Şuşanın toyları bir tamaşa

 

   İndiki düyünlər yemək-içmək məclisi

  

   Qədim zamanlarda Azərbaycanın başqa bölgələri ilə müqayisədə Şuşada musiqiçi, xanəndə, rəqqas, bir sözlə, çalıb-oxuyan çox olub. Hətta belə bir məsəl də var ki, Şuşanın uşaqları ağlayanda «Segah», güləndə «Şahnaz» üstündə gülərlər. 1945-ci ildə «Kommunist» qəzetində çap edilmiş bir yazıda göstərilirdi ki, təkcə XIX əsrdə Şuşa şəhərində 95 şair, 22 musiqişünas, 35 xanəndə, tar, kamanbaşqa çalğı alətlərində ifa edən 70-ə qədər musiqiçi olub. Elə ilk musiqi məclislərinin də məhz Şuşada yaranması bu sənətkarların olması ilə bağlıdır. Yəqin ona görə də Şuşanı Azərbaycanın musiqipoeziya beşiyi adlandırıblar.

  

   Beləliklə də, Şuşa XIX əsrdə bütün Qafqaz üçün bir konservatoriya rolunu oynayırdı. Xüsusilə də yay vaxtlarında bütün Qafqazın hər yerindən sənətkarlar, bəstəkarlar, artistlər, musiqiçilər bu gözəl şəhərə toplaşaraq teatr tamaşaları hazırlayır, toy şənliklərində və musiqi məclislərində iştirak edərdilər.

   Şuşanın yayı bir başqa aləm olardı. Musiqişünas Firudin Şuşinski yazırdı: «Hər evdən, hər qayadan, hər ağaclıqdan tar, kaman, qarmon, ney səsi ucalardı». Şuşalılar toyu da yayda çaldırmağa daha çox meyil göstərərdilər. Bunun bir neçə səbəbi var idi: birincisi, bu yerlərin qışı sərt keçdiyindən toyu yayda etmək maraqlı olurdu. İkincisi də, bütün şuşalılar yayda doğma yurda toplaşardılar.

   Azərbaycanın başqa şəhərlərində olduğu kimi, Şuşada da bütün mərasimlər təmtəraqlı keçərdi. Yas, toy, dini məclislərə xüsusi hazırlaşardılar. Əgər qışda keçirilən məclislərdə aşıqlar çox iştirak edərək dastan söyləməklə məclisi feyziyab edərdilərsə, yay aylarında bu işi adətən xanəndələr yerinə yetirərdi. Xanəndələrin böyük məhəbbətlə oxuduqları muğamlar dağda, dərədə əks-səda verərdi. Şuşada kübar ailələr toya adətən xanəndə dəstəsi dəvət edərdilər. Hər bir toyda onun sahibinin maddi vəziyyətindən asılı olaraq beş-altı xanəndə dəstəsi iştirak edərdi. Beləliklə də, Şuşa toylarının musiqimizin inkişafında müstəsna rolu olub. Şuşanın ən görkəmli xanəndələri sayılan Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Keçəçi oğlu Məhəmməd, Bülbülcan, Cabbar Qaryağdıoğlu məhz bu toylarda püxtələşərək məşhurlaşıblar.

   XVIII-XIX əsrlərdə Şuşada toylar 3, 7, 14, 21 və bəzən də 40 gün davam edərdi. «Bu uzunçəkən toyların səbəbi var idi. Məsələn, üç gün çəkən toylar adicə toy sayılırdı. Bura da çox vaxt bir sazəndə, yaxud bir aşıq dəstəsi dəvət olunardı. Yeddi gün çəkən toylar isə muğam musiqisi ilə əlaqədar idi. Belə düyünə çox hallarda yeddi xanəndə dəstəsi dəvət edərdilər. Hər xanəndə özünəməxsus gözəl ifaçılıq məharəti göstərməklə müəyyən bir muğamı tamam-dəstgah oxuyardı. Əgər toyun birinci gecəsi xanəndə «Rast» dəstgahı oxuyurdusa, ikinci gecə «Çahargah», üçüncü gecə «Şur», dördüncü gecə «Segah», beşinci gecə «Bayatı-İsfahan», altıncı gecə «Rahab», nəhayət, sonuncu gecə isə «Şüştər» oxunardı».

   Hələ «Kitabi-Dədə Qorqud» dastanlarında da toyla bağlı verilən məlumatlarda göstərilir: «Qırx gün qırx gecə toy-düyün elədilər». O cümlədən, bir sıra dastan və nağıllarda da qırx gün qırx gecə toy edilməsi haqqında fikirlərə rast gəlinir. Tarixdən məlumdur ki, Xurşudbanu Natəvan oğlu Mehdiqulu xana qırx gün qırx gecə toy çaldırıb. Bu toyda XIX əsrin məşhur xanəndələri, aşıqları iştirak ediblər. Məsələ ondadır ki, toy üç hissədən ibarət olub. Birinci məclisə əsilzadələr, ikinci məclisə sənətkarlar, üçüncü məclisə isə yoxsullar dəvət olunub. Adətə görə qadınlar gündüz, kişilər axşam toya gələrdilər. Bu toyun ən yaddaqalan məqamlarından biribudur ki, Xan qızı qırx gün qırx gecə Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, plov vermiş, hər dəvətliyə bəxşiş bağışlamışdır. Toyda xələt yığılmamış, əksinə, Xurşudbanu özü qonaqlara hədiyyələr verirmiş. Belə toyların repertuarı da zəngin olardı. Həm həzin mahnılar oxunar, həm qəhrəmanlıq dastanları söylənər, həm də məzəli nəğmələr səslənərdi. Deyilənə görə, Xurşudbanunun oğlunun bu mərasimində 30-a yaxın dastan söylənilib. «Aşıq Qərib», «Tahir və Zöhrə», «Əsli və Kərəm», «YusifZüleyxa», «Valeh və Saliyyə» kimi məşhur məhəbbət dastanları o zaman çox sevilirdi. Belə toylarda geniş yayılan qəhrəmanlıq dastanları da dəbdə idi. Hər bir toy gecəsi «İrəvan çuxuru», «Keşiş oğlu», «Naxçıvanın gədiyindən aşardım», «Arazbarı», «Misri», «Müxəmməs», «Qaraçı» kimi aşıq havaları məclisin bəzəyi olardı.

   Şuşada toy mövsümü başlayanda xanəndələr mütləq bu məclisə yeni mahnı ilə gələrdilər. Firudin Şuşinski «Musiqişünasın düşüncələri» adlı kitabında yazır ki, yeddi gün çəkən toy məclislərindən birini mən 1936-cı ildə Şuşada - Köçərli məhəlləsində qəssab Şəmilin qızı Fatmanın toyunu gördüm. Toyda məşhur xanəndə Xan Şuşinski öz dəstəsi ilə, birqarmonçalan Abutalıb çalıb-çağırırdılar. Qonaqlar çox olduğundan həyətdə bir neçə yüz adam tutan əlavə mağarlar da qurulmuşdu. O zaman insanlar toya dəvətsiz də gələrdilər. Eşidəndə ki bu toyda Cabbar Qaryağdıoğlu, yaxud da Seyid Şuşinski iştirak edəcək, insan axınının qarşısını almaq olmazdı. Toy sahibibu cür təntənədən şərəf duyardı. Belə toylar adətən tarixə düşürdü. Deyilənə görə, Bakıda Seyid Şuşinskinin iştirakı ilə keçirilən bir toyda (1913-cü ildə) məclisə 21 min qonaq gəlib. Şübhəsiz, o vaxtqutuya pul salırdılar, nə də paket verirdilər. O vaxt belə məclisləri «toybaşılar» idarə edərdi. Şuşada belə adamlara «toy padşahı» da deyərdilər.

  

   * * *

   O dövrün toylarında qəribə bir ədəb-ərkan olardı. Yaxşı rəqs edənlərə, oxuyanlara məhz həmin «padşah» tərəfindən hədiyyələr də verilərdi. Toyda hamı yox, yalnız son dərəcə gözəl ritmlə rəqs etməyi bacaranları oynadardılar. Hərənin öz havası var idi. Hamı bir-birinə qarışmazdı. Hətta toya gəlməyən də uzaqdan havanı eşidəndə rəqs edənin kim olduğunu dərhal bilərdi. Bu oyunların da öz xüsusiyyəti var idi. Nəinki hər havaya, hər adamın çalğısına belə oynamazdılar. Bu mənada məşhur qarmonçu Abutalıbın əvəzi yox idi. Onun çaldığı «Tərəkəmə» özgə bir aləm idi. Şuşada elə insanlar da var idi ki, məsələn, Babaş bəy adlı bir nəfər yalnız Abutalıbın «Tərəkəmə»sində oynayardı. F.Şuşinskinin yazdığına görə, ötən əsrin əvvəllərində bütün şuşalılar əzbər bilirdi ki, toylarda «14 nömrəli» havanı Mehdi bəy, «Çanaqqala» havasını Əvəz bəy, «Gəlin, gedək Daşaltına gəzməyə» havasını Pendir Ələkbər, «Mirzeyi»ni isə Təmbəki İbrahim hamıdan yaxşı oynayardı.

   Yuxarıda dediyimiz kimi, adətə görə, toyxana gündüzlər qadınlara, gecələr isə kişilərə verilərdi. Qadın məclislərində də çox vaxt sazəndə dəstəsi kişilər olardı. Bir qadın rəqs edəndə digər qadın da şabaş verərdi. O da sonra həmin pulları sazəndələrə təqdim edərdi. Şuşada yaxşı rəqs edən xanımlar vardı. Hətta elələri olardı ki, bir havanı neçə cür oynaya bilərdi. Məsələn, «Şuşanın Köçərli məhəlləsində Şirniçi Yusifin qızı Qəmər və qəssab Şəmilin qızı Fatma «Qəşəngi» havasını, Çölqala məhəlləsində isə Qəmzə xala «Vağzalı»nı doqquz cürə oynayardı» (F.Şuşinski). Hətta belə toylarda qadınlar da oxuyardı. Onlar məlahətli səsləri ilə xüsusi şövqsegahla toya yeni rəng qatardılar. Təəssüf ki, o vaxt bu mahnıların sözləri yazılmadığından çoxu itib-batıb.

   XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda milli adət-ənənəyə uyğun şəkildə qurulmuş təmtəraqlı toylar məlumdur. Bu toyların özlərinə məxsus gözəl xüsusiyyətləri vardı. Yuxarıda adını çəkdiyimiz Xan qızı Natəvanın oğlunun, eləcə də qəssab Şəmilin qızı Fatmanın toyları və s. Ötən əsrin 50-60-cı illərindən sonra təmtəraqlı toy adətləri yavaş-yavaş seyrəlməyə başladı. Toy üç günə, sonra da bir günə keçirildi. Bu gün bizim gördüyümüz toylar milli forma və məzmununu itirmiş bir yemək-içmək məclisini xatırladır. Toyların əksəriyyətində demək olar ki, muğam oxunmur. Oxumaq üçün şərait də yoxdur. Çünki ansamblda çox vaxt tar, kaman olmur. Birindiki müğənnilər heç özüoxumur, axı. Bəzən də fikirləşirsən ki, bu toy sahibləri niyə filan qədər xərc çəkib o cür müğənniləri toya dəvət edirlər? Bir halda ki onların diskləri bu missiyanı yerinə yetirəcək, niyə havayı xərc çəkirlər?

   Vaxtilə toylar xanəndələrin püxtələşməsi üçün gözəl bir meydan idi. Böyük sənətkarlarımızın, unudulmaz xanəndələrimizin əksəriyyəti elə bu el şənliklərində məşhurlaşmışdılar. Onların vaxtlarında nə televiziya, nə radio, nə də fotokameralar var idi. Amma sənət öz yerində idi. Xanəndə əsl peşəsi ilə məşğul idi. Gözəl səslər, əla ifaçılar indikindən çox idi. Son vaxtlar qəribə bir ironiya ilə deyirlər: «filankəs toy müğənnisidir», yaxud da «mən özümə sığışdırıb toya gedə bilmərəm». Adama qəribə və ağır gəlir ki, toya bu cür yüngül münasibət bəslənilir. Yeni bir ailənin təməlinə şahidlik edəcək mərasimə ağız büzülür, sanki toy bir şadyanalıq yeri yox, nəsə xoşa gəlməyən bir ünvana işarədir. Halbuki toy hər bir valideynin illər boyu arzuladığı müqəddəs məqamdır ki, həyata keçəndə onun sevincinin həddi-hüdudu olmur. Bütün alqışlarda da bu ifadə tez-tez səslənir: «Allah sizə toy qismət eləsin», «Nəvə toyu görəsiniz», «Qapınızda toy çalınsın», «Həmişə xeyir işdə görüşək».

   Hər kəs də istəyir ki, ömürdə bir dəfə çalınacaq bu toyda bütün detallar yerində olsun, yaddaqalan bir mərasim tarixə çevrilsin. Toya yüngül münasibət bəsləmək onu başdansovdu tədbir kimi yola vermək təkcə biganəlik deyil, həm də adət-ənənəyə, soy-kökə xəyanətdir. Toy xalqımızın çox gözəl adətlərindən biridir. Bugünkü qondarma adətlər, toylarda çalınan yad musiqilər bizi çox narahat edir. Dəfələrlə bu mövzuda yazmışıq. Süfrəmizdən tutmuş gəlin gətirməyə qədər davam edən proseslər çox «redaktə»yə məruz qalıb. İndiki toylarda olan gurultu insanlara bir əsəb gərginliyi bəxş edir. Toyda dincəlməkdən, zövq almaqdansa, əksinə narahat olursan, bir fürsət tapıb tez oranı tərk etməyə çalışırsan.

   Aparılan müşahidələr göstərir ki, çox vaxt toy sahibləri də bu cür mərasimlərdən narazı olduqlarından şənliklərini öz istəkləri kimi qurmaq istəyirlər. Buna nail olanlar da az tapılır. Çünki restoran sahibləri toy adamları ilə razılaşmır. menyuda, nə musiqinin səsində, nə də başqa işlərdə. Nəticədə yenə də köhnə hamam, köhnə tas. Çox istərdik ki, bu gün Azərbaycanda bir insan irəli çıxıb bəyan etsin ki, mən toyu qədim adət və ənənələrimizlə təşkil edəcək bir şadlıq evi qurmuşam. Bu şadlıq evində də məhz Azərbaycan mətbəxinə riayət ediləcək. Avropanın soyuq qəlyanaltılarına, insan sağlamlığında min cür fəsad yaradacaq içkilərə, kolbasaya, cürbəcür salatlara, tərkibi bilinməyən digər qida məhsullarına «əlvida» deyəcəyik. Bu vacib addımı atacaq sahibkar görünmür. Bu arzununvaxtsa göyərəcəyi hələ ki bəlli deyil. Məlum olan budur ki, bizim gözəl toy adətlərimiz var idi. O toyda bozbaş bişirilərdi, dolma hazırlanardı, süfrəyə məhz bir cür turşu düzülərdi, tərəvəz verilərdi. Plov həqiqətən süfrənin «şah»ı olardı. Daha indiki kimi məclisin sonunda süfrəyə gətirməzdilər. Elə, yeri gəlmişkən, bu «bozbaş» məsələsi də bizi narahat etdi. Azərbaycan mətbəxinin gözəl xörəklərindən sayılan bozbaş iki «missiya»nı yerinə yetirir: həm suludur, həm də quru. Daha «pervi» və «vtoroya» ehtiyac duyulmur. Bu da Azərbaycan aşpazlarının ustalığından, milli mətbəximizin zənginliyindən xəbər verir. İndi bizim bəzi müğənniciklər bir-birlərindən xoşu gəlməyəndə qəribə söyüş metodu tapıblar. «O, bozbaş müğənnidir». Qardaşım, sözün var, söz danış. Sənin Azərbaycan mətbəxinin nemətləri ilə nə işin var? Müqayisə aparmağa başqa variant yoxdur? Onsuz da mənəviyyatımız sizdən sarı zədələnib. İndi də...

   Nəsə... Mətləbdən uzaq düşdük. Əslində, mən əlimiz yetməz, ünümüz çatmaz, bu gün düşmən tapdağında saralan Şuşamızın şad günlərindən, xürrəm saatlarından söhbət açırdım. Yenə də bir ümidə tapınıram ki, o dağların başındakı dumanlar mütləq qovulacaq. Biz doğma Şuşamıza dönəcəyik. Onun dilbər guşələrində, məhəllələrində əvvəlki kimi düyünlər başlanacaq, yenə də Şuşada oxunacaq muğamlar, segahlar, xalq mahnıları dağlarda əks-səda verəcək. Yenə də Şuşada toy çalınacaq...

 

 

   Flora Xəlilzadə

 

   Mədəniyyət.- 2013.- 11 yanvar.- S. 13.