“Azərbaycan və
özbək xalqlarının mədəni və mənəvi
birliyi”
Nizami adına
Daşkənd Pedaqoji Universitetində dostluq gecəsi
Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyəti
Nizami Gəncəvi adına Daşkənd
Dövlət Pedaqoji Universitetində Özbəkistanın
müstəqilliyinin 22-ci ildönümü
ilə əlaqədar
“Azərbaycan və özbək xalqlarının
mədəni və mənəvi birliyi” adlı tədbir keçirib.
Tədbirdə
ölkəmizin Özbəkistandakı
səfiri Hüseyn Quliyev, səfirliyin və Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin əməkdaşları,
universitetin professor-müəllim
heyəti, tələbələr,
Azərbaycan diasporunun
üzvləri iştirak
ediblər.
Universitetin rektoru, Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyətinin
sədri Şavkat Şaripov çıxış
edərək iki xalqın dostluq və qardaşlıq əlaqələrinin tarixi
kökləri olduğunu
bildirib. Qeyd olunub
ki, universitet 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır
və bu fakt qardaşlığımızın
bariz nümunəsidir.
Səfir Hüseyn Quliyev
Özbəkistanın müstəqilliyinin
22-ci ildönümü münasibətilə
mərasim iştirakçılarını
təbrik edib, ölkələrimiz arasında
münasibətlərin yüksək
səviyyədə olduğunu
bildirib. Əməkdaşlığın bu səviyyəyə
çatmasında ulu öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun xüsusi xidmətləri olduğunu qeyd edib. Vurğulanıb ki, Özbəkistanla
dostluq əlaqələri
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Filologiya elmləri namizədi, dosent Gulbaxor Aşurova şair və yazıçılarımızın
dostluğundan danışıb,
böyük özbək
şairi Əlişir
Nəvainin dahi Nizami Gəncəvini özünə ustad hesab etdiyini, onun təsiri ilə “Xəmsə” yazdığını diqqətə
çatdırıb. O, Məhəmməd
Füzuli, İmadəddin
Nəsimi və digər klassik şairlərin, o cümlədən
müasir qələm
sahiblərinin Özbəkistanda
sevildiyini vurğulayıb.
Dostluq cəmiyyətinin icraçı
direktoru Erkin Nuriddinov, Heydər Əliyev adına
Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov, Azərbaycan diasporunun fəalı Almaz Məcidova və başqaları iki ölkə arasında əlaqələrin
inkişafından söz
açıblar.
Geniş konsert proqramı ilə davam
edən mərasimdə Azərbaycan və özbək
mahnıları ifa olunub.
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 6.