Bakıda Finlandiya turizminin təqdimatı

 

   Sentyabrın 12-də «Qafqaz Baku City» hotelində Finlandiyanın «Easy travel» turizm şirkəti bu ölkənin turizm imkanları ilə bağlı təqdimat keçirdi. «Easy travel»in Azərbaycandakı tərəfdaşı olan «Millennium Tourism” şirkəti ilə gerçəkləşən tədbirdə Baltikyanı ölkələrin turizm imkanları da təqdim edildi.  

   «Easy travel» şirkətinin baş direktoru Aleksandr Sirota 2005-ci ildən fəaliyyət göstərdiklərini bildirdi. Şirkət AAA sertifikatı və dünyanın ən keyfiyyətli və yüksək xidmət standartlarına malik istirahət mərkəzləri və hotelləri ilə əməkdaşlıq edir. Azərbaycanda təqdimat keçirməkdə əsas məqsəd yerli turoperatorların Finlandiya haqqında daha çox məlumat əldə etməsinə nail olmaq və azərbaycanlı turistləri bu ölkəyə cəlb etməkdir. Onun sözlərinə görə, Finlandiyada xüsusilə qış turizmi ilə bağlı geniş imkanlar mövcuddur: «Qarşıdan gələn qış turizm mövsümündə də bizim turistlər üçün bir neçə maraqlı proqramımız var. Yeni ili Finlandiyada qarşılamaq istəyənlər “Santa Klausun iqamətgahı”nda və Santapark mağarasında olmaq imkanı əldə edəcəklər. Eyni zamanda onlar sualtı balıq ovunda iştirak edəcək, qar maşınında gəzə biləcək, xizəklə sürüşəcəklər. Finlandiya həm də ailəvi tətil etmək istəyən turistlər üçün əla ölkədir. Bir sözlə, Finlandiyada Yeni ili qeyd edənlər bu bayramın əsl ab-havasını hiss edəcəklər».

   Qiymətlərə gəldikdə, həmsöhbətimiz bildirdi ki, 1 nəfər üçün bir həftəlik tətil 500 avro təşkil edir. Buraya 3 və 4 ulduzlu hoteldə qalmaq, əlavə xidmətlər və səhər yeməyi daxildir. Qrup şəklində gələn turistlər üçün qiymətlər bir qədər aşağıdır. 1 həftə ərzində xizəklə sürüşmə 150 avrodur”.

   Daha çox Rusiyadan turist qəbul etdiklərini deyən Aleksandr Sirata qeyd etdi ki, bununla yanaşı, Ukraynadan, Baltikyanı ölkələrdən və Avropadan da turistlər çox gəlir: «İstərdik bu sırada azərbaycanlı turistlər də yer alsın».

   Şirkət rəhbəri onu da qeyd etdi ki, Finlandiya şimal ölkəsi olduğundan buraya daha çox qış turizmi həvəskarları gəlir: “Yay mövsümündə isə biz turistlərin sayı azalmasın deyə qiymətləri endiririk».

   Aleksandr Sirata bildirdi ki, martdan sentyabrın sonlarına qədər Bakıdan Riqaya «Airbaltik» hava yolları şirkəti fəaliyyət göstərir. Azərbaycanlı turistlər üçün bu reyslər çox əlverişlidir: «Bizim kombinəedilmiş turlarımız da var. Bu turlar Baltikyanı və bəzi Avropa ölkələrini əhatə edir».

   «Easy travel» turizm şirkətinin Baltikyanı ölkələr üzrə təmsilçisi Mariya Pavlova Finlandiyaya təşkil edilən turlar, onların qiymətləri, bu ölkədə istirahət etməyin özəllikləri, qış turizm marşrutları, Latviya, Litva və Estoniyanın turizm imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

  

    Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 9.