“İlk məhəbbət”i...

 

   ...şeir olmuş Şahmar Əkbərzadə

  

   “Şeirimizin Şahmar mülkü” adlı ötən yazımda bu şairi Yaradanın görkəmli görkü, Turanın ərdəmli türkü adlandırmışdım. Oxucularına, o dünya-bu dünya dostlarına xitablar etmişdim.

  

   Yazmışdım;

  

   - Sən onun bütün yazdıqlarını oxumusan, təvəllüdcə “köhnə”, təfəkkürcə həmişətəzə, qədir-qiymət, xətir-hörmətcə vəfalı oxucu! Qeybən “elədir” eşitdiyimdən, belə bir söz keçir qəlbimdən: Şahmar Əkbərzadə o ədiblərdən deyildi ki, oxunmayası yazı da yazaydı!

   - Siz onun bütün söhbətlərini, xatirələrini xatırlayırsınız, - yaxın çevrə-dövrəsindən getmişlərin ruhları, “qalanlara salam olsun!” deyib getdiyi dost-tanışları! Və eynən yuxarıdakı təsdiqin ruhi-təcəllasını gördüyümdən, bir gün özümə dediyi bir sözü boylandı qəlbimdən: “Bacoğlu, toxum torpaqda, fikir varaqda, dostluq sədaqətdə cücərər...”

   - Bəs, o nəhəng boy-buxunu, qırğı baxışları ilə ipək yuxalığı, adındakı məlum “çalanlıq” çaları ilə mərifət-mədəniyyət ladındakı könülçalanlığı, ürəkalanlığı, qəlblərə odsalanlığı, dərdəqalanlığı arasındakı fərqlərin farkına da varmısızmı, bəy əfəndilər, xanım afətlər?!.

  

   Sözün bəlasına düşən...

  

   Onu yaxşı tanıdığımdan (və bir az da yandığımdan) yana belə yazdım bu yarımcan yarımbaşlığı. Neynim, qadam, axı o, bu canan bəlaya halalından da artıq diqqət yetirirdi! Bağrıbadaş misraları, obrazları, frazaları qaragöz-qaraqaş balalarından da ziyadə geyindirib-kecindirirdi!..

   Necə ki “...çün bəla istər”di Füzulini, eləcə də söz azarı sağaldıb-yaşadırdı “müstər Şahmar”ı. Bütün şairiyyətə məxsus təşbeh-metafora “istehsal”çılığına, “min gözəlin içindən təkcə səni” “istehlak”çılığına rəğmən, bu “yari-söz arısı” dil gül-çiçəkstanımızdan köz-köz kəlmələr çəkirdi. O vaxtadək axtarıb-arayırdı ki, tapdığından “dodağıballı yar”lar da yarıyırdı, ucqar kəndlərdəki “folklorabənzər qarılar” da. Elə poetik iksirlər, “eşqalgin” həblər, “həzzalgin” dava-dərmanlar yaradırdı ki, olumun da işinə yarayırdı, ölümün də. “Səndən zülümlər görsəm - Zülümdən gözəl nə var?” - deyib, öncə oxucusunda adaptasion prosedurlar aparırdı ki, aşağıdakı kimi “epiqriz”lərə hazır olsunlar:

  

   Dizin üstə can versəm -

   Ölümdən gözəl nə var?!.

  

   Öz olum anlarının birində ölümü də gözəlləşdirmiş Şahmar şairimiz! Kaş duyaydın - mən bu an necə zülümlər çəkirəm...

   Həmişə bizə “neynim-neceləyim” kimi problem “janr”larından uzaq olmağı arzulayan qahmar dostumuz! İndi mən Sən haqda bir kitablıq sözümü-söhbətimi necə bəyan edim? Sən qəlbli bir dostu, sən təbli bir şairi, sən səxalı bir ata, sən vəfalı bir əri onda doqquz hissəsini vəfa-cəfalı yarının - öz Mələyinin müsahibəsinə ayırdığım bir qəzet səhifəsinin “bir qırnığına” necə sığışdırım?

   Əlbəttə, vəfalı yar-yoldaş ayrı, yar-sirdaş ayrı!

   Bəli, sənsizlikdən bəri hədsiz cəfalı Mələk xanım ən yaxın dostdan belə yüz köynək irəli...

   Beləliklə, “Nar, nar, Nargilə, Gəlin, gedək -

  

   Yar gilə...”

  

   - Mələk xanım, 2000-ci ilin avqust qızmarında itirdiniz Şahmarınızı... və Şahmarımızı. Hüznlü-üzüntülü ayrılıq ağrılarınızdan xəbərdarıq... Allah rəhmət eləsin... Hə, bu uzun sayğı sükutumuzdan və sədaqət rəmzi olan göz yaşlarınızdan sonra... indi... deyin görək, bu əvəzsiz itkinizlə necə tapışmışdınız?..

   - Şahmar atamın uzaq qohumu olsa da, münasibətlərimiz çox yaxın idi. Babam Əliş bəy sovet vaxtı tutulub Çimkənd vilayətinə sürgün edildiyindən, atam Qarabağdan Gəncəyə köçüb. Amma Qarabağdakı qohumlarımızla - xüsusən, Şahmargillə get-gəlimiz qalırdı.

   Mən onu ali məktəbə daxil olduqdan sonra tanıdım. Mən ADU-da (BDU), Şahmar Pedaqoji Dillər İnstitutunda oxuyurdu. O, tez-tez qardaşımla kirayə yaşadığımız evə gəlib, maraqlı söhbətlər etməkdə, şeirlər oxumaqda, mən iqtisadçı isə yavaş-yavaş onun mənə olan duyğularını “haqq-hesab”a vurmaqda...

   Düzü, mənim ona qarşı elə bir ciddi hissim yox idi. Hətta qohumluq “normalarından” artıq gəlib-getdiyini və söz açmağa fürsət axtardığını anlayıb, hərdən üzümü turşudurdum da. Bir günsə mən “bir də bu universitetə gəlmə!” demiş, o da “yaxşı...” deyib getmişdi.

   İnstitutu bitirib təyinat aldığı doğma kəndində rus dili müəllimi işlədiyi vaxtlar qəzet-jurnallardan şeirlərini oxuyur, qohum kimi rəğbət bəsləyirdim.

   Mən universiteti bitirəndən iki il sonra, atam ağır xəstəliyə tutuldu. Qarabağlı qohumlarımız bizə həmdərdlik edir, tez-tez atama baş çəkirdilər. Ələlxüsus da Şahmar! Atam da ona o qədər öyrəşmişdi ki, gəlməyəndə darıxırdı.

   Atam - ölümündən (30 may 1967-ci il) bir neçə saat əvvəl - hamını otaqdan çıxarıb Şahmarla məni saxladı. Əcəl üzüntüləri içərisində ordan-burdan söhbət etdi, çox sevdiyi türk şairi Tofiq Fikrətin bir şeirini oxudu və qəflətən mənə müraciətlə: “- Qızım, de görüm bu dünyada ən çox kimi istəyirsən?” - dedi. Özümü itirdim və “- Səni, anamı, bir də - sən kimi çox istəyirsən, onu...” - dedim. “- Mən ən çox Şahmarı istəyirəm!” - deyib, bizim əllərimizi birləşdirdi və gözlərini əbədi yumdu...

   Çox ağır “atasız günlər” yaşayır, nə edəcəyimi, nə qərar verəcəyimi bilmirdim...

   Şahmar hər gün zəng edir, hər həftə Ağdamdan Gəncəyə - atamın məzarını ziyarətə gəlirdi. Elə “...İrəm, ...mirəm” şeiri də o günlərin yadigarıdır. Yazırdı ki; “Dəstəkdən üstümə od ələnibdir, Könlümün həsrətlə gözlədiyi söz - Telefon xəttində çiliklənibdir”...

   - Qoy Sizin “sevgi nağılı” kimi (və bir az da yaşın ahıllıq durğu-vurğusuyla) söylədiyiniz bu şeirin ardını mən deyim:

  

   Telefon telini bağrına basıb,

   Çalıb-oxuduğu “Yanıq Kərəm”di.

   Neyləsin, “sev” - çatıb, sözün arxası -

   Bilmir ki, “irəm”di, yoxsa “mirəm”di...

  

   təbii ki, birinci olub - “irəm” olub, Mələk xanım, davam edin...

   - Hə, həmin günlərin birində yenə bizə gəlmişdi və mən ona çay süzəndə nəlbəkidə “quş” formalı bir kağız gördüm. Yazırdı ki;

  

   Durmusan “hə” ilə “yox” arasında,

   Birini deməyə cəsarət eylə.

   İqtisad elmini sevib-seçənim,

   Verdiyin əzaba qənaət eylə...

  

   Deyim ki, mənim “nəm-nüm”ümün, “verdiyim əzaba qənaət etməməyimin” bir səbəbi də evimizdə (atamdan başqa) heç kəsin bu izdivaca razı olmaması idi...

   Növbəti gəlişində mənə yeni bir şeir verdi. İndiyə qədər heç kəsə göstərmədiyim bu şeirdən bir bəndi ilk dəfə sizə - onun öz milli məhəbbət və zəhmətilə yaratdığı “Mədəniyyət” qəzetinə oxuyuram:

  

   Əkiz yaranıbdır olumla ölüm,

   Bu yasda bir az da vuruldum, gülüm!

   Bilmirəm, bu dərdə ağlayım, gülüm...

   Yasda eşqimizə gülsəm, qan düşər -

   Gülməsəm, ölərəm, Allah amandır!..

  

   Beləcə-beləcə... indilər zar-zar ağlasam da, o vaxtlar güləcə-güləcə... nişanlandıq. 1969-cu il noyabrın 1-də köhnə “İnturist”in böyük zalında toyumuz oldu. Çox dəbdəbəli keçən o toyda kimlər yox idi... Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Zeynal Məmmədov, Süleyman Ələsgərov, Ziyad Səmədzadə, Şahbaz Muradov...

   - Bu qırov-qarovlu tapışma fəsillərindən sonra... gəlir alovlu yaşam-yapışma illəri...

   - Hə, 31 illik gözəl, mənalı ailə həyatımızdan 4 övladımız oldu. O 31 ildə də, dünyasını dəyişdiyi bu 13 ildə də onun ər-ata tərbiyəsi, ailəsinə bağlılıq mədəniyyəti, cəmiyyətdəki mövqeyi ilə qürur duymuşuq. Bir söz də demək istəyirəm... Fikirləşəndə, onun məndən əvvəl dünyasını dəyişməyinə “sevinirəm”. Çünki hər günü bir ilə bərabər olan bu əbədi hicranın çalın-çarpaz dağlarına məndim ki dözə bildim! Necə deyərlər, “torpaq idim dayandım, daş olsam - əriyərdim!” Razı ola bilməzdim ki, mən çəkən əzabları o çəksin. Mən ölsəydim, onun infarkt ürəyi buna dözməz, övladlarımız tamam başsız qalardı...

   - O vaxtların oxucuları, məlum gənc qızlar tayfası üçün (istedadından tutmuş görkəminədək) çox orijinal, gözəgəlimli şair olan Ş.Əkbərzadə sizin o vaxtlarınız üçün necə ər, ömür-gün yoldaşı?.. Hə, hə, qadınlığın əbədi atributu: qısqanclıq!..

   - Bəli, qaynar istedaddan əlavə, onun çox yaraşıqlı, cazibəli gəncliyi vardı. Təbii ki, belə bir kompleksə laqeyd qalmayan bir çox institut yoldaşları, dost-tanışlar, şeirsevərlərlə yanaşı, ayrıca “Şahmarsevərlər” də vardı və istər boy-buxunu, yar-yaraşığına, istərsə də şeirlərinə heyran-“ceyran” qızların çoxluğundan mən də az-çox xəbərdardım. Lakin mənim bu fikrimə onu yaxından tanıyanlar da şərik çıxarlar ki, Şahmar dürüst adam, əxlaqlı ər idi. Onun mənə dərin sevgisinə və sədaqətinə tam əmin idim. Bununla yanaşı, “onu qısqanmırdım” desəm, yalan olardı. Amma o heç vaxt bu təbii və normal duyğularımın problemə çevrilməsinə şərait yaratmazdı.

   - Onun dostları çox idi. Bu çoxun yüzdə biri neçə nəfər olar; ən yaxşı “trio” kimlər və Sizcə, birincisi kim?..

   - Şahmar jurnalistika sahəsinə keçdikdən sonra respublikamızın hər guşəsində, dünyanın çox ölkələrində ezamiyyətlərdə olur, dünya şöhrətli ədiblərlə, incəsənət nəhənglərilə dostluqları da o görüşlərdən başlanır, dərinləşirdi. Və bu evdə - bayaq dediyiniz qısqanclığın belə bir “növ”ü yaranmışdı ki, “deyəsən, o, dostlarını bizdən çox istəyir...” Qaldı “dostlarının yüzdə biri”, “trio”, “birincisi” məsələləri. “Yüzdə biri”ni barmaqla saymaq olar: Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rza, Qarabağda “Bala Marks” deyilən Zeynal Məmmədov, Həsənağa Salayev, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Çingiz Aytmatov, Cavad Heyət... “Trio”nu isə, belə demək mümkünsə, “virtual” görürəm: Xudu - Bəxtiyar - Nurəddin, Xudu - Zeynal - Çingiz... Allah hamısına rəhmət eləsin...

   - Bir dəfə Xudu müəllim dedi: “Şahmar ki poeziyadan bu qədər yanıqlı-qanıqlı danışır, deyəsən, onun ilk məhəbbəti şeir olub...”

   - Mən o qəni-qəni rəhmətliyin fikrilə tam şərikəm. Əgər Şahmarın ilk məhəbbəti şeir olmasaydı, yəqin ki, mən də onu bu qədər sevə bilməz, son məhəbbəti ola bilməzdim...

   - Məlum hadisələrə qədər Qarabağı nə qədər sevib-sevdirdiyi, vəsf etdiyi bizə də bəllidir. Ömrünün son on ilində isə bizim üçün məchul məqamları da olurdu...

   - Şahmar evdə də, daha çox, “çöl işləri”lə məşğul olurdu. Ümumittifaq, beynəlxalq mətbuata da məqalələr yazırdı. Çingiz Aytmatovun SSRİ Ali Sovetinə bağlı dönəmində elə həftə olmazdı ki, ona telefon açıb bu məsələlər barədə fikir mübadiləsi etməsin. O, İttifaq qəzetlərində çalışan dostları ilə də tez-tez əlaqə saxlayır, bəzən aylıq telefon borcumuz aylıq maaşını üstələyirdi.

   - Şair idi - maddi baxımdan sizin dar gününüzə nəsə qoyub gedəsi deyildi ki... Bəs mənəvi baxımdan necə, ən çətin anınızda hansı şeirlərini “xərc”ləyirsiniz?..

   - Artıq 13-cü ildir ki, bu evin əri də, atası-babası da onun şeirləridir! Bu kitablar, bu şəkillər bizim canlı canımızdır. Hər gün evimizə tanımadığımız adamlar telefon açırlar. Bizdən onun kitablarını istəyənlər olur, iştirak etdiyimiz məclislərdə Şahmarın şeirlərini eşidirik. Dünyasını dəyişdikdən sonra - ailəmizin dəstək-qatqısı olmadan - Türkiyədə və İranda şeir kitabları çap olunub. Beləliklə, Şahmarın şeirləri artıq tək elə bizim ailəyə, bizim xalqa yox, bütün Türk, Turan ədəbiyyatına məxsus-mənsublaşıb. Bu durum bizim üçün ən böyük qürur və dolanışıq mənbəyidir. Mənə gəldikdə isə - bir insan kimi, halal xanımı kimi, başımın tacı bildiyim Şahmarın bütün şeirlərini özünü sevdiyim qədər sevirəm...

  

   Ey ulular ulusu (!) və...

  

   Yəni ey Nizami! Düzdür, “Sözün də su kimi lətafəti var”, amma həcm zərurətinə görə “hər sözü az demək” heç də həmişə xoş olmur...

   Və ey ulu sələflərin olu xələfi! Sənin barəndə hələ bir sinə sözüm qalsa da, bu yazını “Şahmarın heç kimi yoxdur” adlı şeirinin iki bəndi ilə bitirməyi daha məqbul sayıram:

  

   Məni tənha bilmə, yalnız sayma sən,

   Analar anamdır, tacımdır mənim.

   Dəli həsrətimi ovudub öpən

   Yovşanlar, lalələr bacımdır mənim.

  

   Orxon-Yeniseyin, qədim Sibirin,

   Sirli yazıları sirdaşlarımdır.

   Ölməz Füzulinin, böyük Sabirin

   Başdaşı doğmaca qardaşlarımdır.

  

   Deyirəm, yəqin, oxucularımız arasında elə vətəndaşlar da var ki, ürəklərindən bu an mənim qəlbimdə döyünən bu sözlər keçir: “belə misralar da mənim sirdaşlarımdır...”

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 13.