Sənətin gözəllik simvolu

 

    Teatr və kinonu haqlı olaraq həyat məsələlərinin həlli üçün ən yaxşı vasitə adlandırırlar. Səhnədə və ekranda həyat fəlsəfəsini təhlil edən sənətkarlarımız da bu mənada həmişə dəqiq münasibət bildirdikləri rollarının məqsədini açıqlayıb, etik və mənəvi dəyərləri qoruyan, yüksəldən sənətin vacibliyini vurğulayıblar.

  

   İstedadı, bənzərsiz yaradıcılığı ilə Azərbaycan teatr və kino sənətində böyük iz qoymuş görkəmli sənətkarlarımızdan biri də respublikanın Xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) dövlət mükafatları laureatı Leyla Bədirbəylidir. O, teatra, sənətə kiçik yaşlarından maraq göstərib. Aktyorluq məsləyinə yiyələnib, ömrü boyu da sevdiyi sənətinə sadiq qalıb.

  

   Səhnədə ilk addımlar

  

   Leyla Ağalar qızı Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Atası Şəmkirin tanınmış bəylərindən idi. Anası Bikə xanım isə Şəmkirin adlı-sanlı, sayılan kişilərindən olan Musa xanın qızı idi. Bikə xanımın 12 yaşı olanda (1918-ci il) Gəncəyə, sonra isə Bakıya gəlib. Ailə həyatı qurduqdan sonra isə tibb bacısı kimi çalışıb. O zaman onlar İçərişəhərdə yaşayardılar. Bikə xanım tez-tez Əli Bayramov klubuna qadınlar dərnəyinə də gedərdi. Özü ilə bərabər kiçik qızı Leylanı da aparardı. Leyla ilk dəfə 8 yaşında yaradıcılıq ilhamını aldığı bu klubda səhnəyə çıxır. Tamaşalarda çıxış etməklə bərabər, rəqs elementlərinin incəliklərini də öyrənir.

   1937-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti kimi fəaliyyət göstərir. Təsadüfi deyil ki, ansamblda uzun illər milli rəqslərə quruluş verən, müxtəlif filmlərdə rəqs kompozisiyaları quran görkəmli rəqqas, xoreoqraf Əlibaba Abdullayev bir çox rəqsləri məhz Leyla Bədirbəylinin ifası üçün hazırlamışdır. Əlibaba müəllim bu gün də el şənliklərində böyük həvəslə ifa olunan və milli rəqs sənətimizin incisi kimi qəbul edilən “Naz eləmə” rəqsini ilk dəfə Leyla Bədirbəyli ilə birlikdə Filarmoniyanın səhnəsində geniş tamaşaçı auditoriyasına təqdim etdi. Bundan sonra onun quruluş verdiyi “Bir dənəsən, bir dənə”, “Tərəkəmə” və başqa rəqsləri Leyla xanımın ifasında rəğbətlə qarşılandı.

   Leyla Bədirbəylinin qüsursuz xarici görünüşü, incə, plastik hərəkətləri, rəqs quruluşunun məzmununu dəqiq ifadə edən xarakterik sifəti milli rəqs sənətimizin respublikadan kənarda, keçmiş ümumittifaq məkanında belə rəğbətlə qarşılanmasına səbəb oldu. Filarmoniyada milli rəqslərimizi minlərlə seyrçiyə sevdirən sənətkar 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alır. 1975-ci ilə qədər burada çalışır. Aktyor texnikasının mahir bilicisi kimi Leyla xanıma Dram Teatrının səhnəsində əsasən baş rollar həvalə olunurdu. O, “Otello”da Dezdemona (U.Şekspir), “Canlı meyit”də Liza (L.Tolstoy), “Od gəlini”ndə Solmaz (C.Cabbarlı), “Mahnı dağlarda qaldı” tamaşasında Fəxrəndə (İ.Əfəndiyev) və başqa rəngarəng rolları ilə teatrı və səhnəni seyrçilərə bir daha sevdirdi.

  

   Kino həyatı

  

   Leyla Bədirbəylinin bədii kinoda ilk böyük rolu 1937-ci ildə Aleksandr Popov və Azərbaycanın ilk qadın kinorejissoru olan Qəmər Salamzadənin çəkdiyi “Dəcəl dəstə” filmində pioner baş dəstə rəhbəri obrazıdır. Film sovet dövründəki məktəblilərin həyatından, uşaqların təlim-tərbiyəsində aparılan işlərdən bəhs edir. Bundan sonra o, “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən 40-dan çox ekran əsərində maraqlı obrazlar yaradıb, həm də filmləri səsləndirib.

   Aktrisanın peşə təcrübəsini təsdiqləyən ekran qəhrəmanlarından Zərnigar (“Dəli Kür”), Gülsüm (“Vulkana doğru”), Şəhrəbanu (“Dərviş Parisi partladır”), Nigar (“Koroğlu”), Tuti Bikə (“Fətəli xan”), Nadirin anası (“Mən nəğmə qoşuram”), Kəblə Fatma (“O dünyadan salam”), Leyla (“Kölgələr sürünür”), Bilqeyis (“Görüş”), nənə (“Asif, Vasif, Ağasif”) və başqa rolları milli kinomuzda Azərbaycan qadınının tipik xarakterlərini dəqiq göstərən və sevdirən personajlardır. O, yaratdığı obrazların tipik xarakterlərini, həyat mövqeyini, fərqli cəhətlərini dəqiqliklə cilalayıb, peşəkarlıqla oynayıb.

   Leyla xanım “Dəcəl dəstə” filmindən sonra 1941-ci ildə “Beş dəqiqəlik konsert” sənədli və “Səbuhi” tammetrajlı bədii filmlərinə çəkildi. Lakin ona geniş tamaşaçı məhəbbətini və dünya şöhrətini görkəmli teatr və kino rejissoru, aktyor, pedaqoq Rza Təhmasibin 1945-ci ildə çəkdiyi “Arşın mal alan” filmi qazandırdı. Filmin çəkilişlərinə 1943-cü ildən başlanılmışdı. Rza Təhmasibin müharibənin qızğın çağlarında, aclığın, səfalətin tüğyan etdiyi bir vaxtda bolluq içərisində yaşayan zadəgan ailəsinin qayğısız həyatından bəhs edən filmi çəkməkdə əsas məqsədi, dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin eyniadlı əsərinin ideyasından, bədii məzmunundan, şən musiqisindən çıxış edərək insanlara mənəvi dayaq durmaq, onlarda nikbin əhval-ruhiyyə və gələcəyə inam yaratmaq idi. Çətin illərin qəmli, boz günlərini yaşayan minlərlə insana həyat eşqi verən filmdə Leyla Bədirbəylinin yaratdığı Gülçöhrə obrazı naz-nemət içində yaşayan, lakin zəmanəsinin qanunlarından irəli gələn amillərə görə azadlığı boğulan xanımdır. O, ömür-gün yoldaşını özü seçmək, mənəvi azadlığını bərpa etmək istəyir. Bunun üçün ölümə belə getməyə hazırdır.

   Çəkildiyi tarix və məzmun etibarı ilə zərrə qədər də seyrçisinə kədər bəxş etməyən, müasirlik ideyalarını təbliğ edən kinokomediya bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevə-sevə baxılır, film uğurlu ekran taleyini yaşayır. Göründüyü kimi əsərin məzmununu dəqiq çatdıran geniş düşüncəyə, zəngin dünyagörüşünə malik olan sənətkarların təqdimatında klassik əsərlərin fonunda da müasirlik ideyalarını görmək mümkündür.

   İstedadlı aktrisa 1969-cu ildə kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi “Dəli Kür” filmində Zərnigar obrazını yaratdı. Zərnigar ailə bütövlüyünü, eyni zamanda qadın qürurunu qorumağa çalışan bir qadındır. Can sirdaşı bildiyi həyat yoldaşı (Cahandar bəy) üçün sadəcə (ikinci xanımı aldıqdan sonra) mülk sahibəsinə çevrilən Zərnigar nə qədər hikkəli, qəzəbli görünsə də o, isti ocağına qol-qanad gərən, övladları üçün daim narahatlıq keçirən bir anadır.

   Leyla Bədirbəyli düzgün mizanladığı yaradıcılığında rollarının tipik xarakterlərini dəqiq açır, səciyyəvi cəhətlərini orijinal təqdim edir, məqamı gələndə xarakterlər ustası kimi müsbət personajları sevdirir, mənfi cəhətli (Xalidə, “Onun böyük ürəyi”) prototipləri isə qınaq obyektinə çevirirdi. Bu mənada onun üçüncü, dördüncü planlı rolları belə filmin aparıcı qüvvəsi kimi yaddaşlarda qalır.

   Aktrisa tarixi-bioqrafik filmlərdə yaratdığı rollarında da Azərbaycan qadınının əqidə dönməzliyini, sevgiyə sədaqətini, ibrətamiz həyat mövqeyini dəqiq bildirib ki, Nigar (“Koroğlu”), Tuti Bikə (“Fətəli xan”) obrazları bu qəbildəndir. Bu mənada real xarakterləri səhnəyə və ekrana gətirən istedadlı aktrisalarımızın simasında müsbət xarakterli qadın obrazları evlərdə, ailələrdə doğulan körpələrə ad qoyulacaq qədər sevilir, peşəkar qadın sənətkarlarımız milli kinomuzun simasına çevrilirdi.

   Üzündən təbəssümü əskik olmayan, gözəl zahiri görünüşü ilə rollarına uğur gətirən sənətkarın daxili gözəlliyi haqqında da çox danışırlar. Həmkarlarının dediyinə görə o, çox vaxt özü ilə işə gətirdiyi biş-düşə onları qonaq edər, səmimi və şirin söhbətləri ilə olduğu məkanı rövnəqləndirərdi. Bir sözlə, onun işə gəlişi sənət dostları üçün əsl toy-bayram olardı. Həyatsevər aktrisanın qaynar həyat eşqi, insanlara məhəbbəti onun rollarında da özünü göstərib.

  

   Azərbaycan gözəli

  

   Leyla Bədirbəyli həyatda da, sənətdə də gözəllik simvolu, zəriflik mücəssəməsi idi. O, hələ Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının tərkibində 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edib. Kremldə Azərbaycan nümayəndə heyətinin şərəfinə verilən ziyafətdə gözəlliyi ilə seçilən Leyla xanımı görən SSRİ lideri İosif Stalin onu “Azərbaycan gözəli” adlandırıb. Elə həmin vaxtdan da bu ifadə onun ikinci adı kimi Leyla sevərlərin dilinin əzbəri oldu.

   Onun kinoda yaratdığı naz-nemət içində yaşayan xan-bəy qızı, tacir nişanlısı ilə bərabər, kəndli qarı, sadə ev xanımı, qayğıkeş ana rolları da var. Müxtəlif xarakterli rolların yalnız bir oxşar cəhəti var ki, o da vətənə, valideynə hörmət, həyat yoldaşına sədaqət, övlada məhəbbət kimi etik dəyərlərin içdən gələn qabarıq təqdimatıdır. Deməli, həmişə yüksək ideyaların carçısı olan obrazlar milli kinomuzun ciddi sənət kimi formalaşmasına səbəb olub.

   Leyla Bədirbəyli sənətdə göstərdiyi xidmətlərə görə yüksək fəxri adlara layiq görülmüş, 1999-cu ildə Azərbaycan Respublikasının ali mükafatı - “İstiqlal” ordeni ilə təltif edilmişdir.

  

   Taleyin acı sınağı

  

   Aktrisanın kədəri uzaqlaşdıran, zalımlığa qalib olan, xəyanəti pisləyən əzmkar iradəsini çox təəssüflər olsun ki, həyat çətin sınaqlara çəkdi. Ona həyat eşqi verən, sənət qalibiyyətinə ruhlandıran ömür-gün yoldaşının və böyük qızının faciəsini aktrisa səssizlik və özünə qapanmaqla qarşıladı. Leyla xanım birinci dəfə 16 yaşında ailə qurmuşdu. İkiillik uğursuz nikahdan sonra ikinci dəfə Kamil Aslanovla evlənmişdi. Kamil müəllim xarici ölkələrin birində olarkən avtomobil qəzasında həlak olur. Onsuz da həyat yoldaşının yoxluğu ilə barışmayan Leyla xanımın gözəlliyini bundan bir müddət sonra Kukla Teatrının qarşısında maşın vuran qızı Lalənin faciəsi soldurdu.

   Əzizlərinin yoxluğuna dözməyən, minlərlə insana ekrandan və səhnədən gözəllik bəxş edən sevimli aktrisa sevgi dolu gözlərini 1999-cu il noyabrın 23-də əbədi yumdu. Onun səhnə və ekranda yaratdığı bənzərsiz obrazlar isə sənətkarı əbədiyyətədək yaddaşlarda yaşadacaq.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

  Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 7.