Bakı sivilizasiyalararası dialoqda dünya mərkəzinə çevrilib

 

   Bu sahədə əldə edilmiş nailiyyətlər ölkəmizi dünyaya təqdim edir, eyni zamanda, bizim təcrübəmiz başqa ölkələrdə öyrənilir”

  

   Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrik müraciətində ölkəmizin ötən il əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb.

  

    2012-ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafının təmin edildiyini vurğulayan dövlət başçısı iqtisadiyyatda əldə olunan nəticələr sırasında qeyri-neft iqtisadiyyatının təxminən 10 faiz artmasını xüsusi qeyd edib: “Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir. Aparılan islahatlar, düşünülmüş siyasət bizə imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq”.

   Prezident 2012-ci ildə humanitar sahədə böyük işlər görüldüyünü diqqətə çatdırıb: “Bakı sivilizasiyalararası dialoqun təşkili, genişləndirilməsi üçün artıq dünya mərkəzinə çevrilmişdir. Uğurla keçirilmiş İkinci Beynəlxalq Humanitar Forum, onun nəticələri, bu sahədə əldə edilmiş nailiyyətlər ölkəmizi həm dünyaya təqdim edir, eyni zamanda, bizim təcrübəmiz, mən əminəm ki, başqa ölkələrdə öyrənilir. Çünki Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayırlar və yaşayacaqlar. Millidini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir”.

   Dövlət başçısı ötən il idman sahəsində böyük qələbələr əldə edildiyini, London Yay Olimpiya Oyunlarında qazanılan tarixi qələbələr sayəsində Azərbaycanın dünya miqyasında 30, Avropada 15, müsəlman aləmində isə 3-cü yerə çıxdığını vurğulayıb. 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərarın qəbul edilməsi də ölkəmizin böyük qələbəsidir: “Avropanın birinci Olimpiya Oyunlarını Azərbaycanda, Bakıda keçirmək, əlbəttə, bizim üçün böyük şərəfdir, böyük məsuliyyətdir, eyni zamanda, ölkəmizdə görülən işlərə Avropa Olimpiya ailəsi tərəfindən verilmiş yüksək qiymətdir. Nəzərə alsaq ki, bu il biz Avropanın və dünyanın birinci mahnı müsabiqəsini - “Eurovision” müsabiqəsini böyük məharətlə, ustalıqla keçirmişik, əminəm ki, Avropa Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirəcəyik. Əldə edilmiş bu nailiyyətlər bizə imkan verir ki, 2013-cü ilə də böyük nikbinliklə baxaq”.

   Müraciətdə daha sonra deyilir: “Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları səmimi qəlbdən salamlayıram. Onlara bildirmək istəyirəm, fəxr edə bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan dövləti var. O Azərbaycan dövləti ki, bu gün dünyanın bir nömrəli beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüdür. O dövlət ki, hətta böhranlı illərdə öz iqtisadi inkişafını davam etdirmiş, öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır”.

 

 

  Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 2.