Kinomuzun Mirzəsi

 

   Xatırlayırsınız, sözsüz ki, onu - Azərbaycan estradasının çevik, şux, həyatsevər, əhlikef Mirzə dayısını...

   Yüz il yaşamaq arzusu vardı. Özü də səhnədə qalmaq şərti ilə. Yaşasaydı, bu il 100 yaşı olacaqdı. 1913-cü ilin qızmar yayında (16 iyul) dünyaya gəlmişdi. 90 yaşında, soyuq bir qış günü (13 yanvar 2003) dünyadan getdi.

  

   Kimlər gəldi,

   Kimlər getdi

   Bu dünyadan...

  

   Mirzə Babayev Bakının Maştağa kəndində dünyaya göz açmışdı. Əvvəl Texniki Universitetin memarlıq fakültəsini bitirir. Daha sonra incəsənətə olan sevgisi onu Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) qapılarına gətirdi. Konservatoriyanın vokal sinfini bitirdi. Sonra uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışdı. Müğənnilik fəaliyyəti ilə yanaşı, 30-dan artıq filmin çəkilişində iştirak etdi. «Kölgələr sürünür», «Dərviş Parisi partladır», «Qaraca qız», «Dəli Kür», «Telefonçu qız», «Qorxma, mən səninləyəm», «Bəyin oğurlanması», «Girişmə, öldürər», «O dünyadan salam» s.

   bununla Azərbaycan kinosuna kinoaktyor Mirzə Babayev ismini yazdı. Azərbaycan Respublikasının Əməkdar artisti, Xalq artisti fəxri adlarına, «Humay» mükafatına layiq görülmüşdü.

   Bunlar Mirzə Babayevin bioqrafiyasından quru informasiyalardır. Qalanı musiqisi, filmləri, ifası, zarafatları ilə yaddaşımıza hopmuş cizgilərdi...

 

   * * *

 

   Onun vokalçı kimi ifasında mütləq dramaturgiya vardı. Elə mətnlərdə - «Kəpənək», «Liman», «Uzaq, yaşıl ada», «Zəfəran», «Gəlmədin», Brilyant Dadaşova ilə «Mən səni sevirəm» dueti ürəklərə hopmuş bir çox başqa mahnılar...

   Kinodakı bütün rollarında isə bir musiqi, ritm hiss olunur. Həssas hərəkət-ritm duyumu, mimika ifadə qabiliyyətləri onun ifaçılığının özünəməxsus xüsusiyyətlərindən idi. Bu istedadı ilə o, təpədən-dırnağa incəsənət adamı idi. Oynadığı rolun, ifa etdiyi sözlərin əhval enerjisini dərhal hiss edib, onu özünəməxsus emosionallıqla ötürmək Mirzə Babayev sənətinin özəlliklərindən idi.

  

   Kefcil dərviş yaxud cənab Məstəli şah caduküni-məşhur

   

   «Dərviş Parisi partladır» - Mirzə Babayevin çəkildiyi ən yaddaqalan filmlərdən biridir. 1976-cı ildə lentə alınan filmin rejissorları Şamil Mahmudbəyov Kamil Rüstəmbəyov, operatorları Arif Nərimanbəyov Zaur Məhərrəmovdur. Bu ekran əsərində Mirzə Babayev ilk öncə obrazının ritmlərini müəyyənləşdirib:

  

   Mən bir köhnə dərvişəm,

   Cəhənnəmdən gəlmişəm...

  

   Bu kadrda, doğrudan da, ucu görünməyən səhrada, uzunqulağa minmiş köhnə dərviş təsvirində bir yumşaq cəhənnəm xofu var. Sonra bu çoxbilmiş dərvişin hoqqaları elə oxuduğu mahnının ritmlərində bərqərar olacaq. Dərviş Məstəli şah yöndaşlarından asılı olaraq, tez-tez dəyişir, məsələn, o şəyirdi ilə başqa haldadır, «müştəriləri» ilə tamam başqa şəkildə. Filmdə Mirzə Babayev bomba kimi partlayan final yaradır - «ya Məlixa, ya Bəlixa, ya Səlixa, qaldırın Pariji vurun yerə...» Sanki obrazının belə sonluğundan heyrətə gələn aktyor sonuncu frazasını da deyəcək - «...bu qədər barıt qoyarlar?...» Burda kino sənətinin özünə (quraşdırma işinə, hoqqalarına) gizli dostyana bir istehza var. Bu da Mirzə Babayevin Məstəli şahı. Bu filmin fabulasında bütün məntiqlər özünü doğruldur. Şəhrəbanu xanımın ümidləri kimi...

 

   Ötən günləri qoru...

  

   1981-ci ildə rejissor Yuli Qusman «Qorxma, mən səninləyəm» filmini çəkir. Operatoru Valeri Kərimov, ssenari müəllifi Yuli Dunski, bəstəkarı Polad Bülbüloğlu.

   Bu filmdə Mirzə Babayev Fərzəli bəy rolunu oynayır. Ekranda az görünsə , yadda qalır. Filmin çəkilişlərindən isə belə bir xatirə qalıb. Mizana görə, Mirzə Babayevin qəhrəmanı ağzına bir gilas qoyub bir söz deməlidi. Bu kadr az, çox 29 dubldan sonra alınır. Mirzə Babayev bir vaz gilası yeməli olur.

   Bu xatirədə məişət ştrixlərinin qarışdığı bir məzəli yumor var. 1986-cı ildə rejissorlar Ceyhun Mirzəyev Vaqif Mustafayev «Bəyin oğurlanması» filmini çəkdilər. Ssenari müəllifi Mövlud Süleymanlı, operatoru Ələsgər Ələkbərov, Rəşid Nağıyev idi. Süjeti danışmağa lüzum bilmirəm. Bu film hamının sevimlisi dilinin əzbəridir. Mirzə Babayev Amanoğlu (Mirişin atası) rolunu oynayır. Filmdə bir elçilik səhnəsi var. Kəndə film çəkməyə gəlmiş rejissor (Həsən Turabov), direktor (Səyavuş Aslan) operator (Hacı İsmayılov) gələcək toy səhnəsini lentə almaq xatirinə qız atası İsrafili (Yaşar Nuri) bu xeyir işə razı salmaq istəyirlər onun evinə elçi gəliblər. Mirişin atası - Mirzə Babayev burdadır. O, öz «dərin məzmunlu» əjdaha əhvalatına qətiyyətlə yekun vurur: «O əjdahadan niyə bizdə yoxdu İndi bu filmin hər kəlməsi zərbi-məsəl olub. «Bəyin oğurlanması» filmi Azərbaycanın nəhəng aktyorlarının gözəl «yığıncağı» - «toyudur» bu «toy»un sonunda Mirzə Babayevin səsindən feyz almaq da olar. Onun səsi, mahnıları filmlərimizin çoxunda var.

  

   Mən qədər qoca olsam da, dəyərəm min cavana...»

  

   «O olmasın, bu olsun» musiqili komediyası (1956)... Məşədi İbadın xonça düzəldəndə oxuduğu məşhur mahnı Mirzə Babayevin ifasında yaddaşlara yazılır... 1969-cu ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi «Dəli Kür» filmində (ssenari müəllifi İsmayıl Şıxlı) Mirzə Babayev epizodik rola çəkilir. O, «zikr gecəsi» səhnəsində müridlərdən birini oynayır. Burda da məclisin ritmini yüksək bacarıqla tuta bilir: «ay baba, gödək baba...» Mirzə Babayevin daha bir yaddaqalan rolu «Qaraca qız» (rejissor Şamil Mahmudbəyov) filmindədir. Onun yaratdığı Səlim bəy surətində bir ağayanalıq təbiətindəki kübarlıqdan qaynaqlanırdı.

   Onun qəhrəmanları (kino estrada) canlı, həyata iddialı, dünyadan baş çıxaran, hiyləgər, sadəlövh, şən çevik qocalardır. Mirzə Babayev filmlərimizin ritmini tutan, bəzən müəyyənləşdirən şən çevik kinoaktyordur.

  

   «Məni qoyub hara getdin, Qocalıqda qaldım yetim...»

  

   Onun qocalığa münasibəti necə idi? O ki həmişə gənclik havası ilə uçurdu, onun arxasınca qaçırdı. O, gənc ruhlu qoca idi.

   Mirzə Babayev ömrünün sonunadək qocalığını boynuna almadı. Yaratdığı obrazlar da sona qədər onun ölümünü danacaq.

  

 

   Aliyə

 

   Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 10.