Unudulmaz mahnıların unudulmayan bəstəkarı

 

   Yanvarın 10-u görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimovanın doğum günüdür. Hər il təqvimi vərəqləyəndə bu tarixdə qulağımıza həzin bir melodiya toxunacaq: “Sən yadıma düşəndə”...

  

   Onun mahnıları bir anda qanad açıb milyonların ruhunu oxşadı...

   Onun bəstələri yanğısı, həsrəti, ayrılığı, sevgisi ilə milyonların qəlbinin sevgisinə, dilinin əzbərinə çevrildi...

   Onun "Qayıt!", "Bilməzdim", "Sən yadıma düşəndə", "Gecələr bulaq başı" və onlarca digər mahnısı keçmişlə bu gün arasında musiqi körpüsü yaradaraq zövqlülüyü, bəşəriliyi, səmimiliyi ilə ölümsüzlük qazandı...

   Elza İbrahimova unudulmaz mahnıların unudulmaz bəstəkarı kimi adını musiqi tariximizə yazdı...

  

   DünyaYalan ha deyil

  

   Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Uşaq yaşlarından musiqiyə olan sonsuz həvəsi valideynlərinin də nəzərindən qaçmır. Onu musiqi məktəbinə qoyurlar. Elzanın istedadını görən müəllimi Boris Yermolayev onun gələcəkdə bəstəkar olacağını deyir. Elza əvvəl 8 saylı musiqi məktəbini, sonra Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirərək 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur. Burada ilk müəllimi bəstəkar Cövdət Hacıyev olsa da, bir il sonra onu Qara Qarayev əvəz edir. Gənc bəstəkar ən çətin məqamlarda həmişə sevimli müəlliminə üz tutar, ondan məsləhətlər alardı. Onun diplom işi - "Fortepianoorkestr üçün konsert" konservatoriyanın böyük zalında Elza xanım və onun müəllimi Fəridə Quliyeva ilə birgə iki royalda səslənir, uğurlu ifadan sonra Q.Qarayev tələbəsinə belə deyir: "Bu nailiyyətlə kifayətlənməyin, davam edin!".

   Böyük sənətkarın sözləri Elza xanımı bəstəkarlıqla daha ciddi məşğul olmağa ruhlandırır. O, 1969-cu ildə Məmməd Rahimin sözlərinə “Yalan ha deyil” adlı ilk mahnısını bəstələyir və onun ilk ifaçısı Şövkət Ələkbərova olur. Gənc bəstəkarın ikinci mahnısı olan "Bakının işıqları" da Şövkət Ələkbərovanın bənzərsiz ifasında hamını ovsunlayır.

   Bu uğurlu başlanğıcdan sonra mahnı janrı Elza İbrahimovanın yaradıcılığında xüsusi yer tutur. Onun mahnılarını Rəşid Behbudov, Lütfiyar İmanov, İslam Rzayev, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova, İlhamə Quliyeva və digər sənətkarlar böyük şövqilhamla oxuyurlar.

  

   O, ömrünü bəstələrinə “Qurban verərdi”

  

   Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biriElza İbrahimova olur. Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim", Əliağa Kürçaylının sözlərinə yazdığı "Sən mənə lazımsan" və başqa mahnılar tanqo ritmində yazılmış musiqilər kimi sevilən mahnılara çevrilir.

   Elza xanım bir müddət Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" vokal-instrumental ansamblı ilə sıx əməkdaşlıq edir. Onun mahnılarını dinlədikdən sonra böyük müğənni Rəşid Behbudov da Elza xanımla əməkdaşlığa başlayır. Bəstəkar o günləri belə xatırlayırdı: "Bir gün mənə zəng oldu, bərk həyəcanlandım. Böyük istedadı qarşısında səcdə etdiyim Rəşid Behbudovla danışmaq mənə elə çətin gəldi ki... İşimlə maraqlandı və mən "Ey, Vətən" adlı mahnını yenicə tamamladığımı dedim və mahnını ona təqdim etməyə özümdə cəsarət tapdım. Bizim əməkdaşlığımız belə başladı".

   Ölməz sənətkar Rəşid Behbudov "Ey, Vətən" mahnısını elə ifa edir ki, bu mahnı Odlar yurdunun vizit kartına çevrilir:

  

   Nəğmə dolu bir ürəyəm,

   Torpağına baş əyərəm,

   Ey Vətən!..

  

   Qarabağda "Yanan laylalar"

  

   Yaradıcılığının növbəti mərhələsində Elza İbrahimova kamera janrına müraciət edir, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, Hüseyn Cavidin pyesi əsasında "Afət", Qarabağ mövzusunda "Yanan laylalar" (libretto müəllifi R.Heydər), “Şeyx Şamiloperalarını yazır. Amma onu milyonlara sevdirən ilk növbədə gözəl mahnıları idi.

   Xalq şairi Bəxtiyar Vahabzadə 1984-cü ildə "İşıq çeşməsi nəğmələr" məqaləsində yazırdı: "Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, dünyamızın rəssamıdır. O, səslərdən toxuduğu nəğmə naxışlarında bizə ovqatımızı, öz dünyamızı göstərir. Onun nəğmələrinin verdiyi bəsirət gözü ilə o, bizi özümüzə, daxili aləmimizə baxmağa məcbur edir. Bax, budur böyük sənətin gücü sehri!"

   Elza İbrahimova 2012-ci il fevralın 11-də 74 yaşında dünyasını dəyişdi. Onun musiqisinin sehri isə bu gün olduğu kimi, sabah da insanları ovsunlayacaq. OnaQayıtdesək qayıtmayacaq, ancaq ölməz mahnıları ən böyük səhnələrdə, ən qüdrətli sənətkarlar tərəfindən hər dəfə oxunanda, könüllərə yol tapanda, bu əvəzsiz inciləri yaradan bəstəkar yada düşəcək, xatırlanacaq. Bu, ömrün davamıdır...

  

 

   Təranə Vahid

 

  Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 12.