İpək Yolu üzərində mədəniyyət körpüsü
Türk Dünyası Bələdiyyələr Birliyi və İstanbul Böyük Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “İstanbul-Gyeongju Dünya Kültür Expo 2013” sərgisi keçirilir. Sərgidə tarixi İpək Yolu üzərində yerləşən 14 türkdilli ölkə, habelə Cənubi Koreya iştirak edir.
Ölkəmiz bu beynəlxalq mədəniyyət tədbirində Abşeron rayonu Bələdiyyələr Şurasının təşəbbüsü ilə 5 nəfərdən ibarət heyətlə təmsil olunur. Bu barədə məlumat verən Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov bildirdi ki, tədbirdə Azərbaycan mədəniyyəti, xalçaları, dekorativ-tətbiqi sənət nümunələri sərgilənib. İştirakçılar xalça toxuma prosesi ilə əyani tanış olmaq imkanı da qazanıblar.
Türkiyənin İstanbul və Cənubi Koreyanın Gyeongju şəhər bələdiyyələrinin “Yol-Görüşmə-Birlik” şüarı ilə hazırladıqları layihənin məqsədi siyasi, mədəni və ticari anlamda xalqları bir-birinə daha da yaxınlaşdırmaqdır.
Sərgidə hər bir ölkəyə 12 kvadratmetr sahə ayrılıb. Ölkələr öz mədəniyyətlərini, musiqilərini nümayiş etdiriblər. Azərbaycandan olan nümayəndə heyəti tərəfindən iştirakçılara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan və ölkəmizin turizm potensialını əks etdirən nəşrlər, buklet və müxtəlif çap məhsulları paylanıb.
31 avqustdan başlanan “İstanbul-Gyeongju Dünya Kültür Expo 2013” sərgisi sentyarın 22-də başa çatacaq.
Ceyhun
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 12.