Xəttatlıq
- Yaradana sevginin və
gözəlliyin ifadəsi
Xəttatlıq
təkcə bir üslub deyil, həm də düşüncə,
duyğu və emosiyaları ifadə edə bilən
yazıdır. İslam dünyasında bu yazı sənətinin
formalaşması X-XII əsrlərə təsadüf edir.
Ölkəmizdə orta əsrlərdə meydana gəlib,
müxtəlif mərhələlərdən keçərək
günümüzə gəlib çatıb.
İslamın simvolu
İslam dünyasının mədəni
dəyərlərini özündə əks etdirən xəttatlıq
sənəti bu dinin bir simvolu kimi də qəbul edilir. Xəttatlığın
tarixi hərflərin dekorativ şəkildə təsvir
olunması ilə başlanmışdır. Allahın kəlamına
duyulan hörmət və müsəlmanların müqəddəs
kitabı Qurani-Kərimi ən gözəl şəkildə
yazmaq cəhdləri xəttatlıq sənətini meydana
çıxarmış, buna bağlı olaraq təzhib, ebru və
cild sənətləri yaranmışdır.
Zaman keçdikcə xəttatlıq
İslamı qəbul edən xalqların mədəniyyət
və incəsənətində vacib sahələrdən birinə
çevrilmişdir. Dekorativ-ornamental sənətlə
qovuşan bu bədii yazı mədəniyyəti kitabları,
saray binalarını, məscidləri, saxsıdan, metaldan,
ağacdan və parçadan hazırlanan tətbiqi sənət
nümunələrini bəzəyirdi.
Xəttatlıq sənəti həm
də yüksək savad dərəcəsinin göstərici
idi. Görkəmli ədib, alim və rəssamların həm
də yaxşı xəttat olduqlarına dair çoxlu misallar
gətirmək mümkündür. Xəttatlıqdan əvvəllər
daha çox kitab yazılmasında istifadə olunmuş,
sonralar bu sənətdən memarlıqda istifadə
edilmişdir. Azərbaycanda bir çox tarixi abidənin kitabələrində
ərəb əlifbası ilə gözəl xətt nümunələrinə
rast gəlinir. Ən çox rast gəlinən nəsx xətləridir.
Yeri gəlmişkən, xəttatların
fəaliyyəti nəticəsində müxtəlif xətt
növləri yaradılmışdır. Epiqrafik abidələrdə
kufi, nəsx xətləri ilə yanaşı, süls,
şikəstə və nəstəliq xətlərinə də
rast gəlinir. Görkəmli Azərbaycan xəttatlarından
Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd
Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi,
Cəfər Təbrizi bu sənətin inkişafında
xüsusi rol oynayıblar. Bu gün Azərbaycanda Tahirə
Abdullayeva, Seyfəddin Mənsimoğlu, Vüqar Məmmədov,
Müzafəddin Əzizov kimi tanınmış xəttatlar
var.
İlk Quran nüsxələri kufi xətti ilə
yazılıb
Kufi xətti İraqın indiki Kufə
şəhərində yayılmışdır. Bu səbəbdən
də sonralar bu xətt “kufi” adlandırılıb. Əsasən
düz və sınıq cizgilərdən ibarət olan kufi xətti
əvvəllər nöqtəsiz yazılsa da, sonralar daha da təkmilləşmişdir.
X əsrədək həm epiqrafikada, həm də paleoqrafiyada
geniş tətbiq olunmuşdur. Kufi xəttinin 4 əsas
növü var: kufi nəsx, kufi süls, kufi həndəsi və
kufi şikəstə. İlk Quran nüsxələri də
kufi xətti ilə yazılmışdır. Əcəmi xəttatlıq
məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə
bu xətt növləri daha çox müşahidə olunur.
Bunun bariz nümunəsini Möminəxatun türbəsinin
giriş qapısında görmək mümkündür.
Nəsx
xətti
XII əsrdən etibarən kufi xətti
təkmilləşdikdən sonra ibn Muqlah adlı məşhur
bir sənətkar kufi xəttinin üzərində işləyərək
yeni bir xətt növü meydana gətirdi. Bu xətt daha da rəvan
və oxunaqlı olduğu üçün kufi xəttini tədricən
aradan qaldırdı. Elə bu cəhətdən də bu xətt
"aradan aparan", "ləğv edən" mənalarını
verən "nəsx" xətti adını aldı.
Hazırda nəşr olunan Qurani-Kərim kitabları bu xətt
ilə yazılır. Digər xətlərlə müqayisədə
nəsx xətti özünün sadəliyi, rahat oxunuşu və
asan yazılışı ilə diqqəti cəlb edir. Nəsx
xətti meydana gəldiyi ilk gündən bədii və elmi əsərlərin
yazılışında, üzünün
köçürülməsində və dəftərxana
işlərində geniş istifadə olunur.
“Xətlərin
anası”
Xəttatlıqda geniş istifadə
olunan süls xəttinin mənası “üçdə bir” deməkdir.
Ərəb əlifbasında yazılan klassik xətt növlərindən
olan süls xəttinin yaradıcısı X əsrdə
yaşamış məşhur xəttat Əbu Əli Məhəmməd
ibn Muğlə hesab olunur. Bu xətt növündə hərflərin
üçdə bir hissəsi əyri, qalan hissəsi isə
düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə
toxunaraq yazılmasına imkan verir. Süls xətti xüsusi
gözəlliyə malik olduğu üçün xətt
ustadları onu “xətlərin anası”
adlandırmışlar. Xəttatlar belə hesab etmişlər
ki, süls xətti ilə yaza bilən bir şəxs çox
asanlıqla ruqə, tərfi, müsəlsəl və nəsx
kimi xətlərlə də yaza bilər.
Şikəstə və nəstəliq
Şikəstə xətti XII əsrdə
nəsx xətti əsasında yaradılmış, əsasən
sınıq (“şikəstə”) xətlərdən ibarət
olduğuna görə ona belə bir ad verilmişdir. Digər
xətlərlə müqayisədə şikəstə xətti
ilə daha sürətlə yazmaq mümkün idi. Nəstəliq
xətti XIV əsrin sonlarında məşhur xəttat Mir Əli
Təbrizi tərəfindən nəsx və təliq xətlərinin
əlaqələndirilməsi nəticəsində
yaradılmış, XV-XVI əsrlərdə Azərbaycanda da
geniş yayılmışdır. Bu xətt növü, əsasən,
əlyazma kitablarının üzünün
köçürülməsində, məktub və sənədlərin
yazılmasında geniş tətbiq olunmuşdur. XVIII-XIX əsr
kitabələri, bir qayda olaraq, nəstəliq üslubunda
yazılıb. Sonralar daha geniş yayılan nəstəliq xətti
gümüş, bürünc və saxsıdan hazırlanan
qabların, bəzək əşyalarının bəzədilməsində
istifadə edilmişdir.
Azərbaycan ərazisində
epiqrafik abidələr təsdiq edir ki, XVII-XVIII əsrlərdə
kitabələrin yazılmasında bu xətdən daha
geniş istifadə olunub. Sadalanan xətt növlərindən
hər biri orta əsr Azərbaycan memarlığında silinməz
iz qoymuş Əcəmi Əbubəkr oğlu
Naxçıvaninin yaratdığı memarlıq nümunələrində
xüsusilə nəzərə çarpır.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 9 yanvar.- S.12.