“Şərq
nağılı”
Bakıda əlilliyi olan gənclərin beynəlxalq
yaradıcılıq festivalı keçirilir
Sentyabrın 11-də
“Mariott-Abşeron” hotelində əlilliyi olan gənclərin
“Şərq nağılı” birinci Beynəlxalq
yaradıcılıq festivalı başlayıb.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş festival
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və
dəstəyi, “Dan”
Beynəlmiləlçi Gənclər, “Müşfiq”
Əlil Uşaqlara Yardım və
“Müstəqil Həyat” Dəstək və İnkişaf
Mərkəzi ictimai birliklərinin
təşkilati dəstəyi ilə reallaşıb.
Açılış
mərasimində çıxış edən gənclər
və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın əsas məqsədi
əlilliyi olan istedadlı gənclərin
yaradıcılıq bacarıqlarının
reallaşdırılmasının dəstəklənməsi,
ictimaiyyətin diqqətinin humanizm
ideyalarına, mədəni dəyərlərə və
əlilliyi olan gənclərin
yaradıcılığına cəlb edilməsidir.
Vurğulanıb ki, Azərbaycanda əhalinin bütün
kateqoriyaları kimi, gənclərə,
xüsusilə əlil gənclərə də diqqət
və qayğı göstərilir. Gənc əlillərin
mədəni həyatda iştirakı, onların asudə vaxtlarının
səmərəli təşkili məqsədilə daim müxtəlif layihələr həyata keçirilir.
Festivala
7 ölkədən 150-dən artıq əlil gənc
qatılıb. İştirakçı
dövlətlərdən gəlmiş 14 kollektiv
tərəfindən festivalda mahnı,
rəqs, teatr və instrumental
musiqidən ibarət proqramlar nümayiş olunacaq. Festival çərçivəsində
əlilliyi olan gənclərlə
işləyən yerli təşkilatlar
və fərdi təlimçilər üçün
xarici ekspertlərin ustad
dərsləri təşkil ediləcək.
Festival
ərəfəsində Gənclər və İdman
Nazirliyi və UNİCEF
tərəfindən 20 nəfər qaçqın, köçkün və əlilliyi olan gənc üçün
xarici ekspert
tərəfindən fotoqrafiya üzrə
təlimlər başlanıb. Təlimlərdə
iştirakçıların çəkdikləri və ekspert tərəfindən seçilən fotolar festivalın bağlanış
mərasimi və qala-konsertin keçirildiyi Heydər Əliyev Sarayında
təşkil olunacaq sərgidə nümayiş etdiriləcək. Festivala sentyabrın 13-də yekun
vurulacaq.
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 6.