Muğamımız
Fransada səslənib
“Sözləri başa düşməsəm də, ecazkar musiqi məndə xoş təəssürat yaratdı”
Fransanın İl de Frans regionu tərəfindən 1976-cı ildən etibarən ənənəvi mahnı festivalı keçirilir.
Hər il sentyabrın 7-dən oktyabrın 13-dək davam edən festivalda fransız musiqisi ilə yanaşı, müxtəlif ölkələrin klassik və müasir musiqisi də səslənir. Builki festivalda fransız musiqisevərlərinə artıq yaxşı tanış olan görkəmli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı - Əməkdar artist Fərqanə Qasımova ölkəmizi təmsil ediblər.
Sentyabrın 15-də regionun Val d’Uaz departamentinin Sen-Tuan l’Omon şəhərindəki qədim abidəsində təşkil olunan konsertdə hər iki xanəndənin ifasında Azərbaycan muğamları və xalq mahnıları səslənib. Tamaşaçılar onların çıxışlarını sürəkli alqışlarla qarşılayıblar.
Tamaşaçılardan Kristin Bloşe konsertdən aldığı unudulmaz təəssüratı belə ifadə edib: “Ölkəniz barədə müəyyən məlumatım var. “Eurovision-2012” mahnı müsabiqəsindən bilirəm ki, möhtəşəm paytaxtınız Xəzər dənizinin sahilində yerləşir. Xalqınız zəngin tarixi mədəniyyət və incəsənətə malikdir. Bu gün eşitdiyim muğam musiqisi də məni valeh etdi. Mahir xanəndələrin ifasında səslənən muğamların sözlərini başa düşməsəm də, ecazkar musiqi məndə xoş təəssürat yaratdı. Qədim musiqi alətlərinin müşayiəti ilə muğama qulaq asanda özünü sanki sirli bir aləmdə hiss edirsən. Mən bir daha muğamata həvəslə qulaq asardım”.
Konserti fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və səfirliyin əməkdaşları, diasporumuzun təmsilçiləri izləyib.
Ölkəmizi
Fransada yaxından tanıtmaq istiqamətində
uğurlu fəaliyyət göstərən
“Azərbaycan evi”nin
üzvləri tərəfindən musiqi alətləri
və milli mətbəximizdən bəhs
edən kitabçalar, baş
yaylıqları nümayiş etdirilib, şirniyyat
nümunələrindən ibarət çay
süfrəsi təqdim olunub.
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 9.