“Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası”

 

Tarixi sənədlər toplusu çapdan çıxıb

  

   Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” sənədlər toplusu “Zərdabi” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən çap edilib.  

   Azərbaycan və rus dillərində hazırlanmış 782 səhifəlik kitabın məsul redaktoru və “Müqəddimə”nin müəllifi tarix elmləri doktoru Ataxan Paşayevdir.

   “Müqəddimə”də deyilir ki, XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Qafqazın işğalından sonra təxminən iki əsr müddətində bu ərazilərdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ həyata keçirilmiş belə tədbirlər nəticəsində azərbaycanlılar bu gün Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları doğma torpaqlarından qovulub, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni vəhşicəsinə dağıdılıb.

   SSRİ Nazirlər Sovetinin İosif Stalin tərəfindən imzalanmış 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları da xalqımıza qarşı növbəti tarixi cinayət aktı olub. Həmin qərarlar əsasında 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla köçürülüblər. Topludakı sənədlər o dövrdə xalqımızın başına gətirilmiş müsibətləri əyani şəkildə əks etdirir.

   Toplu Azərbaycan Respublikası Dövlət Arxivində və onun Gəncə, Salyan, Göyçay filiallarında, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə edilən sənədlər əsasında komplektləşdirilib. Sənədlər 1945-ci ilin aprelindən 1954-cü ilin noyabrınadək dövrü əhatə edir. Mətnlərin dilstilistik xüsusiyyətləri olduğu kimi saxlanılıb. Nəşr Milli Arxiv İdarəsinin əməkdaşları - tarix elmləri doktoru A.Paşayev, F.Aslanova, R.Səfərov, N.Eminov və Azərbaycan Respublikası Dövlət Arxivinin əməkdaşı S.Babayeva tərəfindən çapa hazırlanıb.

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 15.