Musiqi
onu dar ağacından xilas etmişdi
“Ey təbiblər,
Əbdülqadir bu uddan şəfa tapsa, təəccüblənməyin.
Çünki o, özünün şəfasını musiqidə
axtarır”
Şair, filosof, rəssam, xəttat, mahir ifaçı və
musiqi nəzəriyyəçisi Əbdülqadir Marağayi
Azərbaycan mədəniyyəti tarixində böyük iz
qoymuş şəxsiyyətlərdəndir. Görkəmli
mütəfəkkirin anadan olmasından 660 il ötür.
Əbdülqadir ibn Qeybi əl-Hafiz
əl-Marağayi 1353-cü ildə Cənubi Azərbaycanın
Marağa şəhərində anadan olub. Atası Qeybi ilk
gündən ona böyük ümid və qayğı ilə
yanaşıb. Təlim-tərbiyəsi və təhsili ilə
ciddi məşğul olub. Əbdülqadir ərəb, fars
dillərini dərindən mənimsəyib. Erkən
yaşlarından musiqiyə böyük maraq göstərib.
Bu səbəbdən də Şərq musiqi elmini öyrənməyə
başlayıb, xanəndə, bəstəkar kimi şöhrət
tapıb.
Onun belə tez məşhurlaşmasında
Marağa mühitinin böyük rolu olur. Çünki bu
şəhər həmin dövrdə təkcə Azərbaycanın
deyil, ümumən Yaxın Şərqin elm və sənət
ocağı idi. Bir müddət sonra o, Bağdada
köçür, burada xeyli vaxt yaşayır və
yaradıcılıqla məşğul olur.
1393-cü ildə Əmir Teymur
Bağdadı tutur. Şəhərin bir çox görkəmli
sənətkarları ilə bərabər Əbdülqadir
Marağayini də Səmərqəndə göndərir. O, Səmərqənddə
olarkən Teymurun sarayında böyük hörmət
qazanır. 1399-cu ildə yenidən Azərbaycana qayıdır.
Bir müddət Təbrizdə Teymurun oğlu Miranşahın
sarayında çalışır. Çox keçmir, sarayda
hərc-mərclik yaranır. Bu fürsətdən yararlanan
Marağayi Təbrizi tərk edərək Bağdada gəlir.
Ancaq onun burada rahat yaşaması
mümkün olmur. Çox çəkmir, Əmir Teymur geri dönür.
1401-ci ildə Bağdadı yenidən ələ keçirir. Əbdülqadir
Marağayi bir daha həbs olunur. Bu dəfə ölümü
haqda fərman verilir. Tarixçi Xandəmir “Həbibi-Siyar” əsərində
yazır: “Əbdülqadirin edam günü Bağdad
camaatı həyəcanlı bir gün yaşayır.
Böyük bir təlaş içində meydana toplanır.
Edamda Əmir Teymur da iştirak edir. Onu öldürməyə
gətirəndə o, Qurandan bir surəni ucadan, həm də
çox təsirli və xoş bir avazla oxuyur. Onun belə
mahir oxumasından Teymur çox təsirlənir. Edamı
dayandırır və deyir: “Əbdülqadiri əfv etdim”.
Sonra gülümsəyərək əlavə edir: “Əbdülqadir
qorxudan Quranda cəng çaldı”.
1405-ci ildə Əmir Teymur vəfat
edir. Marağayi bir daha Bağdadda yaşamaq istəmir,
köçüb Herat şəhərinə gedir.
Ömrünün son illərini burada keçirir. 1436-cı
ildə taun xəstəliyinə tutulur və vəfat edir.
Onun
yaradıcılığını tədqiq edən görkəmli
bəstəkar və musiqişünas Əfrasiyab Bədəlbəyli
yazır: “Nadir istedad, hərtərəfli məlumat və dərin
təfəkkür sahibi Ə.Marağayi musiqi sənətinə
hərtərəfli yanaşan musiqi alimidir. O, musiqi sədalarında
hər şeydən əvvəl, insan nəfəsinin ən səmimi
ifadəsini duyur, musiqi avazı ilə insan
varlığının ülviyyətini,
daşıdığı böyük, dərin mənanı
dərk etmək istəyir”.
Marağayi musiqi təlimi sahəsində
geniş yaradıcılıq işi aparıb. Bir neçə
qiymətli əsər yazıb. “Came-əl-Əlhan”, “Məqasid-əl-Əlhan”,
“Kənz-ül-Əlhan” onun məşhur əsərləridir.
Bu ölməz əsərlər Şərq, xüsusilə Azərbaycan
musiqisi ilə məşğul olanlar üçün tükənməz
bir xəzinədir.
Qeyd edək ki, Ə.Marağayinin
atası Qeybi dövrünün tanınmış musiqişünası
idi və oğlunun bu sahədə alim kimi yetişməsində
onun da böyük rolu olub. Marağayi “Məqasid-əl-Əlhan”
əsərində bu haqda yazır: “Atam müxtəlif elm sahələrində,
xüsusilə musiqi elmində bilici, bacarıqlı və
qabil idi. O, mənim tərbiyəmə çox əmək sərf
etmişdir. Musiqini mənə o öyrətdi. Onun bu işdə
məqsədi o idi ki, mən Quranı avazla oxuya bilim”.
Quranı əzbərdən bilən
və özünəməxsus bir ustalıqla oxuyan Əbdülqadir
sonradan taleyini musiqiyə bağlayır. O, bir şeirində
musiqi ilə əlaqədar çox qəribə bir hekayət
yaradıb. Həmin əsərində yazır ki, bir gün bərk
xəstələnir. Yanına çoxlu təbiblər gəlir.
Ancaq onun xəstəliyinə əlac tapa bilmirlər. O, təbiblərin
məyusluğunu duyur və deyir: “Bir halda ki, dərdimə əlac
edə bilmirsiniz, onda qulaq asın”. Udu götürüb sinəsinə
sıxır və deyir: “İndi ürəyimin pərdələri
üzərində əməliyyat aparıb öz dərdimə
əlac tapacağımı dinləyin”.
Ud dilə gəlir və tel-tel
ötür. Marağayi avazla oxuyur: “Ey təbiblər, Əbdülqadir
bu uddan şəfa tapsa, təəccüblənməyin.
Çünki o, özünün şəfasını musiqidə
axtarır”.
Əbdülqadir öz
ustadlarından çox şey öyrənir. Dərin bilik və
əzmkarlığı sayəsində özünü
ustadlar səviyyəsinə çatdırır. Şərq
musiqi xəzinəsinə zəngin irs bəxş edir. Bu haqda
görkəmli bəstəkar Üzeyir Hacıbəyli
yazır: “Yaxın Şərq xalqları musiqisinin nəzəri
və əməli inkişaf tarixində iki Azərbaycan alimi,
nəzəriyyəçi və musiqişünası - Səfiəddin
Urməvi və Əbdülqadir Marağayi başlıca yer
tutur”.
Dövrünün
tanınmış şairi, alimi, rəssamı, xəttatı,
mahir ifaçısı və musiqi nəzəriyyəçisi
Marağayi böyük əməlləri sayəsində
Şərqin adlı-sanlı alimləri olan Əl-Fərabi və
İbn Sina kimi “ustadı salis” adını alır.
Marağayi də Urməvi kimi
musiqi yazı işarələri - tabulatura düzəltmək
işində böyük təşəbbüskarlıq
göstərib. Tarixçi Xandəmir onu musiqi elminin Davudu və
dövrünün heç kəslə müqayisə edilməyən
musiqişünası adlandırıb. Cəlairli Sultan Əhməd
yazıb: “Zəmanəsinin filosofu Əbdülqadirin vəsfini
şərh etməkdə acizəm. Dövrünün filosofu
və alimi olması onun tərifinin mində biridir”.
O, XV əsrdə yazdığı
bir şeirində deyir:
Ey cami cahan, bəhre səfa, bizi
unutma,
Vey mahi zəbin, mehri liqa, bizi
unutma.
Ayrılmadan canım qılınc
ilə eşqindən,
Kər çərxi-fələk
qıldı qida, bizi unutma.
Vardır kərəmindən bu qədər
bircə unutma.
Kər saldı cida bizi qəza,
bizi unutma.
Əbdülqadir Marağayinin
yaşadığı dövrdən əsrlər, qərinələr
ötüb. Buna baxmayaraq onun qoyub getdiyi musiqi irsi indinin
özündə də təravətini və elmi dəyərini
qoruyub saxlayır. Onu düşünərkən, zəngin
yaradıcılığı göz önünə gəlir.
Könüllərdə şeirə musiqi bəstələyən
bəstəkar, musiqiyə şeir qoşan gözəl
şair, bəstələdiyi mahnını özünəməxsus
avazla oxuyan təbli müğənni, müdrik kəlamlarını
zərif barmaqları ilə vərəqlərə nəqş
edən rəssam və xəttat Marağayinin əbədiyaşar
surəti canlanır. Ruhuna dərin hörmət və ehtiram
yaranır...
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 11 yanvar.- S. 15.