Füsunkar musiqi və
mütərəqqi mövzu
ABŞ mətbuatında
“Arşın mal alan” haqqında məqalə dərc olunub
ABŞ-da nəşr olunan
“Huffington Post” qəzetində sentyabrın 8-də Los-Ancelesdə
nümayiş etdirilmiş “Arşın mal alan” operettası
barədə məqalə dərc edilib.
Məqalənin müəllifi “Nyu-York Tayms” və “Los-Anceles Tayms” qəzetlərinin mədəniyyət üzrə tənqidçisi Hoyt Hilsmandır.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu ilə nümayiş etdirilmiş tamaşanı izləyən müəllif məqaləsində Azərbaycanın zəngin və kəşməkəşli tarixə malik olduğunu, SSRİ dağıldıqdan sonra isə müasirləşmə dövrünə qədəm qoyaraq, enerji ixracı və ticarət mərkəzinə çevrildiyini qeyd edir. Müəllif yazır ki, ABŞ-dan da əvvəl qadınlara seçmək hüququ vermiş (1918) Azərbaycan bu gün ABŞ, Avropa ölkələri və İsrailin güclü ticarət və sərmayə tərəfdaşına çevrilib.
H.Hilsman 1913-cü ildə ilk dəfə səhnələşdirilmiş “Arşın mal alan” operettasının Los-Ancelesdə nümayiş etdirilməsini Azərbaycanın mütərəqqi və dünyəvi ənənələrinin davamı kimi qiymətləndirir. Tamaşanın bütün ifaçılarının yüksək peşəkarlığını vurğulayan müəllif “Arşın mal alan”ın musiqisinin füsunkarlığını və əsərin müsəlman dünyasının ilk operettalarından olmasını xüsusi vurğulayır. O, həmçinin operettanın mövzusunun olduqca mütərəqqi olduğunu, köhnəlmiş ənənələrə qarşı və qadın hüquqları uğrunda mübarizəni özündə ehtiva etdiyini bildirir. H.Hilsman tamaşanın keçirildiyi Los-Ancelesin “Dorothy Chandler Pavilion” teatrının tam dolmasını operettanın dünyəvi və mütərəqqi xarakterinin təzahürü kimi qiymətləndirərək təşkilatçıları, prodüseri və ifaçıları təbrik edib.
Məqalə ilə
aşağıdakı linkdə tanış olmaq
olar: http://www.huffingtonpost.com/hoyt-hilsman/an-azerbaijani-operatta-a_b_3894592.html
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 15.