Musiqi insanları birləşdirir
Qazaxıstan mətbuatı
“Arşın mal alan”ın uğurundan yazır
Xəbər verdiyimiz kimi,
Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasının 100 illiyi və TÜRKSOY-un
yaradılmasının 20 illiyi münasibətilə bu ölməz
sənət əsəri nümayiş olunub.
TÜRKSOY-un təşkilatçılığı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Alik Usubov, dirijorları Azərbaycanın Xalq artisti, professor Ağaverdi Paşayev və beynəlxalq müsabiqələr laureatı Erlan Baktıqereydir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan sənətçilərinin rol aldığı səhnə əsərini Qazaxıstanın Karaqanda şəhərinin Akademik Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
“Kazaxstanskaya pravda” qəzetinin 19 sentyabr tarixli sayında tamaşa və bu il 100 illiyi UNESCO səviyyəsində qeyd olunan “Arşın mal alan” operettası haqqında məqalə dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycan bəstəkarının məşhur musiqili komediyası bu gün bir sıra ölkələrdə səhnələşdirilib, onun qəhrəmanları artıq 30 dildə “danışır”. Əsərin Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan sənətçilərinin iştirakı ilə səhnəyə qoyulması ideyasından bəhs edən müəllif yazır ki, tanınmış dirijor, Xalq artisti, professor Ağaverdi Paşayev Əməkdar incəsənət xadimi, professor Alik Usubovla 2010-cu ildə Bakıda, Üzeyir Hacıbəylinin 125 illik yubileyində görüşərkən belə bir təklif irəli sürüb. A.Usubovun sözlərinə görə, əsəri əsas səhnələr saxlanılmaqla konsert-tamaşa formasında hazırlamaq, musiqini isə simfonik orkestrin deyil, xalq instrumental orkestrinin müşayiəti ilə təqdim etmək qərara alındı. İdeya isə novator idi. Nəticədə dörd ölkənin sənət adamlarını bir araya gətirən konsert-tamaşa ərsəyə gəldi.
Məqalə müəllifi ölməz əsəri dörd türkdilli ölkə sənətçilərinin təqdim etməsini yüksək qiymətləndirir, səhnədə eyni vaxtda qazax, qırğız, türk və Azərbaycan dillərinin səslənməsini təqdir edir. Yazıda TÜRKSOY-un baş katibi Düsen Kaseinovun sözlərinə də yer verilib: “Bu sadəcə müxtəlif ölkələrdən musiqiçiləri və vokalçıları bir yerə toplamaq deyil. Məqsədimiz türk ölkələrinin sənətçilərinin iştirakı ilə hazırlanan bu layihəni xarici ölkələrdə də göstərməkdir”.
Məqalədə “Arşın mal alan”ın Karaqanda premyerasının alqışlarla qarşılandığı, bu mədəniyyət hadisəsinin uzun zaman yaddaşlarda yaşayacağı vurğulanır.
Mehparə
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 12.