi adi sənətbazlar
haqda “cikindən-bikinə” tutumlu dosyelər verildiyi halda, bu
qeyri-adi sənətkar-obraz barədə - lətifəsi bu lətif
şəxsiyyətdən iraq - “üç badam, bir qoz”
sanılı söz açılırdı. Həmin təqdimatın
“epiloq”undakı “tezbazar”lıq, ortalığındakı
qaçhaqaç dramatiklik bir yana, “proloq”undakı qrammatiklik məni
daha çox məyus edirdi: “22 iyun 1897, Xanbağı,
(Şuşa) - 26 sentyabr 1961, Bakı”. Əcəba, o vaxtlar hər
gün, hər saat efir-ekranda Qarabağa dair “hələ də
susurlar” deyə ərk-görk edib gileyləndiyimiz BMT-çilər,
Minskçilər, AŞçılar - bütün yadelli
siyasi başçılar bu bəşəri sənətkarın
hər hansı bir ifasından feyzlənib, onun bioqrafiyası
ilə də tanış olmaq istəsəydilər, nə
görəcəkdilər? Onun yurdunun - Şuşanın
öz qələmimizlə mötərizə
işğalına da salınmasınımı? Nədən o
“Qırxqız”, “Topxana”, “Meşəli”, “Cıdır
düzü”, “Xankəndi” adlarının doğma, ekiz
qardaşı olan “Xanbağı” kimi dadlı toponim haqda da bir
qırnıq siyasi-etnik məlumat, bir abzaslıq ədəbi-publisistik
təəssürat verilməməliymiş? Hələ bu
gün də “Əməyi güllər açan Sərdarı,
Bünyadı var” oxuduğumuz halda, niyə burada
yazılmamalıymış ki, bu ilahi səsli dahi müğənnini
əslən-nəslən qarabağlı bir ana anamız
Qarabağın bir ocağından digərinə qonaq gedərkən
məhz o Xanbağında - tələsdiyindən ayağı
kəndirə düşən simsar faytonçunun “dəh-dəh!”ləri,
gələcək rəqiblik “qorxusundan” səs-səsə
vermiş bülbüllərin cəh-cəhləri altında
doğmuşdur. Nə üçün onunla bağlı hər
yazıda hər hansı bir ədəbi üslub-qurğu ilə
vurğulanmasın ki, bu qədər sənət
ağaları yetirən o torpaq, bəs nə əcəb,
özlərini buranın kökən etnosu adlandıran o
dığaların bircəciyinə belə bu sayaq sənət
südü əmizdirməmiş olsun?..
Bəli, mədəniyyətimizin
bu ecazkar səs, avaz, poetik hənirti, folkloranə
üyültü, professional nərilti, bəşəri dinlənti
- bir sözlə, bütöv bir musiqistan obrazı hər yerdə,
hər nüansda onun özünə layiq təqdim və təfsir
edilməlidir.
Xalqın artisti
Bülbülün professor, musiqi
folkloru tədqiqatçısı, professional vokal məktəbimizin
banisi olması faktları öz yerində, onun
ifaçılıq taktları ayrıca bir institutdur. Onun
oxuyacağı hər hansı bir mahnının, təsnifin,
ariyanın ilk sözünə qədərki sədaları
bitkin bir elmi-populyar “giriş”dir. Hər biri beş-üç
dəqiqə çəkən bu şifahi (lentlərdə
“yazılı” olsa da) əsərlərin ilk misrasına verdiyi
xarakter “məqsədli aspirantura”dır. O əsərlərin
son sətir-bəndlərində çilədiyi vüsali zəngulələr
müdafiəyə ehtiyacı olmayan audio-vizual
“dissertasiya”lardır.
Bir kərə Bülbül haqda
bir televiziya verilişinə hər “növ” səviyyə
zümrələri, intellekt adamlarıyla birgə
baxırdım. Bu böyük mərasim sahibinin özü də
böyük adam idi, qonaqlıq təşkil etdiyi otağı
və televizor cihazı da.
Bu böyük, geniş otaq-salonda
böyüklərin bir qulağı və bir gözü
ekranda olsa da, öz aləmlərində, balaca bir
qızcığazsa evlərindən özüylə oyuncaq
qismində gətirdiyi və bu kübar evin zalında da
üfürə-üfürə başı üzərində
qovduğu zərif, pırpız bir tükcüyün
dalınca qaçmaqda idi. Bülbül isə “Koroğlunun
ariyası”ndakı hicr dolu zəngulələrlə qoç
Koroğlunu xas aşiqlik oduna yandırır, “ah, Nigarım!” -
deyə dad döyürdü. Ariyanın ən yuxa bir məqamında
dörd-beş yaşlı o qızcığaz öz məşğuliyyət
“qov”unu qovmaqda ola-ola, məclisin aşağı başında
oturmuş anasını çox ucadan səsləyərək:
“Ana, ana, o kişi ölür, qoymuyun onu ölməyə,
yazıxdı!” dedi.
İnanarmı-inanmazsızmı
ki, bu tər-təmiz uşaq səsi, fidan sözü o məclisi
əməlli-başlı diriltdi. Buradakı bütün
yar-yoldaşlar, qohum-qardaşlar arınıb-durulub həm də
vətəndaş oldular. Gözlənilmədən təbii,
xəlqi bir konfrans, milli bir məclis alındı. “Kələm
qonaqlığından kəlam mərasiminə” çevrilən
o yığıncağı “giriş sözü” ilə elə
o qızcığazın atası açdı. Dedi ki,
Bülbülün səsi eşq adlı əbədi müəmmanı
Füzulinin sözü, Üzeyir bəyin musiqisi qədər
aça bilir. Belə məclislər üçün hələ
naşı olan bir tələbə qız çəkingən
tərzdə buyurdu ki, Bülbülün səsində
bütün ataların - yəni kişilərin bütün
analara - yəni qadınlara nisbətdə amiranəlik, mənəm-mənəmlik
iddialılığını kompensasiya etmək cövhəri
var. O gözəl tələbə qızla üzbəüz
oturmuş gənc və yaraşıqlı professor dərhal əlavə
etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət
haqda deyilməmiş, yazılmamış bütün fikirləri
ifadə edir, hə?”. Gənc professorun obyektə tərifdən
çox, qarşısındakı subyektə komplimentə bənzəyən
bu sözlərinin fonunda veriliş aparıcısı
Bülbülün həm də fenomenal alimliyindən, professor
şöhrətindən, SSRİ Xalq artisti, SSRİ Dövlət
mükafatı laureatı olmasından, 2 dəfə Lenin, 2 dəfə
“Qırmızı Əmək Bayrağı”, “Şərəf
nişanı”, təhsil aldığı İtaliyanın
“Haribaldi” ordenləriylə təltif edilməsindən
danışırdı. Bu uzun titul sadalamasından canı
darıxan ağsaqqal bir sürücü başını
başlara qoşub, sehrli şüşənin əks tərəfindəki
aparıcının qarasına: “Ay zalım oğlu, bu
mükafatlar onun səsinin yanında nəmənə
şeydi?! Bunların əvəzinə, kişinin məcunlarından
birini də verin, dinləyib dirilək də!” - dedi. Bu kələ-kötür
“çıxış”dan sonra “Nuhun gəmisi” timsallı “xalq”
susdu. Hamı bayaqdan bəri yerində qurcuxan bir kişiyə
- düzəltdiyi əşyalara nəfəsdən başqa hər
şey verən Dəmirçi Aydına baxdı. Dəmirçi
isə bir-bir bu ecazkar Səsin normal eşidilməsinə mane
olanlara baxdı və çəkic-zindan sədalı səsiylə
bir nəqəratlıq nitq elədi: “Bülbüldən
zövq almaq üçün gərək onu dinləyərkən
bir sən olasan, bir də özün...”
O “beynəlzümrə”
yığıncaqda mən də bir-iki kəlmə dedim, amma
deyəsən ən diqqətcil dinləyicim də elə
özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda
həm ifaçı olub, həm dinləyici,
tamaşaçı, tənqidçi, təlimçi,
münsif və sair. O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki
zəif söz, misra və bəndlərə ecazkar səsi ilə
elə şəkər qatır ki, heç kəs daha o fikrin
mənasına varmır. Söz, fikir güclü olanda isə!
Bəli, söz güclü olanda isə, səsindəki
emosiyanı yığışdırıb bir kənara
çəkilir, bütün diqqətləri “deklamasiya” etdiyi
sözün üstünə yönəldir. Məsələn?
Buyurun, indi söyləyəcəyim nümunəni dinləyin;
yəni bunu eşitməklə bərabər, həm də
onun avazını dinləyin. Görün o qədər zil
oktava və zəngulə imkanlarına malik olmuş bu nəhəng
bu misraları ifa edərkən bunlardan istifadə edirmi?! Hə,
“Bir gün evlərinin lap qabağından, Titrəyib
keçdiyim yadıma düş-düüü, aman, a-man,
aa-y a-maa-an...”
Mən o nisbətən məhrəm
məclisdə bu ifanın həmin parçasını, pisdən-yaxşıdan,
təqlid də etdim. Bu yazıda isə... Heyf ki, yazıda
oxumaq olmur...
Bu əbədi sənətkarın
həyat yoldaşının xatirə-yazılarından bir
fraqment. Moskvada keçirilən növbəti Azərbaycan
dekadasında İ.V.Stalin Üzeyir bəylə
Bülbülü möhtəşəm “Koroğlu” operası
ilə ilgili təbrik edir, Üzeyir bəyə “...daha bir belə
dahiyanə əsər yazarsızmı”, Bülbülə isə
“Moskvada qalıb çalışarsınızmı”
suallarıyla müraciət edir. Nəticə hamıya məlum,
Bakıya qayıdarkən kupedə xanımının “niyə
razılaşmadın” sualına isə cavabı çox az
oxucuya bəlli: “Mən Moskvada qalaramsa, yarımçıq
qalmış aşıq mahnılarının nota
köçürülməsi işi necə olar?..”
Və
bir qədim yığıncaqdan...
Şahidi olduğum o qədim
yığıncaqdan şühudi reportaj:
1981-ci il. Azərbaycan radiosunda
növbəti “letuçka”. Dövrün məşhur bir
qadın müğənnisinin ötən həftə
televiziya və radioda getmiş “müsibət” konserti haqda
qızğın, bəziləri tərəfindən isə məhrəmanə
müzakirə, münasibət və mübahisələr
gedir. Bu zaman qələminin arxası da, qabağı da yazan
redaktorlardan biri qalxıb deyir ki, bu böyük sənətkar
xanım haqda mahnı yazılmasının vaxtı
çatmayıbmı? Yerlərdən səslər: “Əlbəttə!”,
“Hətta gecikmişik” və s. Elə bu zaman “Xəbərlər”
baş redaksiyasının baş redaktoru Valid Sənani
ayağa qalxır və deyir: “Ay yoldaşlar, nə vaxt o boyda
Bülbül haqda mahnı yazılarsa, sonra bu boyda xanım
haqda da yazıb-yazdırarsınız...”
Doğru deyilmi, əziz bəstəkarlarımız,
hörmətli müğənnilərimiz? Rəssamlar, heykəltəraşlar
bir-birinin portretini, heykəlini, ədiblər, aktyorlar
bir-birinin surətini yaradırlarsa, niyə bəstəkarlar,
müğənnilər bu normal həmkarlıqda sussunlar?
Amma sözüm yalnız
Bülbül adına, Bülbül ladına layiq sanballı bəstəkarlara
və müğənnilərədir, haa...
Tahir
Abbaslı
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 11.