Bakıda
“Azaflı gecəsi”
Yanvarın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında görkəmli saz-söz
ustadı, aşıq Mikayıl Azaflının xatirəsinə
həsr olunmuş “Azaflı gecəsi”
adlı tədbir keçirilib.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşən gecənin aparıcısı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev respublikamızda aşıq sənətinə, mədəniyyətə göstərilən yüksək dövlət qayğısından danışaraq bildirib ki, bu qayğıdan ruhlanan ictimai birliklər yaddaqalan proqramlar tərtib ediblər. “Azaflı gecəsi” də həmin proqramlardan biridir.
Milli Məclisin deputatı Qənirə Paşayeva türk dünyasının böyük ozanı Mikayıl Azaflının yaradıcılığı əsasında tərtib olunmuş gecənin Cənubi Azərbaycan aşıqlarının iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Gecədə Cənubi Azərbaycandan tanınmış aşıq Çingiz Biriyanın başçılıq etdiyi aşıqlar ansamblı - aşıqlar Cavad Məhərrəmi, Bəhmən Qurbanzadə, Cəfər Xakipur, Əsgər Məhərrəmi, Səyyad Kazımi, Məhəmməd Xrədmənd, balabançılar - Yusif Məhərrəmi, Əkbər Sərvazi, Əlirza İmampur maraqlı konsert proqramı təqdim ediblər.
Tədbirdə həmçinin Azaflı ocağının övladları - Gülarə Azaflı, Aşıq Hakim, Minayə Azaflı, ustadın nəvələri - Roman Hakimoğlu və Məhsəti Azaflı da çıxış ediblər.
Tamaşaçıların böyük
maraqla izlədikləri tədbir dörd saata yaxın davam edib.
Mədəniyyət.-
2013.- 9 yanvar.- S. 5.