Gumbur-gumbur nağaralar döyüldü...
Qədim
musiqi alətləri
“Qədim musiqi
alətləri” rubrikasında bu dəfə
zərb musiqi alətləri barədə
məlumat verəcəyik.
Nağara
Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. "Kitabi-Dədə Qorqud"da oxuyuruq: "Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı".
Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür.
Xalqımızın toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın ölçüləri ilə fərqlənən bir sıra növləri mövcuddur: böyük nağara, cürə nağara, çiling nağara, qoltuq nağara, əl nağara.
XII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez "nağara" sözü işlədilir:
Çataraq inləyir neyin nəfəsi,
Nağara əl çalır, yüksəlir səsi.
Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Saxsıçılıq sənəti isə təxminən 3 min il əvvəl geniş yayılmışdır. Deməli, nağaranın da ən azı bu qədər yaşı var.
Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaranın gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən, gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir.
Nağaranın növlərindən biri olan qoltuq nağara adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir. Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Bu haqda Nizami Gəncəvi də məlumat verir:
Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi
zara.
Hazırda ansambl və
orkestrlərdə aparıcı
alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Folklor ənənələrində,
xalq oyun-tamaşalarında,
eləcə də
"Cəngi", "Yallı"
və bu növ rəqslərdə
qoltuq nağaradan istifadə edilir. Sağanağı qoz, ərik
və müxtəlif növ ağac materiallarından hazırlanan
silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.
Qoşanağara
Qoşanağara xalq musiqisində
ən çox istifadə edilən zərb alətlərindən
biridir. Adından məlum olduğu
kimi, bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı
nağaradan ibarətdir.
Bəzən "qoşa dumbul"
(dumbul, dümbələk)
da deyilir.
Qoşanağara müxtəlif ölçülü
iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir.
Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi,
öküz, dəvə
və ya at dərisi camış gönündən düzəldilən
köşə ilə
və ya vint mexanizmi ilə dartılır.
Həmin
burğuların vasitəsilə
alətin köklənməsi
də təmin olunur. Alət yerə və
yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac
çubuqla çalınır.
Çalğı zamanı çubuqları
ayrı-ayrılıqda hər
iki dəri üzə, bir üzə (mərkəzinə
və kənarına),
bir-birinə və ya gövdəyə vurulması ilə müxtəlif səslər
alınır.
Qoşanağara fərdi şəkildə
hazırlandığı üçün
ölçüləri müxtəlifdir.
Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin
diametri 240-280 mm, kiçiyinin
isə 110-140 mm olur. Milli musiqinin folklor nümunələrində, o cümlədən
orkestr və ansambllarda istifadə edilir.
Qaval
Qaval Azərbaycanın ən qədim milli zərb aləti sayılır.
Alət barədə klassiklərin
əsərlərində, miniatürlərdə
kifayət qədər
məlumat verilmişdir.
Bir çox Şərq ölkələrində də
qavalın müxtəlif
ölçülü növləri
geniş yayılmışdır.
Birüzlü zərb alətləri
qrupuna aiddir. Qaval barmaqlarla ifa edilir. Qaval, bəlkə də,
yeganə alətdir ki, ilkin formasını
dövrümüzə qədər
saxlaya bilmişdir.
Rəng, dəraməd, təsnif
və zərbi muğamların üçlük
tərəfindən ifası
zamanı qavalın iştirakı mütləqdir.
Adətən, palıd, ərik
və başqa möhkəm ağac növündən hazırlanan
dairəvi ağac soğanağın bir üzünə xüsusi üsulla aşılanmış
nərə balığının
dərisi çəkilir.
Balıq
dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir.
Sağanağın içəri hissəsinə
çevrəsi boyu
60-70 ədəd xırda
mis halqalar bərkidilir. Eni 60-75 mm, diametri
350-450 mm olur.
Qaval bütövlükdə membranlı alət olsa da, onun
idiofonlu alətlərə
məxsus əlamətləri
də vardır.
Sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz
səs tembri yaradır. Qaval Üzeyir Hacıbəyli
tərəfindən xalq
çalğı alətləri
orkestrinin tərkibinə
əsas alət kimi daxil edilmiş,
onun ilk not partiyasını
da bəstəkar özü yazmışdır.
İfaçı qavalı hər
iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir.
Əsasən xanəndələr tərəfindən istifadə
edilən qavalın oynaq səsi dalğa-dalğa havalanır.
Başqa
zərb alətləri
kimi, qaval da çalınan zaman azca qızdırılır
ki, dəri dartılıb yaxşı
səslənsin.
Təranə
Mədəniyyət.-
2013.- 11 yanvar.- S. 12.