“Tamaşaçı
narazı gedirsə, günah teatrdadır”
Şəhərin yay günləri başa çatıb. Tətildən qayıdan teatr kollektivləri də yeni mövsümün hazırlıqlarına başlayıblar. Dövlət Gənc Tamaşaçılar Teatrı bugünlərdə özünün 86-cı mövsümünə start verir. Müsahibimiz teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovdur.
- Mübariz müəllim, istərdim ki, əvvəlcə ötən mövsümün yekunlarını dəyərləndirək...
- Ötən mövsüm bir çox əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli peşəkar teatrının 140 illiyi təntənəli şəkildə qeyd olundu. Heydər Əliyev Sarayında keçirilən yubiley tədbirinin hazırlanmasında teatrımızın 80-nə yaxın işçisi - yaradıcı və texniki heyətin üzvləri yaxından iştirak etdi. Sevindirici haldır ki, yubiley mərasiminə quruluş verilməsi məhz bizim teatrın rejissoru, Xalq artisti Vaqif Əsədova həvalə olunmuşdu. Tədbirin sonunda çox maraqlı və həyəcanlı anlar yaşadıq. Səhnəyə çıxan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin bir qrup teatr xadiminə dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı sərəncamlarını oxudu. Fürsətdən istifadə edib teatr işçilərinə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə kollektivimiz adından minnətdarlığımı bildirirəm. Son illər mədəniyyətə, incəsənətə dövlət qayğısı göz qabağındadır. Bütün ölkə boyu aparılan abadlıq-quruculuq işləri mədəniyyət müəssisələrindən, teatrlardan da yan keçməyib. Bakıdakı teatrlar təmir edilib, yenidən qurulub. Proses artıq rayonlarımızda fəaliyyət göstərən dövlət teatrlarında da davam edir, orada çalışan həmkarlarımız üçün də müasir tələblərə uyğun şərait yaradılır. Təbii ki, görülən bütün bu işlər fəaliyyətimizin məzmununa və keyfiyyətinə müsbət təsir edir. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru kimi bunu kollektivimizin gündəlik həyatında yaxından görürəm.
Ötən mövsüm bizim üçün daha bir yubileylə əlamətdar oldu. Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümünü başa vurdu. Azərbaycanın teatr tarixində özünəməxsus izi olan teatrımız yubiley mövsümündə maraqlı tamaşalar hazırladı, uğurlu yaradıcılıq işlərinə imza atdı. Beynəlxalq layihə əsasında Aleksey Tolstoyun “Buratinonun macəraları” tamaşasını hazırladıq. Tamaşaya Xorvatiyadan dəvət etdiyimiz rejissor İvisa Simiç quruluş verdi. Onunla birgə çalışan xorvatiyalı quruluşçu rəssam Dinka Jeriçeviç və bəstəkar İqor Karliç təxminən bir ay müddətində yaradıcı heyətlə sıx əməkdaşlıq etdilər, nəticədə maraqlı bir tamaşa alındı. Ukraynanın Donetsk şəhərindəki Gənc Tamaşaçılar Teatrının rejissoru Tatyana Şevçenko isə bizim kollektivlə İsveç dramaturqu Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsərini təqdim etdi. Xalq artisti Cənnət Səlimova italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael trambonçu” əsərləri əsasında “İtalyansayağı xoşbəxtlik” tamaşasına quruluş verdi. Əməkdar artist Nicat Kazımovun quruluşunda isə Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül” tamaşası balacalara təqdim olundu.
- 85-ci mövsümün uğurlarından söhbət açarkən “Müharibə” tamaşasından danışmamaq mümkün deyil...
- “Müharibə”ni
mən özüm qəsdən sona saxlamışdım. Bilirdim ki, bu barədə
sual olacaq. Çünki bu tamaşa geniş əks-səda yarada bilib, haqqında
müsbət fikirlər
səslənib. Teatrımızın baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun İsveç dramaturqu Lars Norannın “Müharibə” pyesinə verdiyi quruluş ötən mövsümdə
ən uğurlu yaradıcılıq işlərimizdən
biridir.
- Tamaşanın
xarici ölkələrdə
oynanılması, beynəlxalq
festivallarda göstərilməsi
üçün planlarınız
varmı?
- Təbii ki, teatrımızın ən uğurlu işlərindən birini başqa ölkələrdə
də nümayiş etdirməkdə maraqlıyıq,
bu yöndə işlər görürük.
Sentyabrın 30-dan oktyabrın 2-dək Rusiyanın Həştərxan
vilayətində qastrolda
olacağıq. Həştərxan Gənc Tamaşaçılar
Teatrının səhnəsində
oynanılacaq əsərlər
arasında “Müharibə”
də var. Oktyabrın
3-də Rusiya Federasiyasının
Kalmıkiya Respublikasına
qastrola gedəcəyik.
Kalmıkiya Milli Dram Teatrı
rəhbərliyinin xahişi
ilə “Müharibə”
tamaşasını da
aparacağıq. Bir neçə
nüfuzlu beynəlxalq
teatr festivalının
təşkilatçıları ilə danışıqlarımız
gedir, tamaşa barədə məlumatları
artıq onlara göndərmişik. İnanıram ki, bizim “Müharibə”
hələ çox ölkələrdə səs-küy
yaradacaq.
- Yeni mövsümdə hansı
tamaşaların hazırlanması
nəzərdə tutulur?
- Tamaşaçılarla
hər görüş
bizim üçün
böyük məsuliyyətdir.
Bu ilin sonuna
kimi bir neçə yeni tamaşa üzərində
yaradıcılıq işi
aparılacaq. İstedadlı dramaturq Əli Əmirli yeni pyesini teatrımıza təqdim edib. “Hasarın o üzündə”
adlı əsərə
Əməkdar incəsənət
xadimi Bəhram Osmanov quruluş verəcək. Əməkdar artist Nicat Kazımov balaca tamaşaçılarımız
üçün Abdulla Şaiqin
“Danışan gəlincik”
əsərini hazırlayacaq.
Bu mövsümdə kiçik səhnəmizdə
daimi tamaşalar oynamağı düşünürük.
Həmin tamaşalar üzərində iş gedir. Əvvəlki illərdə olduğu
kimi, yeni mövsümdə də bölgələrimizə qastrollara
gedəcəyik. Biz bu məsələyə həmişə diqqətlə
yanaşmışıq. Ölkə Prezidentinin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı
isə bunu bir vəzifə olaraq qarşımıza qoyur. Bölgələrimizdə tamaşaçılarımızla
görüş bizim üçün çox maraqlı olur. Onlarla təmas quranda teatr üçün necə darıxdıqlarını
görürük.
- Dünya şöhrətli teatr və kino xadimi
Kşiştof Zanussi deyir, biz necə edək ki, tamaşaçı
teatra gəlmədiyinə
görə utansın?
Sizin teatr bunun üçün nə iş görür?
- Bu gün teatrın funksiyası dəyişib, ona qarşı tələblər
də artıb. İnformasiya
əsrində yaşayan,
evində rahat oturub 100-dən çox telekanalı izləmək
imkanı olan tamaşaçını teatra
gətirmək asan məsələ deyil.
Biz tamaşaçını
utandırmaq yox, maraqlandırmaq istəyirik.
Mənim
fikrimcə, əgər
tamaşaçı teatrdan
narazı gedirsə, günah onda yox, teatrdadır. Teatrımızda işi elə
qurmaq istəyirik ki, tamaşaçı bizdən narazı getməsin, növbəti dəfə yenə gəlsin. Qismən də olsa, buna nail ola bilmişik. Bu yöndə fəaliyyətimizi
davam etdiririk.
Etibar Cəbrayıloğlu
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 7.