Musiqi mədəniyyətimizin təbliğində
mühüm vasitədir
Xəbər verdiyimiz kimi, istedadlı bəstəkar Rüfət Xəlilov 27-30 avqust tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində beynəlxalq müasir musiqi festivalında (Tempora Internation Meeting-2013) iştirak edib. Rüfət Xəlilov 2004-2005-ci illərdə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü ilə bəstəkar Didier Makın sinfində təcrübə keçib, ötən müddətdə müxtəlif beynəlxalq festival və müsabiqələrin iştirakçısı olub, ABŞ-da keçirilmiş “Music+Culture-2009” festivalında II yerə layiq görülüb. “Heyratı” simfonik rapsodiyasının və bir sıra kamera əsərlərinin müəllifidir. Bolqarıstan səfərindən qayıtdıqdan sonra bəstəkarla görüşüb təəssüratlarını öyrəndik, yaradıcılıq planları barədə danışdıq.
- Rüfət müəllim, öncə Sofiyadakı beynəlxalq musiqi festivalı barədə danışaq...
- Əvvəla,
festivalda iştirakıma dəstək
verdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə öz dərin
minnətdarlığımı bildirirəm. Sofiya
festivalının indiyədək iştirak
etdiyim digər tədbirlərdən fərqi
ondan ibarət idi ki, burada
iştirakçılar tam sərbəst
surətdə öz yaradıcı işlərini
dinləyicilərə çatdıra bilirdilər. Fransanın “Tempora”
Müasir Musiqi Assosiasiyası bir neçə il
əvvəl yaranıb.
“Tempora” italyancadan
tərcümədə “vaxt”
yaxud “indi” mənalarını verir və hazırda dünyada baş verən qlobal dəyişikliklərin musiqidə
ifadəsinə xarakterikdir.
Təşkilatın prezidenti, bəstəkar
Didier Mak və xanımı Aleksandra Foldur.
Onların məqsədi
dünyada, xüsusilə
də Asiya ölkələrindən olan
bəstəkar və ifaçıları hər
il müxtəlif
şəhərlərdə keçirilən bu tədbirə dəvət
etməkdir. Festivalın fərqli ölkələrdə
keçirilməsində məqsəd
digər millətlərin
xalq çalğı
alətlərini, folklor
musiqisini təbliğ
etməkdir. Sofiya festivalında
əsasən Fransa, İspaniya, İtaliya, Yaponiya və Almaniyadan olan bəstəkar və ifaçılar iştirak
edirdilər.
Musiqiçilər çox maraqlı
ideyalarla çıxışlar
etdilər. Fransalı bəstəkar
Rolin Etienin “Səs rəngləri” layihəsini xüsusi qeyd etmək istərdim. Belə ki, struktur cəhətdən improvizasiya
janrında qurulmuş
və teatrallaşdırılmış
bu əsər kainatın abstrakt obrazlarının bir təzahürü kimi ifadə olunmuşdu.
Ümumiyyətlə, bu tədbirin
əsas mahiyyətindən
biri də ifaçı-bəstəkarlar arasında
təcrübələr aparmaq
idi. Digər ölkələrdən fərqli olaraq ilk dəfə iştirak etdiyimə görə məruzəmi Azərbaycan
musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin həyat
və yaradıcılığına,
eyni zamanda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına həsr etdim. Ayrılan bir saat ərzində bəstəkarın
“Cəngi” əsəri,
həmçinin Üzeyir
bəy nəslinin nümayəndəsi, bəstəkar
İsmayıl Hacıbəyovun
“Cəngi” fortepiano və
orkestr üçün
rapsodiyası haqqında
məlumatı videomaterial
şəklində təqdim
etdim. Festivalın
sonuncu günündə
tədbir iştirakçılarının
əsərlərindən ibarət
Lyubomir Pipkov adına musiqi
kollecinin böyük salonunda konsert keçirildi və mən fortepiano üçün
yazdığım “Sonatina”nı
ifa etdim.
- Festivalda maraqlı təkliflər səsləndimi?
- “Tempora”
Müasir Musiqi Assosiasiyasının prezidenti,
bəstəkar Didier Mak
dəyirmi masa arxasında müzakirə
zamanı bir necə ildən sonra bu tədbirin
Bakıda keçirilməsini
təklif etdi. Təbii ki, belə bir
layihənin Bakıda keçirilməsi bizim musiqi aləmi üçün maraqlı
olardı.
- Tələbəsi
olduğunuz tanınmış
bəstəkar İsmayıl
Hacıbəyovu necə
xatırlayırsınız?
- Dahi
Üzeyir Hacıbəyli
və Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin
təməlini qoyublar.
Arif Məlikov, Fərəc Qarayev, İsmayıl Hacıbəyov kimi məşhur bəstəkarlar
bu məktəbin yetirmələridir. İsmayıl Hacıbəyov xalqını,
vətənini ürəkdən
sevən insan idi. O, Azərbaycan musiqisində neoklassisizm üslubunun banisidir. Təbiətcə çox zarafatcıl,
eyni zamanda yaradıcılıqda ciddi
idi. Yüksək intellektə və
dünyagörüşünə malik olan İsmayıl
Hacıbəyov sinifdə
tələbələrə D.Şostakoviç, U.Folkner,
A.Kamyu haqqında danışardı. Təəssüf ki, dünyasını vaxtsız dəyişdi.
İstedadlı bəstəkar hələ
gənc yaşlarında
məşhur “Cəngi”
rapsodiyasını, “Memorial” kantatasını bəstələmişdir.
Hazırda onun əsərlərini
tanınmış pianoçumuz
Ülviyyə Hacıbəyova
yüksək səviyyədə
təbliğ edir.
Mən müəllimim haqqında
danışarkən onun
10 ildən çox üzərində işlədiyi,
Ü.Hacıbəylinin “Firuzə”
ariyası əsasında
yaratdığı operanı
qeyd etmək istərdim. Ancaq, bəstəkarın vəfatından
7 il keçməsinə
baxmayaraq, 500 səhifəlik
bu əsər səhnə həyatı qazanmayıb. Mən inanıram ki,
vaxt gələcək
bu opera Azərbaycan musiqi mədəniyyəti
tarixində dəyərli
bir sənət əsəri kimi layiq olduğu yeri tutacaq.
- Bir bəstəkar kimi bugünkü Azərbaycan
musiqinin vəziyyətini
necə xarakterizə edərdiniz?
- Bəşəriyyət
sürətli inkişaf
dövrünü yaşayır.
İndi
internet, mobil rabitə
böyük informasiya
və əlaqə vasitəsidir. Əgər
1960-1970-ci illərdə bəstəkarlar
hər hansı Avropa və ya Amerika bəstəkarlarının
partituralarını, yaxud
lent yazılarını çətinliklə
tapırdılarsa, indi
bunları əldə
etmək çox asandır. Xatırlayıram,
müəllimlərimiz bizə
danışırdılar ki,
70-ci illərdə “Yeni
Vyana Məktəbi”nin nümayəndələri
olan A.Şönberq, A.Berq, A.Vebernin əsərlərini çətinliklə
tapır, əldə edəndə də çox böyük həvəslə dinləyib
ifa edirdik. Deyərdim, bu gün “dəyərlərin
yenidən qiymətləndirilməsi”,
yəni yeninin köhnə sistem üzərində qurulması
prosesi baş verir. Bəstəkarların ifaçılara ehtiyacı var. Hazırda yeni ifaçıların,
bir çox simli kvartet və
ansamblların səviyyəsi
müasir tələblərə
cavab vermir. Bəstəkarlar öz əsərlərini
eşitməlidirlər.
- Yeni əsərlər üzərində
işləyirsinizmi? Gələcək planlarınız haqqında
nə deyərdiniz?
- Bu yaxınlarda
böyük simfonik orkestr üçün yeni əsərimi tamamladım. Ümid edirəm yaxın
vaxtlarda ifa olunacaq. Gələcək planlarım haqda
onu deyim ki, qatıldığım
festivaldan növbəti
dəvət almışam.
Gələn il
festival yenidən Fransanın
Bordo şəhərində
keçiriləcək. İstərdim, burada bizim musiqini
daha da yaxından
təbliğ edim.
Muğam
üçlüyümüz və Azərbaycan bəstəkarlıq məktəbinin
nümayəndələrinin əsərləri haqqında
məruzə etməyi
düşünürəm.
Lalə
Azəri
Mədəniyyət.- 2013.- 18 sentyabr.-
S. 12.