Bəstəkarın
yubiley konserti
Dekabrın 28-də G.Şaroyev adına 35 saylı musiqi
məktəbinin böyük zalında Bəstəkarlar
İttifaqının katibi, Əməkdar incəsənət
xadimi Sərdar Fərəcovun anadan olmasının 55 illiyinə
həsr olunmuş yubiley konserti keçirildi.
Bakı şəhəri Niyazi
adına 22 saylı musiqi məktəbinin kollektivi tərəfindən
təşkil edilən tədbiri məktəbin direktoru, Əməkdar
müəllim Natiq Əliyev açaraq
iştirakçılara bəstəkarın həyat və
yaradıcılığı haqda məlumat verdi.
Xalq artisti, görkəmli bəstəkar
Xəyyam Mirzəzadə vaxtilə tələbəsi olmuş
Sərdar Fərəcovu təbrik etdi, ona yaradıcılıq
uğurları arzuladı. Bəstəkarlar
İttifaqının katibi, professor Zemfira Qafarova, Xalq artisti,
tanınmış bəstəkar Musa Mirzəyev, şair Fəxrəddin
Ziya çıxış edərək Sərdar Fərəcovun
yaradıcılığından söhbət açdılar,
ona gələcək işlərində uğurlar dilədilər.
Sonra söz musiqiyə verildi. Məktəbin
aşağı sinif şagirdlərindən ibarət xoru
“Qış nağılı” adlı səhnələşdirilmiş
musiqili kompozisiyanı ifa etdi. Xorun rəhbəri İlahə
Ağayeva və konsertmeyster Gülnar Məmmədova bu
kompozisiyanın çox uğurlu alınmasına nail ola
bilmişdilər. Bəstəkarın “Salon valsı”nı
fortepianoda Səmayə Rəhimova ifa etdi. Gənc tarzən
Ülfət Həsənli isə “Rondoletto”nu səsləndirdi.
Ləman Hüseynovanın fortepianoda ifa etdiyi vals “Reqtaym”, 5-ci
sinif şagirdi, respublika müsabiqəsi laureatı Məhbubə
Hacıyevanın (kamança) ifasında “Şərq
bazarı”, Gülnar Məmmədova və Ləman
Hüseynovanın fortepianoda ifa etdikləri “Rəqs” də
tamaşaçıların ürəyincə oldu. Müəllifin
müşayiəti ilə gənc vokalist Elyar Əliyevin ifa
etdiyi “Ana yurdum, Azərbaycan” mahnısı (sözləri Fəxrəddin
Ziyanındır) alqışlarla qarşılandı.
Daha sonra bəstəkarın “Zərif
vals”, “Ekspromt” əsərləri səsləndi. Respublika
müsabiqələri laureatı İlkin Əhmədov tarda Sərdar
Fərəcovun “Qarabağ” əsərini ifa etdi. Qeyd edək
ki, İlkin Əhmədovun müəllimi tanınmış
tarzən Nadir Babayevdir. Respublika müsabiqəsi laureatı
Nigar Vəliyeva (skripka) və Leyla Əliyeva (fortepiano) bəstəkarın
“Skertso”, “Sentimental vals”, “Ulduzlu gecələr” əsərlərini
səsləndirdilər. Sonda isə tamaşaçılara
fortepiano dueti təqdim olundu. Leyla Əliyeva və Aynur Xəlilova
bəstəkarın yazdığı “Marş”ı ifa etdilər.
Bu musiqi əsəri də çox uğurla səsləndirildi.
Tədbirin sonunda yubilyar səhnəyə
dəvət olundu, o, tədbir iştirakçılarına təşəkkürünü
bildirdi, onlarla xatirə şəkilləri çəkdirdi.
Gülnarə Çingizqızı,
Üzeyir Hacıbəylinin ev-muzeyinin
ekspozisiya
və kütləvi işlər
şöbəsinin
müdiri
Mədəniyyət.-
2013.- 9 yanvar.- S. 15.