“Arşın mal alan” Astana səhnəsində
Operetta TÜRKSOY-un təşkilatçılığı
ilə tamaşaya qoyulub
Qazaxıstanın
paytaxtı Astanada Azərbaycanın dahi bəstəkarı Üzeyir
Hacıbəylinin “Arşın
mal alan” operettasının 100 illiyi
və TÜRKSOY-un yaradılmasının
20 illiyi münasibətilə
bu ölməz əsərin təqdimatı
keçirilib.
TÜRKSOY-un təşkilatçılığı
ilə səhnələşdirilən
tamaşanın quruluşçu
rejissoru Azərbaycanın
Əməkdar incəsənət
xadimi, professor Alik Usubov, dirijorları Azərbaycanın Xalq artisti, professor Ağaverdi Paşayev və beynəlxalq müsabiqələr
laureatı Erlan Baktıqereydir.
Tamaşada Gülçöhrə rolunu
Əməkdar artist İnarə
Babayeva, Süleyman rolunu Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Tural Ağasıyev,
Soltan bəyi Azərbaycan Musiqili Teatrının solisti Nadir
Xasıyev, Cahan xalanı isə Dövlət Mahnı və Rəqs Ansamblının solisti Əsmət Həşimova
ifa edib. Digər rolları isə Türkiyə, Qazaxıstan
və Qırğızıstan
aktyorları oynayıblar.
Tamaşanı Qazaxıstanın Qaraqanda şəhərindəki
Akademik Xalq Çalğı Alətləri
Orkestri müşayiət
edib.
Tədbirdə
çıxış edən
Azərbaycanın Qazaxıstandakı
səfiri Zakir Həşimov “Arşın
mal alan” operettasının şöhrətindən
danışıb. Bildirilib ki,
100 yaşlı operetta indiyədək
dünyanın 100-dən çox
ölkəsində göstərilib.
TÜRKSOY-un
baş katibi Düsen Kaseinov bildirib ki, UNESCO 2011-ci ildə
“Arşın mal alan”
operettasının beynəlxalq səviyyədə qeyd olunmasını qərara alıb və dünya şöhrətli əsərin 100 illiyini yubileylər siyahısına daxil edib. O qeyd
edib ki, əsər TÜRKSOY-un təşkilatçılığı
ilə sentyabrın 17-də Parisdə nümayiş
olunub, 19-da isə Strasburqda
tamaşaçılara təqdim olunacaq.
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 9.