Həmişəyaşarın nisgili

 

   Soyadı Nuri, adı Yaşar, sənəti həmişəyaşarın...

  

   Deyirlər, "vaxt - qanadlı quşdur". Düz deyirlər. Onun da beşik yaşından uçub, qondu 60-na. Qanadlarına alıb apardı. Elə son nəfəsindən də qanadlanıb qondu “üç”ünə, sonra “yeddi”sinə və bu da “qırx”. Sonra “il”inə, daha sonra hər növbəti “beşillik”-“onillik”lərə qonacaq...

  

   Onun həyat eşqi ilə dolu şəklinə baxa-baxa yazıram bu yazını.

   Elə bil dünən idi - xalqın bu sevimli Xalq artistini son mənzilinə - müsahibələrinin birindəki təbirilə desək - “öz qiyamətinə” yola saldığımız gün. O gün ki, illərlə güldürdüyü saysız-hesabsızların bircəsinin də dodağı qaçmadı; elə hey ağladılar, sızladılar...

   Adamlardan, ağlamaqlardan, güllərdən, illər uzunu gülüşlərə adekvat hüznlərdən və bir ölümdən ibarət ayrılıq”. Öz fikrim olsa da, nədənsə, dırnaq içində yazdım bu sözləri.

   Zaman hansı ələmə məlhəm olmayıb ki?..

   Amma onu unutmağa haqqımız yox, unutmamağa əsasımız isə çox...

   Çox dövlətlərdə sənət adamları fəxri adlarla fərqləndirilmirlər. Bizdə isə sənəti və sənətçini dövlət hər zaman qiymətləndirib. Yaşar Nuri dövlətin verdiyi qədir-qiymətlə yanaşı, xalqın da titullaşdırdığı, fenomenə çevirdiyi aktyordur (“idi” demək olmur...). Onun işlətdiyi replikalar, dadlı-duzlu ekspromt frazalar, eyhamlar hələlik el dilində yayılıb-yaşamaqda. Bir azdan kitablara da düşəcək.

   Tanrı hərənin xəmirinə bir çimdik yaratmaq qabiliyyəti qatıb (kimimiz onu yoğurub-yapıb püxtələşdirir, kimimizsə - laqeydlikdənmi, qədirbilməzlikdənmi - it-bata salırıq). Onun xəmiri isə bütünlüklə istedad mayasından, dad-tam bərəkətindən yoğurulmuşdu. Tanrı ondan əsl aktyorluq üçün heç nə əsirgəməmişdi.

   İncə bir mətləb var; hər kəs dünyaya öz içindən baxır, öz içindəkinin qədəri qədər görür dünyanın simasını. Nə qədər ki özümüz olmağı, arzularımıza çatmağı bacarmırıq - dünyamızı qura bilmirik. Yaşar Nuri də özündən baxdı dünyaya, amma bir az da “özgə”lər gözüylə. Elə səmimi baxdı ki, onu çox səmimi gördü, sənətə çevirdibunu səhnəyə də gətirdi. Bunların hamısını sözə, hərəkətə baxış-duruşa çevirib, payladı tamaşaçı gözünə, tamaşaçı qulağına. Saxtalıqdan uzaq, sünilikdən iraq bir mənəvi mesenatlıqla payladı. Daha nələr qoyub getdiyini üstündən illər keçəndən sonra lap aydın anlayacağıq. İndilər “on-on beş gün sərasər anşlaqla şoulayan "nanay-nanaylar"ın üzləri faş olası macallarda isə başdan-ayağa anlayacağıq.

   Yaşar Nuri səhnəyə uşaqlıqdan çıxmışdı deyə, onun ikinci evi hesab olunurdu bu sirli meydan. Bəlkə elə bu duallıqdan yaranmışdı - onun sənət doğmalığı, bu qədər səhnə sərbəstliyi.

   Yaşar anadangəlmə şux idi, çevik idi. Canı oyun ünsürləri ilə mayalanmışdı sanki. Məmmədsadıq Nuriyev kimi bir aktyorun övladı olmaq da ki bir yandan.

   Rejissorlar üçün əziyyətsiz-filansız - "hazırca kökə" idi Yaşar Nuri. Oyunu yaşayıb obrazı yaşadan Yaşar Nuri. Yaradanı ona yaradıcı təbiiliyini, improvizə qabiliyyətini, jestikulyasiya fəallığını, mimik ustalığını kifayətcə vermişdi. Sözüylə ifası, duyğusuyla hərəkəti vəhdətdəydi. Dövründəki tamaşaçı ordusunun çoxsaylı zabit-zabitəli qismi məhz onungəl-gəlkomandasıyla gəlirdi teatra. Bu “fakt”ologiyada belə bir qələbə gizlənmirmi ki; əgər aktyor öz ifaçılıq cəzbi, xarizma üstünlüyü, tanıtım-tapıntılarıyla sənət məbədinə daha çox tamaşaçı kütləsi cəlb etməyi bacarırsa, elə onun özü bir teatr deməkdir!?

   Aktyorluq barmaqla sayılan peşələrdəndir ki, nəzəriyyəsilə əməliyyəsi heç həmişə sinxron alınmır. Kütlələrin ən kütü belə, teatra gələrkən yüksək iddiada olur. Onun görmək, səhnə-parter prosesindən almaq istədiyi budur ki, hər şey - ən xırda detallar belə - orijinal olsun. Deməli, təqdimatçı daim maraqlandırma fəaliyyətində olmalıdır.

   Bu an onun fotoşəklinə daha diqqətlə baxıram. Xəyalım isə gözlərimdən aydın görür onu. Vəfatının qırxıncı günü keçdi. Amma qırx saniyə keçimində, qırx il ağırlığında! Üç”ündə yazmaq istədim, bacarmadım. Yeddi”sində əlimə qələm aldım - sürüşdü düşdü barmaqlarımın ucundan.Qırx”ına da çatdıra bilmədim. Neynək,-dedim - yazan çox olacaq, qoy mənim yazım da qeyri-standart vaxta düşsün. Necə ki, bu özü heç bir standarta sığmırdı”.

   Budur, fotoşəkildən naməlum nöqtəyə dikilən baxışları uzaq yol bələdçisini xatırladır. Bu uzun, incə yolun məlum ucundan tutub, məchul ucuna gedirəm. Xəzərin pərişan saçlı dəli dalğalarını görürəm. Haradansa Vaqif Mustafazadə sədaları gəlir qulağıma - milli tembri, ahəngdar, obrazlı tryukları ilə Bakı rəsmini xatırladan sehrlər səslənir. İçərişəhərdən keçirəm - çarpanaq daşlar yaralayır düşüncələrimin əl-ayağını. Bakı küləyi acı həsrət kimi çırpılır üzümə - “daha Yaşar Nuri yoxdur bu həyatda!” nisgili ilə. Elə bil Yaşar özü boyda, öz oyunu doyumluğunda bir varlıq, öz naxış-nəqqaşlığında bir Bakı xəritəsi imiş. Lap Tofiq Quliyev bəstələri ladı-rəngarəngliyində, Arif Babayev filmləri şirinliyində... Axı, Bakı bütün özünəməxsusluğu ilə əsasən bu kimi sənət bakılılarının yaradıcılığında tərənnüm olunurdu! Yaşar Nuri - həzz ala-ala oynayan, ləzzət verə-verə izlənilən Bakı oyunçuluğu (teatrallığı, kino-kameramanlığı) demək idi. Bıy, başıma xeyir, “demək idi”? Deməli, artıq o dayad”-yaddaşlaşıb?! Yalnız yaddaşlarda yaşayacaq?!.

   ...Ona tamaşa edərkən sanki oyuna deyil, reallığa, oyunçuya deyil, neçə-neçə insan taleyinə şahidlik edirdik. O, ağzıgöyçəklər üçün dil yeri qoyurdu, tənqidçilər üçün əl yeri. Belələri çoxlaşmağı, müxtəlifləşməyi bacarsalar da, dünyaya tək-tək gəlirlər...

   Yaşar neçə-neçə obrazlardan əlavə, neçə-neçə aktyorluğu da cəmləşdirmişdi öz şəxsində. Üzünün universal oynaq cizgiləri ilə neçələrini oynamadı?! Sözü ilə qəlblərə nüfuz edən saysız-hesabsız başqaları oldu. Orijinal səsilə digəriydi, kompleks hərəkətləri ilə başqaları idi, “ başqalarıidi. Həmişə süni hay-küydən uzaq bir şipşirin hay-küydə!

   Bu elegial yazıda onunəl vurma (güldürüb), öldürər!” energetikalı sənət aləminin detallarına varmağa, dəfələrlə təhlil-tərif olunmuş rollarının siyahısını sadalamağa yer görmürəm. Onsuz keçirəcəyimiz günlərin, illərin Azərbaycan səhnə sənətinin kisəsindən getdiyini yazmamaq isə yersiz olardı. Bunları da onun şəklinə baxa-baxa düşünürəm. Bu şəkildən başlanan yol da ki, uzun, çox uzun; bu dünyadan o dünyaya qədər...

   Belə-belə işlər, Yaşar Nuri! Bütün obrazlarıyla birləşib, səhnədə-sənətdə qələbə çalan Yaşar Nuri!

   Hələ bu adla bu ömür müddətinin təzadına bax, Yaşar! Uzun sürən xəstəliyini nəhayətdə ölümobraz”ını da gülə-gülə, təbəssüm, həyat eşqi ilə dolu qələbə ilə yaradan Yaşar!

   bu gözəl ağrını, özəl nisgili ovuda biləcək yeganə təsəlli Sənin ekranlardan əskilməyəcək həmişəyaşar obrazların, Yaşar!

   Allahdan qəni-qəni rəhmət diləyilə - milyonlarla tamaşaçından biri:

  

 

   Samirə Rüstəmova

 

  Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 6.