“Ailə olaraq musiqimizi təbliğ
etmək bizim üçün
fəxrdir”
“Bir ailənin iki üzvü musiqi
ilə məşğul olarsa, inanmıram, o ailədə
problem, söz-söhbət ola”
Ailə qədim ənənələrin, nəsillərin təcrübəsinin qoruyucusu, ötürücüsüdür. Ailə həm də kiçik dövlətdir. Sağlam ailə isə güclü dövlətin təməlidir. Bu gün ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz var. Onlardan biri də Oğuz rayonunda yaşayan Salahovlar ailəsidir. Bu ailə eyni zamanda “Oğuz” ailə ansamblı kimi tanınır.
Salahovlar musiqiyə bağlı ailədir. Ailənin başçısı Əşrəf Salahov ansamblın yaradılması haqqında danışır: “Musiqiyə bağlı nəsilik. Uşaqların hamısı musiqi ilə, xalq mahnıları ilə böyüyürlər. Atamız musiqini çox sevərdi. Xüsusilə xalq mahnılarını kamançada məharətlə ifa edərdi. Əmim isə zurna ifaçısı idi. Uşaq yaşlarımdan ailə üzvlərimizin el şənliklərində tez-tez iştirakının şahidi olurdum. 1950-60-cı illərdə bizdə klub yox idi. İşdən sonra ailəliklə toplanaraq evimizdə, həyətimizdə musiqi ilə məşğul olardıq.
1978-80-ci illərdə Bakı Mədəni- Maarif Məktəbində təhsil alıb doğulduğum Dəymədərə kəndinə qayıtdım. 1972-ci ildə klub müdiri kimi fəaliyyətə başladım.
1985-ci ildə qərara gəldim ki, ailə ansamblı yaradım və imkanımız daxilində milli musiqimizi təbliğ edək. O vaxt bir çox bölgəmizdə ailə ansamblları fəaliyyət göstərirdi və biz də onları həvəslə izləyirdik. Tədricən professionallığımızı artırıb müxtəlif tədbirlərə qatıldıq”.
Böyük səhnələrə doğru
1989-cu ildə IV Ümumittifaq Xalq Yaradıcılığı Festivalı Azərbaycanda keçiriləndə ailə ansambllarının fəaliyyətinə də baxış olur. Əşrəf Salahov deyir ki, həmin il “Oğuz” ailə ansamblı SSRİ miqyasında zona baxışlarından uğurla keçib geniş ictimaiyyət qarşısında iştirak etmək imkanı qazanır: “Respublika Sarayında görkəmli musiqiçilərin qarşısında seçim oldu. Bizim kollektiv qalib kimi yekun konsertə dəvət aldı. 100-ə qədər kollektivin içərisindən 15 kollektiv seçildi. Bizdən doğum haqqında şəhadətnamələrimizi tələb etdilər. Gördülər ki, bütün üzvlərimiz bir ailədəndir. Ansamblın kiçik yaşlı üzvlərindən 5 yaşlı oğlum Tərlan və 6 yaşlı Samir də konsertdə iştirak edirdi. Digər ailə üzvlərimiz də müxtəlif musiqi alətlərində ifa etdilər, xalq mahnılarını oxudular. İfamız maraqla qarşılandı və nəticədə laureat olduq. Novruz bayramı ərəfəsində yekun konsert keçirildi və bütün ifalar canlı olaraq televiziya vasitəsilə yayımlandı”.
Milli musiqiyə bağlılıq
“Oğuz” ailə ansamblının repertuarında əsasən xalq musiqiləri, muğamlar, təsniflər yer alıb. 1992-1994-cü illərdə ansambl fəaliyyətini dayandırsa da, sonradan ailə ansamblı olaraq məşqlərini davam etdiriblər: “SSRİ dağılandan sonra keçmiş ittifaq ərazisində bir çox ailə ansamblları fəaliyyətini dayandırdı. Sonra düşündük ki, bir ansambl mədəniyyətimizin, musiqimizin təbliği ilə məşğuldursa, niyə fəaliyyət göstərməsin?”
Salahovlar ailəsi ansambl olaraq ölkəmizdə hər il keçirilən bayram tədbirlərində, müxtəlif şənliklərdə fəal iştirak edir. Əşrəf Salahov deyir ki, 2008-ci ildən etibarən ölkəmizdə ailə bayramlarının təşkil edilməsi və bunun bir ənənə halını alması təqdir olunmalıdır. Burada nümunəvi ailələr ictimaiyyətə təqdim olunur, onların uğurları, bacarıqları sərgilənir. İlk olaraq ulu öndər Heydər Əliyevin 85 illiyi münasibətilə 2008-ci ildə Şamaxıda ailə bayramı keçirilib.
Ailə bayramları hər il müxtəlif rayonlarda təşkil olunur. Bu il Şəkidə keçirilən bayram ümummilli liderin 90 illik yubileyinə həsr olunub. Bu tədbirlərin əsas əhəmiyyəti milli ailə ənənələrinin yaşadılması olsa da, bir üstünlüyü də ölkənin müxtəlif bölgələrində yaşayan ailələrin bir-biri ilə tanışlığı, bir-birinin təcrübələrini öyrənmələridir. Respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən ailə ansambllarının təqdim etdikləri mahnı və rəqslər, muğam parçaları, aşıq musiqisi bayram iştirakçılarında xoş ovqat yaradıb.
58 yaşlı Əşrəf Salahov Oğuz rayonunun Dəymədərə kəndində klub müdiri işləyir. Paralel olaraq ansambla da rəhbərlik edir. Tez-tez müxtəlif televiziya proqramlarında çıxış edirlər. Müsahibim deyir ki, musiqi ailədə sevgini artırır, dostluğu, hörməti, bağlılığı dərinləşdirir: “Bir ailənin iki üzvü musiqi ilə məşğul olarsa, inanmıram o ailədə problem, söz-söhbət ola. Fəaliyyətimizin kökündə milli musiqi dayanır. Xalq mahnılarını, muğamları, xalq rəqslərini, aşıq mahnılarını sevə-sevə təbliğ edirik. Musiqi bizim canımızda, qanımızdadır. Bir ailə olaraq musiqimizi təbliğ etmək bizim üçün fəxrdir”.
Hazırda ansamblın
10-dan artıq üzvü
var. Onlardan Tərlan Salahov tar ixtisası üzrə təhsil alıb, Mingəçevir
İncəsənət Məktəbində
tar müəllimi işləyir.
Ansamblın konsertmeysteridir. Mədəniyyət və Turizm
Nazirliyinin yeniyetmə
və gənclərlə
bağlı layihələrində
iştirak edərək
bir neçə dəfə fərqlənib.
Yaşar
və Araz Salahovlar zərb alətlərində ifa edirlər. Ansamblın xanım üzvləri
rəqs nömrələrində
çıxış edirlər.
Müsahibim ölkəmizdə ailə kollektivlərinin ayrıca festivalının keçirilməsini arzulayır: “Ailə bayramlarının keçirilməsi müsbət haldır. 6 ildir ardıcıl olaraq müxtəlif bölgələrdə çıxışlar edirik. Bizim kimi kollektivlərin iştirakı ilə festival təşkil olunarsa, ailələr öz ənənələrini daha yaxşı yaşadar, öz bacarıqlarını geniş ictimaiyyət qarşısında sərgiləyə bilərlər. İnsanlara ailə kollektivlərinin çıxışları maraqlıdır. Festival ailə kollektivlərinə geniş meydan ola bilər. Bu, ölkəmizə gələn əcnəbilərin də diqqətini cəlb edər”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 11.