“Nizamini
tanıdığıma görə Çingiz Aytmatova minnətdaram”
“Təəssüf ki, dünya bu
dahi şairi hələ də yaxşı tanımır. Ona
görə də Nizaminin əsərləri daha çox dillərə
tərcümə olunmalıdır. Bu həm də Azərbaycanın
dünyada tanıtımı üçün gözəl
imkandır”
Müasir dünyada Azərbaycanın dahi şairi Nizami irsinə maraq günü-gündən artmaqdadır. Böyük mütəfəkkirin səkkiz əsr öncə səsləndirdiyi fəlsəfi fikirlər, humanizm ideyaları mədəniyyət və sivilizasiyalar arasında dialoqun, cəmiyyətlərarası anlaşmanın gündəmə gəldiyi çağdaş zamanda xüsusilə aktuallıq kəsb edir. Bu günün kontekstində Nizami dühası yeni dəyər və qlobal mahiyyət qazanır. Sentyabrın 5-6-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə gerçəkləşən “Ali Səviyyədə Görüş”də də bu barədə söhbət açıldı.
Qeyd edək ki, tədbir dünyanın tanınmış ictimai qurumları, elm və mədəniyyət mərkəzləri təmsilçilərinin iştirakı ilə gələn il paytaxtımızda keçiriləcək “Birgə Cəmiyyətlər” Forumuna hazırlıq məqsədi daşıyırdı. Bakı görüşündə iştirak edən qonaqların sırasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin üzvü, Cenevrə Qlobal Humanitar Forumunun direktoru, UNESCO-nun Hökumətlərarası Media Komissiyasının keçmiş rəhbəri Ualter Föst (Walter Fust) də var idi. Onunla söhbət zamanı Nizami Gəncəvi irsindən söz açmaqla yanaşı, müasir dövrdə baş verən lokal münaqişələr və onların beynəlxalq mediada əksi məsələlərinə də toxunduq.
- Cənab Föst, bildiyim qədəri ilə Bakıya ilk səfəriniz deyil. Ölkəmiz barədə təəssüratınız necədir?
- Bakıya ilk dəfə hələ Azərbaycan SSRİ-nin tərkibində olarkən səfər etmişdim. Ölkəniz müstəqillik əldə etdikdən sonra isə buraya 15 dəfə gəlmişəm. Bu, ölkənizdəki dəyişiklikləri görməyə də imkan verir. Mədəniyyətlərin kəsişməsində yerləşən Azərbaycanda müxtəlif sivilizasiyalar bir-birinə qaynayıb-qarışıb. Ümumiyyətlə, bu ölkə fərqli sivilizasiyaları, mədəniyyətləri öyrənmək üçün heyrətamiz məkandır. Burada digər millətlərdən olan insanların sülh şəraitində yaşadıqlarını görmək gözəldir. Amma bununla yanaşı, Azərbaycanın üzləşdiyi ağır Dağlıq Qarabağ problemi var. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu konflikti unudublar.
- Yeri gəlmişkən, Bakı görüşündə müzakirə olunan mövzulardan biri də “Cənubi Qafqaz regionunda münaqişələr” idi. Bu konfliktlərin sülh yolu ilə həlli üçün nə etmək lazımdır? Ümumiyyətlə, bu problemlərin media vasitəsilə beynəlxalq aləmə çatdırılma mexanizmləri nədən ibarətdir?
- Bu, kompleks bir məsələdir. Burada bir sıra vacib məsələlər var. Beynəlxalq
hüquqa görə ərazi bütövlüyü ilə
bağlı BMT-nin qəbul etdiyi qətnamələr yerinə
yetirilmirsə, bu artıq hökumətlərin problemidir.
Beynəlxalq ictimaiyyətin isə
qavrayış problemi var. Məsələn, dünyada bu
konflikt haqqında nə qədər insan məlumatlıdır?
Əgər siz Qərbi Avropada 100 nəfərdən
soruşsanız, onlardan 90-nı bu haqda heç nə bilməyəcək.
Əsas məsələ də elə bundan ibarətdir: siz bu
konflikti beynəlxalq təşkilatların gündəliyinə
necə gətirə bilərsiniz? Burada
medianın da rolu danılmazdır. İndi
hər kəsin yeni media texnologiyaları, müşahidə
platformaları, konkret olaraq bilgilər əldə etmə
imkanları var. İnformasiya ilə də insanlar bilgi əldə
edə bilirlər. Baxın, dünyada nə
qədər ölkə konfliktə cəlb olunub. Əvvəllər Yuqoslaviya, Əfqanıstan, Koreyada
da belə münaqişələr var idi. Burada
həmişə bir prinsip mövcuddur - müharibə
iqtisadiyyatını sülh iqtisadiyyatına dəyişmək.
Məsələn, Dağlıq Qarabağ münaqişəsini
götürək: indi oralarda əksər ərazilər, demək
olar ki, boşdur, adam yaşamır. Lakin bu konfliktdən daha çox kimlərsə
faydalanır. Ona görə də
dünyaya müxtəlif dillərdə düzgün informasiya
vermək lazımdır. Əgər sən
təbliğat aparmasan, beynəlxalq ictimaiyyətin diqqəti
buna cəlb olunmayacaq. Bir çox
tarixçilər, hüquqşünaslar, jurnalistlər var ki,
onlar Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı platforma yarada bilərlər.
- Dünyada “informasiya müharibəsi”
deyilən bir anlayış mövcuddur. Məsələn,
götürək Ermənistan-Azərbaycan münaqişəsini.
Düşmən tərəf nəinki
işğal etdiyi ərazilərdəki abidələrimizi
dağıdır, milli-mənəvi dəyərlərimizi, mədəniyyət
nümunələrimizi belə özününküləşdirməkdən
çəkinmir. Dünyaya onları öz
mirası kimi təqdim edir. Buna münasibətiniz...
- Bunu informasiya müharibəsindən
daha çox təbliğat xarakterli, birtərəfli mövqe
ifadə edən informasiya kampaniyası kimi qiymətləndirsək
daha doğru olar. Bu, hökumətlər və
onlara aid qurumlar tərəfindən xüsusi təşkil
olunur. Onu da deyim ki, bəzi ölkələr
bu cür səhv informasiya kampaniyası üzündən
ayrı-seçkiliyə məruz qalır. Çünki belə informasiyalar
üçüncü dövlətlərin bu və ya digər
hadisəyə marağını azaldır. İnsanlar məzmunlu informasiyaya inanmalıdırlar.
Azərbaycan-Ermənistan
arasında münasibətlərə gəlincə, burada
informasiyanın düzgünlüyünü nəzərdən
keçirmək lazımdır. Əgər
söhbət mədəni identiklikdən gedirsə, burada da
xalqların prosesləri düzgün qavraması
lazımdır. Çünki bütün
tarix heç də bugünkü kimi olmayıb. O zaman
düşünmək lazımdır - bu informasiyanı necə
dərk etmək mümkündür. Məsələn,
dövrün şərtlərinə görə Nizami fars dilində yazib. Lakin o, azərbaycanlıdır,
Gəncədə doğulub, orada yaşayıb-yaradıb və
buna heç bir şübhə yoxdur. Sadəcə,
bu, gündəlik həyata bənzəyir və insanlar
bir-biriləri ilə yarışmağı, rəqabət
aparmağı sevirlər, mədəni dəyərlər də
bəzən bu rəqabətin predmetinə çevrilir. Mədəniyyətlə bağlı toqquşmalar
da lokal xarakter daşıyır. Biz məşhur
alimlər tanıyırıq ki, çoxlu kitablar yazıblar.
Amma onlara həmişə belə sual verilir - sən
hadisələri əhalinin nöqteyi-nəzərindən
görə bilirsənmi? Onların
maraqları nədir? Əlbəttə,
bunun özü də siyasətdir və onu səhv deyil,
doğru istiqamətə yönəltmək lazımdır.
Bu, gündəlik yemək hazırlamağa bənzəyir.
Yeməyin dadlı və ya dadsız
hazırlanması artıq cəmiyyətin, insanların,
hökumətlərin məsuliyyətidir.
- Belə olan halda yerli media necə
hərəkət etməlidir?
- Düşünürəm ki, bu
yenə də qavrayış məsələsidir. Ona görə ki, istər hökumət, istərsə
də müstəqil media obyektiv şəkildə öz
baxışlarını ifadə edə bilər. Lakin problem ondan ibarətdir ki, beynəlxalq media bir
mövzudan digərinə qaçır. Məsələn,
hazırda Dağlıq Qarabağla bağlı yeni informasiya
verilmir. Bu mövzu beynəlxalq medianın
diqqətindən kənarda qalıb. Ümumiyyətlə,
dünyada o qədər unudulmuş konfliktlər var ki...
Götürək Somalidə, Yuqoslaviyada baş verənləri.
Məsələn, ötən əsrin 90-cı illərində
Bosniya-Herseqovinada, Sarayevoda baş verənlər az sonra beynəlxalq ictimaiyyət tərəfindən
unuduldu. Mən o zaman beynəlxalq media
qurumlarına müraciət edərək “Bu hadisəni
medianın diqqətinə necə gətirmək olar”, - deyə
soruşdum. Mənə belə bir təklif etdilər:
Sarayevoda bir neçə hoteli bərpa et və
beynəlxalq medianı ora dəvət et. Onlar
öz gözləri ilə hadisələri görsün, sonra
da CNN, BBC kimi beynəlxalq televiziya kanallarında
işıqlandırsınlar. Bundan sonra təbliğat
maşını işə düşəcək və beynəlxalq
ictimaiyyət yenidən bu hadisələrdən
danışacaq. Təəssüf ki, siyasətçilərin
yaddaşı çox zəifdir, öz növbəsində
medianın yaddaşı ondan da zəif olur. Onlar yalnız özlərinə sərf edən məqamları
yadda saxlayırlar. Yerli media sadəcə
düşünməlidir ki, bu konflikti beynəlxalq aləmin
diqqətində saxlamaq üçün nə edə bilər.
Çünki ərazi
bütövlüyünün pozulması prinsipləri
çox böyük zorakılıqdır. Lakin bunu necə həll etmək olar? Bu artıq böyük problemdir.
- Bu gün əsərləri,
ideyaları ilə dünyada mədəni
barışığın simvolu kimi tanınan Nizami Gəncəvi
və onun yaradıcılığı ilə ilk
tanışlığınız necə oldu? Ümumiyyətlə,
sizi onun yaradıcılığında cəlb edən məqamlar
hansıdır?
- Mən Nizamini
tanıdığıma görə dünya şöhrətli
qırğız yazıçısı Çingiz Aytmatova
minnətdaram. Biz yaxın dost olmuşuq. Çingiz
Aytmatovun məşhur sevgi hekayəti olan “Cəmilə” əsərini
oxuyan zaman mənə bəlli oldu ki, müəllif onu yazarkən
Nizaminin “Leyli və Məcnun” poemasına istinad edib. Beləliklə, Nizami Gəncəvi ilə son dərəcə
yaxından maraqlanmağa başladım. Məni
ən çox cəlb edən isə bir məqam idi - axı
o, XII əsrdə insan fikirlərini, düşüncələrini
bu cür inanılmaz dərəcədə gözəl ifadə
edib heyrətamiz əsərləri necə yarada bilərdi?
Nizami ilə bağlı daha çox maraqlı
məqamları aşkar etməyə
çalışıram. O, öz düşüncələri
ilə o zamankı Qərbi Avropa düşüncələrindən
də irəli gedib. Nizaminin
yaradıcılığı Qərbi Avropada Renessans
dövründən üç əsr əvvələ təsadüf
edir. Dünya mədəniyyətinin əfsanəsi,
ən dəyərli əsərlərin yaradıcısı
olan Nizami Gəncəvi təkcə Azərbaycan ədəbiyyatının
deyil, eyni zamanda, dünya ədəbiyyatının
inkişafında böyük rol oynayıb. Şairin
yaradıcılığı bütün parametrlərinə görə
- istər ideya-tematik, istər bədii-estetik, istərsə də
bir çox Şərq xalqları, o cümlədən fars, türk, urdu, hind, tacik xalqlarının ədəbiyyatlarına
təsiri baxımından bəşər tarixində qlobal
hadisədir. Təsadüfi deyil ki, Nizaminin əsərlərinə
500-dək nəzirə yazılıb. Humanist
ideyalar carçısı Nizami Gəncəvinin
yaradıcılığında Şərq və antik ədəbi,
fəlsəfi və mədəni dəyərlər üzvi
şəkildə sintez olunub. Mənim bu
barədə növbəti məqaləm “Nizami dünyaya necə
təsir edib?” adlanır.
- Nizaminin əsərlərini
dünyaya yaymaqdan, beynəlxalq ədəbi aləmə daha
geniş tanıtmaqdan ötrü nə etmək
lazımdır?
- Öz dövrünün
tanınmış şairi olan Nizaminin özəlliyi həm də
ondan ibarət idi ki, o, saray şairi olmayıb. Təəssüf
ki, dünya bu dahi şairi hələ də yaxşı
tanımır. Ona görə də
Nizaminin əsərləri daha çox dillərə tərcümə
olunmalıdır. Bu həm də Azərbaycanın
dünyada tanıtımı üçün gözəl
imkandır. Öz əsərlərində
bütün mədəniyyətlərə hörmət edən
Nizaminin gözəl təhsilə malik insan olması ortaya
çıxır. Əgər onun əsərlərinə
yazılan 500-dək nəzirə də bir yerə toplanıb
müxtəlif dillərə tərcümə olunarsa, Şərq-Qərb
dialoqu daha yaxşı qurulmuş olar.
- Sizcə, bu gün qloballaşma və
mədəniyyətlərin dialoqu özündə nəyi
ehtiva edir?
- Qloballaşmanın müxtəlif növləri var. İnformasiya-kommunikasiya texnologiyaları sayəsində qloballaşma fərdi olaraq da çox şeylər gətirdi. İndi insanların qlobal düşünmə, qavrama imkanları olsa da, lokal hərəkət edirlər. Əlbəttə, bu həm də lokal konfliktlərin həllinə kömək edər. Nizami də öz əsərlərində insanların bir araya gəlməsinin mümkünlüyünü göstərirdi. Yəni insanlar arasında mədəni dialoq vacibdir. Mədəni dialoq qarşılıqlı təcrübə mübadiləsi deməkdir. Əlbəttə, hər şey qarşılıqlı tanımadan, hörmətdən başlayır.
Mehparə
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 10.