Bir şair ömrünün
üfüqləri
Əslən Cənubi
Azərbaycandan olan, tarixin
gərdişi, taleyin hökmü
ilə bu taydan o taya, o
taydan bu taya köç edərək
kəşməkəşli ömür sürmüş sənətkarlarımızdan
söz düşəndə görkəmli
şair Əli Tudə də
xatırlanır. O, ömrü boyu azadlıq duyğuları, yurd
həsrəti ilə yaşayıb-yaradıb. Gənclik illərindən
həyatı qaçaqaç-qovhaqovda, qadağalarda keçir.
Ağır mühacir ömrü
yaşayır. Bu ömür
yolunu o özü "həyat imtahanı"
adlandırırdı.
Onun həyatı, yaradıcılığı ilə tanış olarkən hiss edirsən ki, parçalanmış Azərbaycanın taleyini öz mühacir ömründə, bəlkə də, onun qədər nisgilli, iztirablı yaşayan olmayıb. O, zamanın ən çətin sınaqlarına düçar olub. Rüzigarın ən kiçik sevincinə belə həsrət qalıb. Dünyaya göz açdığı gündən ağır imtahanlara çəkilib. Elə bil həsrət sözü onun tale yazısı olub.
Əli Tudənin çoxşaxəli yaradıcılığında Cənub mövzusu parlaq şəkildə əksini tapıb. "Arazın o tayında", "Yaralanmış nəğmələr", "Mehabadlı tələbə", "Hicran yolu", "Çanaxbulaq dastanı", "Əbədi nisgil", "Gecikmiş vüsal", "Ayrılmış sahillər" və başqa poemaları bu qəbildəndir. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı, şairin demokratik ruhlu azadlıq arzuları da həmin əsərlərin əsas qayəsini təşkil edir. Canlı həyat, sadə danışıq tərzi, təmiz dil və anlaşıqlı üslub Əli Tudə yaradıcılığının gözəl məziyyətləridir. Əsərlərinin ilham mənbəyi şifahi xalq ədəbiyyatı və milli-mənəvi dəyərlər olub.
Əli Tudə əslən Ərdəbilin Çanaxbulaq kəndindəndir. Bu ailə ötən əsrin əvvəllərində Şimali Azərbaycana köçüb. Əli 1924-cü ildə Bakıda anadan olub. Bir yaşında ikən atası, beş yaşında ikən anası dünyasını dəyişir. O, nənəsinin himayəsində qalır. Ancaq xalq məsəlində deyildiyi kimi, “tale bir tərəfdən bağlayanda, o biri tərəfdən açır”. Allah heç nəyi əvəzsiz qoymur. Bu mənada tale Əliyə bu yetimliyin, itkilərin əvəzində həyata vəsiqə kimi böyük bir istedad bəxş edir. Əli erkən çağlardan - 13 yaşında ədəbiyyat dərnəyinin üzvü olur. Şeirləri almanaxda dərc olunur. Müəllimləri onun istedadına heyran qalır. Hesab edirlər ki, gələcəkdə poeziya aləmində yeni bir ulduz parlayacaq...
Amma taleyin üzü yenə dönür. Zavallı yeniyetmə
yenidən çöllərə
düşür. 1938-ci
ildə o, Cənubi Azərbaycan mənşəli
olduğundan sovet Azərbaycanını tərk
etməli olur. Təzəcə isinişdiyi məktəbdən,
üz-gözü öyrəşdiyi
yoldaşlarından ayrı
düşür. Ağır həyat
tərzi yaşayır.
1940-cı ildə Cənubi Azərbaycanda azadlıq hərəkatı
başlayır. O da
inqilabi hərəkata
qoşulur. Bütün varlığını və istedadını bu mübarizəyə həsr edir. Milli ruhlu şeirlər yazır və xalqı istiqlala çağırır.
12 dekabr 1945-ci il tarixdə
Cənubi Azərbaycanda
milli hökumət qurulur. Həmin dövrdə Maarif
Nazirliyində şöbə
müdiri işləyir.
“Ana dili” kitabının
tərtibi və çap olunmasında fəal iştirak edir. Sonra Təbrizdə filarmoniya
yaradılır. O, Cənubi
Azərbaycanın şəhər
və kəndlərini
mahal-mahal, kəndbəkənd
gəzərək istedadlı
gəncləri bu mədəniyyət ocağına
cəlb edir. Yaradıcılığını, yüksək əqidəsini
və mütərəqqi
fikirlərini mübarizə
yolunda məşələ
çevirir.
Onun bu zəhməti
hədər getmir.
Təbrizin şairlər məclisində
ona Tudə - yəni “Xalq” təxəllüsü verilir.
Milli hökumət onu ən ali mükafatla - “21 Azər” medalı ilə təltif edir. O vaxt bu
alovlu şairin 22 yaşı vardı. İlk şeirlər kitabı çapa hazırlanır.
Gözəl arzular sorağı
ilə günlər, aylar bir-birini əvəz edir. Lakin bu gözəl günlərin, ayların ömrü yenə də uzun sürmür.
Tale öz hökmünü
verir. Böyük qurbanlar bahasına
qurulan Cənubi Azərbaycan milli hökuməti süqut edir. Şairin şeirlər kitabı
mətbəədə yandırılır.
Şah xüsusi fərman verir: “Əli Tudə tutulduğu anda məhkəməsiz-divansız qətlə
yetirilsin”.
Şair həmin fərmanla bağlı bir şeirində yazır:
Sanki mərmi udan bir əsgər
idim,
Özümçün. Özgəyçün təhlükəliydim.
Özüm çox deyildim, bir nəfər idim,
Ancaq bir ölkəyçün
təhlükəliydim.
Əli Tudənin yaradıcılığı
çoxşaxəli və
dərin mənalıdır.
Onun şeirlərinin hər sətrində el sözü,
hər beytində xalqın səsi var. Vətənin torpağından,
daşından və qəhrəmanlıq tarixindən
qaynaqlanan yaradıcılığı
atalar sözləri, xalq məsəlləri ilə çox zəngindir. Yaradıcılığında inqilabi ruh çox əlçatmazdır.
Bu poeziya eyni
zamanda mübarizlik, əyilməzlik məktəbidir.
O, yaradıcılığını, daha doğrusu, özünü yaşadığı
cəmiyyətdəki saflığa,
əbədi məhəbbətə
həsr edib. Əli Tudə ömrünü daim yanan, şölələnən
və o taylı - bu taylı vətən
torpağını çilçırağa
boyayan məşələ
çevirir.
Yox! Şimşək bir anlıq yanır... Mən ancaq
Bütün ömrüm boyu yandım... Bəs necə?
Dedim, bəlkə bu xalq, bəlkə bu torpaq
Mənim işığımda zülmətdən keçə.
O, heç vaxt xırdalanmır, bütöv bir kişi ömrü
yaşayır. Daim haqq,
ədalət dalınca
gedir, ancaq ona çata bilmir. Daima ədalət karvanı düzür, amma sarvanını tapa bilmir... Heç vaxt şan-şöhrət
dalınca qaçmır,
heç kimin qarşısında əyilmir...
Ancaq bu dünyaya baxmaq istəyən
Hüsnünün
tünlüyündə yanmasın
gərək!
Şöhrət
zirvəsinə qalxmaq
istəyən
Millətin nərdivan etməsin gərək!
Yaradıcılığı
başdan-ayağa vətən
həsrəti, hicran ağrısı ilə əhatə olunan və həyatını, sənətini xalqına fəda edən Əli Tudə, doğrudan da, tək bir elin
yox, böyük bir xalqın şairidir...
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 9 yanvar.- S. 15.