18 Sentyabr - Ulu mədəniyyətimizin
böyük yeni Olum günü...
Hə, həmin tarixçəni qədim mədəniyyətimizin - milli musiqimizin, teatral və qlobal səhnəyə çıxışımızın, yenicə qımıldanmaqda olan milli mətbuatımızın alov dilli publisistikasının şanlı Olum Uvertürası da adlandırmaq olar.
Bu şərti “uvertüra”nın sonuncu faktından - çox üsul-idarəsinin milli düşüncəli mətbu nümunələrimizi vaxtaşırı qapatması ilə əlaqədar, gənc Üzeyirin problematik felyetonlarının birindən bir takt:
“Xaricdə qəzet
bağlansa, camaat neyləyər? Biri deyər; vay, kor oldum, biri deyər;
vay, kar oldum, o biri deyər; vay, lal oldum! Bəs
bizdə bağlansa? Heç nə.
Bir məşədi digərinə deyər: məşədi,
pəs, şorumuzu nəyə büküb satacağıq?”
Həmin o şor “problem”lilərə
qahmar çıxan “yağ yazar”lar isə, bu kimi ictimai dərdlərimizə
yorulmadan qələm çalan bu azman publisistimiz haqda belə-belə
şeylər yazırdılar: “Bu “bəy”in yazıları kapitalizm
qoxuyur”. Bu əsilzadə bəy də - növbəti daha vacib
milli dərdlərimizi çözmək vaxtından kəsib,
sovet “abrazavoyskilərinə” bitkin bir əsər ampluasında
“ötəri” cavablar verməyə məcbur olurdu: “Pis
qoxulardan xilas olmağınız üçün, xahiş
edirəm, burnunuzu mənim yazılarıma
soxmayasınız”...
Canlı sənət akademiyası
Onun
davamçısı olan korifeylərimiz - Qara Qarayev “Üzeyir
Hacıbəyov böyük sənət kəhkəşanıdır”
deyib, Fikrət Əmirov “Üzeyir bəy bütöv bir
xalqdır!” söyləyib.
Hələ
sağlığında da onun haqqında ulu, dolu sözlər
deyilib. Cismən yoxluğunda - 65 ildir
keçirilən yubiley törənlərində, anım mərasimlərində
onun sənətkarlığından, alimliyindən,
publisistliyindən, ictimai xadimliyindən nələr
yazılmır, nələr danışılmır?! Müasirləri olmuş dünyalarca məşhurlardan
hansı biri ona heyranlığını bildirməyib,
hansı bəstəkar ondan bəhrələndiyini etiraf etməyib?!
Hətta sənətimizin oğrusu olanların nümayəndəsi
Aram Xaçaturyan etiraf etmişdir ki; “...mən, hətta,
“heç kəsdən heç bir not!” qərarı ilə
yazdığım “Spartak” və “Qayane” baletlərimə
sonradan qulaq asarkən hiss etdim ki, Üzeyir bəyin ilahi
taktlarından qaça bilməmişəm...”
O, iyirmi iki yaşında
yazdığı “Leyli və Məcnun” operası ilə qoca
Şərqi misli görünməmiş dərəcədə
cavanlaşdırdı. Şahanə
“Koroğlu”su ilə - tarixən döyüş
meydanlarında qəhrəmanlıq göstərmiş Azərbaycan
xalqının sənət qəhrəmanlığını
da sübuta yetirdi. Yalnız yaddaşlar
ümidinə qalmış mahnılarımızın əbədi
not “ədəbiyyatına” köçürülməsinin
bünövrəsini qoydu. Hər xanəndənin,
çalğıçının, hətta bəzən
hallı dinləyicinin məzaq-marağı ilə biri bir
neçə saat davam edən muğamlarımıza
elmi-metodoloji mizan-düzən verib, bitkin şöbələrə
ayırdı. Öz analitik məqalələri,
alovlu publisistikası ilə dövri mətbuatda baş
alıb gedən sxolastik pafos, yalançı millətçilik,
məhəlliçilik tendensiyasına qarşı bir
nümunə oldu. Möhtəşəm
ariya, romans və digər şedevrlərilə böyük
Bülbülləri, Rəşidləri bir boyda dünyəviləşdirdi.
Canlı librettolarına yazdığı
şanlı musiqi parçaları ilə ölkəmizin
adını dünya afişalarına yazdırdı. Bu
günlər - yaşının 100-ündə belə -
ümumdünya turunda olan “ağsaqqal” “Arşın mal alan”ı ilə analoqu olmayan məhəbbət-izdivac
“tacir”i, “Məşədi İbad”ı ilə aşiqlərin
“yaş senzi” məcəlləsini yaratdı. Öz
ustalıq-ustadlıq şöləsi, təkrarsız
imic-aurası ilə - sonralar “dünyanın musiqi fatehlərindən”
Qara Qarayev, “Amerika salonunu qocaman Şərq xəyalatına
daldıran” Fikrət Əmirov, “barmaqları ilə orkestrlərin
başı üzərində şimşəklər
çaxan” Niyazi, “SSRİ-nin bütün novatorlarından
novator” Tofiq Quliyev, “real məhəbbəti daha heyrətamiz
duyğularla əfsanəviləşdirən” Arif Məlikov
kimi nəhənglərə müəllimlik etdi.
Bütün bunlar onun sənət və
şəxsiyyət bioqrafiyasının yüzdə biri...
Bu dahiyanə obrazlar
ustadının bütöv obrazını yaratmaq asanmı?
Bu böyük sənət
kavalerimizə bəslənən sevgi Vətən məhəbbətinə
alternativ; heç kəsin heç kəsə
qısqanmadığı bir sevgi...
Bunlar onu - sevənlərinin
gözləri önündə canlandırmağa və mənim
“canlı sənət akademiyası” təşbeh-duamı aminləmələrinə
bəs edərmi, etməzmi? Bəsetməzlər
üçün bir qədər də -
Bəhsetmişlərdən...
Yadıma düşən
ilk bəhsçi universitet müəllimimiz rəhmətlik
Firudin Hüseynov.
Bu o dövr idi ki, dahi sənətkarımızın
vəfatından hələ iyirmi il
ötürdü. Mənim yaşımın, tələbəliyimin,
fanatlığımınsa o çağları idi ki, hətta
antik ədəbiyyat kitablarında belə “Ü” hərfi
görəndə dərhal göz yetirirdim ki, bəlkə
söhbət Üzeyir bəydən gedir...
Hərdən, sözarası,
“köhnə” müəllimlərdən də (xüsusilə
hər dəfə auditoriyalara - keçəcəyi
mövzulara uyğun qiyafədə daxil olan “Antik Əli
Sultanov” haqda) danışan Firudin müəllim günlərin
birində bizə düz bir qoşa saat bütöv bir sənət,
incəsənət həyatı yaşatdı. “Heç hənanın
yeridir?!”, “Babalı Sərvərin boynuna”, “Dəyərəm
min cavana”, “Tarix-Nadiri yarısınacan oxumuşam”, “Bir
abbası da ver” və s. kimi misallar gətirməklə, zaman
keçdikcə Üzeyir bəyin əksər kəlamlarının
zərb-məsələ çevrilərək konkret
situasiyaları ifadə edəcəyindən söhbət
açdı. Şərti olaraq “tələbə diapazonu”
adlandırdığı o dərsdə o müəllim həndəsə
elminin “yatsa yuxusuna da girməyən” bir ədəbiyyat - sənət
- publisistika üçbucağı yaratdı, bütün
nöqtələri Üzeyir bəydən başlayıb
Üzeyir bəydə tamamladı və lap sonda - bax-bax bu an sənət
və sənətkar haqda yaratdığı bu şifahi məhəbbət
dastanını layiqincə bitirə bilmirmiş (ya bəlkə
heç ümumən bitirmək istəmirmiş...)
ağrısı ilə dedi: “Üzeyir bəy
yaradıcılığı elə bir ümummilli sənət
çəmənzarıdır ki, hər qarışında
yeni bir çiçəyə, təzə bir gülə rast
gəlirsən!..”
Ötən əsrin yetmişinci
illərinin sonunda Qəzənfər Xalıqov imzalı bir
müəllif “Qobustan” dərgisində çap etdirdiyi irihəcmli
(“Üzeyir dünyası”) məqaləsində yazırdı
ki, Üzeyir bəyin vəfat etdiyi günlər İçərişəhərin
ahıl qadınları məhəllə-məhəllə
yığışaraq dizlərinə döyüb “Oğul
vay!” - deyə ağlaşırdılar...
Belə...
Ömrünü öz atası,
anası, qardaşı, bacısı, balası hesab etdiyi
xalqının yolunda gilə-gilə və təkrarsız
komediyalarına rəğmən gülə-gülə əritmiş
Üzeyir bəyi “yadlar” ağlayıb...
Bu məqamda sonsuz məhəbbətlər
hədəfi olmuş və əbədən olası bu sənət
atamızın sonsuzluğu ilə bağlı bir xatirəni də
xatırlamaq gərək. Bu minor xatirənin müəllifi
başdan-başa major Qara Qarayev! İldırım
xarakterli sənətkar o xatirəsini elə kövrək
notlarla yazıb ki, oxuyarkən hüzn özü də sənət
səviyyəsində təzahür edir. Çox
qısa variantda təqdim etməli olduğum o yazıda
söylənilir ki, bir gün bu xatirə müəllifi sənət
dostlarından biriylə Üzeyir bəyin evinə gedir.
Üzeyir bəy evdə yoxmuş, anası isə tez-tez balkona
çıxıb: “Ay Tanrı, bu uşaq harda qaldı?!” - deyə təlaş keçirirmiş. Bu ailənin övladı olmadığını
yaxşı bilən qonaqlar da ki, öz təəccüb-məətəlliklərində.
Nəhayət, gecə yarıya yaxın
Üzeyir bəy gəlib çıxır və ana “bu
xalqın ən böyüyünün üstünə
uşaq kimi acıqlanır”, “a bala, hardasan bu vaxtacan,
axşamdan bəri balkona çıxıb ah-vay eləməkdən
dilimə pay çıxıb” - deyə danlaqlar edir.
O vaxt o balkona çıxmaqdan
“yorulan” o ana hələ bilmirdi ki, 1948-ci ilin soyuq bir noyabr
günü öz sənətkar oğlu ilə vida mərasiminə
yığışmış xalqın bir neçə
üzvü misli görünməmiş izdiham sıxlığından
yana şikəst, o binanın damına
çıxmışlardan ikisi isə yıxılıb həlak
olacaq...
Amma o ana bunu bilirdi
ki, bu “tifil uşaq” sovet hakimiyyətinin ilk illərində
düz üç kərə ölümdən qurtulub. Bunun ikisi “güllələnmə dəftəri”ndəki
adı üzərindən Nəriman Nərimanovun karandaşla
çəkdiyi “x” işarəsi sayəsində baş tutub.
O ana bunu da bilirdi ki, oğluna
verilmiş xidməti maşın cəza motivi ilə geri
alındıqdan sonra Səməd Vurğun öz
sürücüsünə tapşırıbmış ki, hər
səhər gizlincə Üzeyir bəyi aparıb işə
qoyarsan, sonra qayıdıb məni...
Bunu isə dildən-ağızdan
eşidirdi ki, oğlu evdən işə, işdən evə
gedərkən Sabir bağındakı skamyalarda əyləşən
qocalar belə ayağa qalxıb ona təzim edir,
salamlayırlar...
Sənəd-xatirələrdən...
Ordan başlayaq ki, Qori Müəllimlər
Seminariyasını məlum qiymətlər və xasiyyətnamə
ilə bitirmiş, Şuşa kimi “təbii konservatoriya”da
böyüyüb yetişmiş bu gənci nəinki
“Allahu-Əkbər”in, hətta insanlığın bitib, erməniliyin
başladığı Dağlıq Qarabağın Hadrut
adlı ucqarına müəllim göndəribmişlər...
1937-də Moskvanın “Böyük
Teatr”ında “Koroğlu” operasına vurğunluğunu gizlədə
bilməyən Stalin əlini onun kürəyinə qoyaraq (bəlkə
özü haqda yazılmasına umsunaraq): “Daha bir belə
möhtəşəm opera yaza bilərsinizmi?” sualı ilə
bəlkə məşhur despot özünü, nəhayət,
həqiqətən də əbədiləşdirmək istəyirmiş?
Ona və Bülbülə “Moskvada qalıb
işləyərsizmi?” sualı ilə isə, bəlkə,
onların da axırına çıxmaq fikrini
güdürmüş?
Belə nəhəng
həqiqətin axırına çıxa bilmək
asanmı?! Yox: -
“18
sentyabr - Milli Musiqi Günü”
Dahimizlə
bağlı bu qərarın özü də dahiyanə bir əsər!
Obrazlılıq
xatirinə deyiliş sanılmasın bu, -
düşünülüb-verilmişcə anılsın.
Axı söz tək elə soy-şəcərəcə
yox, həm də böyük milli mədəniyyət bəyimizdən
gedir. Hər səhərimizi, hər
ümummilli tədbirimizi möhtəşəm “Himn”i ilə
açdığımız, əzəmətli
“uvertüra”sı ilə rövnəqləndirdiyimiz professional
musiqi banimizdən bəhs olunur.
Və onun böyük
ad-sanını, zəngin, universal irsini bütün parametrlərdə
dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev,
nəhayət, “adi” doğum gününü belə
qutlayıb “Milli Musiqi Günü” kimi qərar verməklə,
daha bir ümummilli əsər müəllifi oldu...
Tahir
Abbaslı
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 7.