Teatr tariximizin elektron salnaməsi

 

Azərbaycan Teatr Xadimləri İttifaqının internet saytı təqdim olundu

  

   Sentyabrın 16-da “Hilton-Baku” hotelində Azərbaycan Teatr Xadimləri İttifaqının internet saytının (www.teatrittifaqi.az) təqdimatı oldu.  

   Tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemət açaraq qurumun tarixindən danışdı. Bildirdi ki, Azərbaycanda ilk teatr təşkilatı 1897-ci ildə yaradılıb. Qurum “Artistlər İttifaqı”, “Nicat” cəmiyyəti və s. adlar altında fəaliyyət göstərib. Sultanməcid Qənizadə, Əbdürəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Abbasmirzə Şərifzadə, Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov kimi görkəmli sənətkarların rəhbərliyi altında məhsuldar yaradıcılıq yolu keçib: “Bu gün ittifaq 800 aktyoru birləşdirir. Beynəlxalq Teatr Xadimləri İttifaqları Federasiyasının üzvüyük”.

   Azər Paşa Nemət Teatr Xadimləri İttifaqının saytının hazırlanması ilə bağlı görülən işlərdən söz açdı, bu elektron resursun teatr tariximizin öyrənilməsi, tədqiq və təbliğ edilməsinə töhfə olacağını bildirdi. Qeyd olundu ki, www.teatrittifaqi.az Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərəcək və ayda bir dəfə yenilənəcək. İttifaqın sədri saytın yaradıcılarına minnətdarlığını ifadə etdi.

   Saytın müəllifi, bir sıra internet layihələrinin (“Musiqi dünyası” jurnalı, Azərbaycan diskoqrafiyası və s.) yaradıcısı və rəhbəri, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov yeni elektron resursu iştirakçılara nümayiş etdirərək onun strukturundan danışdı. Sayt musiqi salamı - Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının səslənməsi ilə açılır. Onun ardınca Azərbaycan Teatr Xadimləri İttifaqı haqqında məqalə təqdim olunur. Saytın arxivində 18 min fotoşəkil, o cümlədən 500 afişa, 60 saatlıq video yer alıb. Bölmələr istifadəçiləri aktyorlar, rejissorlar, bəstəkarlar, şairlər, rəssamlar və teatrın yarandığı vaxtdan onun inkişafına töhfə vermiş digər şəxslərlə tanış edir. Videoteka tamaşaların lent yazılarından ibarətdir və ittifaq üzvlərinin yaradıcılığı haqqında məlumat verir.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək saytın yaradıcılarına təşəkkürünü bildirdi. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev daima Azərbaycan teatrının inkişafına böyük diqqət göstərib, bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “2006-cı ildə ilk dəfə “Teatrteatr fəaliyyəti haqqında” qanun qəbul edilib, 2007-ci ildə “Teatrların maddi-texniki bazası haqqında” sərəncam imzalanıb, 2009-cu ildə “2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub. Nəhayət, 2013-cü ildə Milli Teatr Günü təsis edilib. Bütün bunları bir daha yada salmaqda bildirmək istəyirəm ki, Azərbaycan teatrına öz inkişafının yeni mərhələsinə qədəm qoymasına lazımi şərait yaradılıb”.

   Nazir müavini saytın forma və məzmunca yaxşı olduğunu, mütəmadi olaraq yeniləşməsinin vacibliyini bildirdi.

   Teatr Xadimləri İttifaqının üzvləri - professorlar Məryəm Əlizadə, İsrafil İsrafilov, İlham Rəhimli, Rafiq Əlizadə çıxış edərək saytla bağlı fikirlərini bildirdilər, onun fəaliyyətinə uğurlar dilədilər. Çıxışlardan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının yeni üzvlərinə vəsiqələr təqdim olundu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 5.