Qafqaz İslam Ordusu və Bakının azad edilməsi”

 

Milli Azərbaycan Tarixi Muzeyində sərgi

  

   Sentyabrın 16-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Bakının erməni-daşnak bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuşQafqaz İslam Ordusu Bakının azad edilməsimövzusunda sərgi açılıb.  

   Muzeyin Türkiyənin ölkəmizdəki səfirliyi, Bakıdakı Yunus İmrə adına Türk Mədəniyyət Mərkəzi ilə birgə hazırladığı sərginin açılışında Milli Məclisin üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tarixçi alimlər, tədqiqatçılar iştirak ediblər.

   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun yaradılmasından və müzəffər yürüş tarixindən danışıb. 1918-ci il sentyabrın 16-da Bakının azad edilməsi münasibətilə türk-Azərbaycan hərbi hissələrinin şanlı paradının keçirildiyini vurğulayıb. Qeyd olunub ki, bu tarix bizim üçün böyük fəxarət mənbəyidir. Direktor təqdim olunan sərginin türk birliyini təcəssüm etdirdiyini diqqətə çatdırıb.

   Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun 95 il əvvəl türk və Azərbaycan ordusunun çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiyini söyləyib. Səfir Osmanlı imperiyasının ağır dövrü olmasına baxmayaraq öz qardaşlıq borcunu yerinə yetirdiyini, Azərbaycan Xalq Cümhuriyyətinə kömək etmək məqsədilə Qafqaz İslam Ordusu yaradıldığını deyib: “Bu fədakarlıqları gələcək nəsillərə ötürmək və dünyaya bəyan etmək borcumuzdur”.

   Xalq şairi Nəriman Həsənzadə 2009-cu ildə Nuru Paşa haqqında poema yazdığını vurğulayaraq əsərdən bir parça söyləyib.

   Tarixçi alim Nəsiman Yaqublu Qafqaz İslam Ordusunun Gəncədən Bakıya zəfər yürüşünü ardıcıllıqla diqqətə çatdırıb. Sonra o, müəllifi olduğuQafqaz İslam Ordusu Azərbaycanda” kitabını təqdim edib.

   Digər çıxış edənlər də daşnakların və bolşeviklərin Azərbaycan ərazisində törətdikləri soyqırımından, Qafqaz İslam Ordusunun xidmətlərindən danışıblar. Sonra sərgiyə baxış olub. Sərgidə Qafqaz İslam Ordusunun kəşməkəşli, lakin şərəfli, xilaskar yürüşünü əks etdirən 100-ə yaxın eksponat nümayiş olunur.

   Ekspozisiyada 1917-ci ilin noyabrından 1918-ci ilin sentyabrınadək Azərbaycanda baş vermiş hadisələr əks olunub. Sərgi oktyabrın 16-dək davam edəcək.

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 15.