Qarabağ
xanlığının kino salnaməsi
“Hər kəs hazır! Çəkirik!”
Rejissorun amiranə səsi ilə kamera hərəkətə
gəlir, səhnə növbəti dublda lentə
alınır. Bu dəfə kinolentə
köçürülən sadəcə ssenari və ya bədii
əsərdən epizod deyil, sözün həqiqi mənasında
tarixin bir səhnəsidir.
Pavilyona daxil olanda ilk gördüyümüz mənzərə də tarixdən bir parça idi. Taxt-tac, üzərində sənədlər olan masa, lələkli qələmlər, naxışlı mütəkkələr, xalçalar, zər-ziba geyimli aktyorlar. İçəridəki sakitliyi isə “Çəkdik! Stop!” sözləri pozdu. Qrim ustası aktyorun, operator kameranın, işıqçı işığın üzərinə qaçaraq düzəlişlər edirdi. Rejissor isə çəkiləcək növbəti kadrda kimin nə edəcəyini, hansı rakursdan çəkilişin ediləcəyini, aktyorun hansı vəziyyətdə olacağını başa salırdı. Deyəsən, növbəti kadr üçün hər şey hazırdır. “Diqqət! Hamı kənara çəkilir, tam sakitlik! Başlayırıq!”
Beləliklə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əzəli yurd yerimiz olan Qarabağın tarixindən, daha doğrusu, bu tarixin təxminən bir əsrə sığan dövründən - Qarabağ xanlığının salnaməsindən bəhs edən çoxseriyalı bədii televiziya filminin çəkilişləri başlanıb. İctimai Televiziyanın “Carçı film” studiyasının lentə aldığı ekran əsəri tarixi faktların zənginliyi, tarixi məqamların bədii həlli ilə yadda qalacaq.
Filmin quruluşçu rejissorlarından biri, Əməkdar incəsənət xadimi Bəhram Osmanov filmdə Qarabağ xanlığının tarixinin mərhələlərlə əks olunduğunu bildirdi: “Azərbaycanın bu gün ən yaralı yeri Qarabağ haqqında tarixi film çəkmək olduqca məsuliyyətli işdir. Filmin ideya müəllifi İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərovdur. Ssenari müəllifləri İsmayıl Ömərov və Elman Qədirlidir. Bu, böyük layihədir və rejissor Cavid Təvəkküllə birlikdə uzun zamandır ki, hazırlıq işləri aparırıq. Tarixi film olduğundan hər səhnəyə dəfələrlə baxılıb, dəyişikliklər edilib. Filmin ssenari müəllifləri ilə birgə çalışırıq ki, təhriflərə yol verməyək. İrimiqyaslı ekran əsəri olduğundan o dövrün koloritini vermək o qədər də asan deyil. Mövzu elədir ki, yaxşı götür-qoy edib iş görməliyik. Məsləhətçi tarixçilərimiz var. Mübahisə yarandığı zaman onlarla məsləhətləşirik. Bir daha göstərməyə çalışırıq ki, Azərbaycanın başına gələn bəlaların kökü vaxtilə Qarabağ xanlığında yaşanan faciələrdən başlayıb. Çalışacağıq ki, film tamaşaçı üçün də maraqlı olsun. Çoxseriyalı ekran işi olduğundan tamaşaçı marağını saxlamaq mütləqdir. Buna görə də bədii, obrazlı formada tarixi faktları tamaşaçıya çatdırmaq istəyirik”.
Filmin digər quruluşçu rejissoru Cavid Təvəkkül aktyor seçiminin uzun zaman aparıldığını bildirdi: “Çalışırıq ki, yeni simalara üstünlük verək. Həmçinin daha inandırıcı simaların olması üçün bir neçə dəfə yoxlama apardıq. Hətta çəkiliş prosesi dövründə bəzi aktyorları dəyişdik. Bəzən aktyorlar da bundan inciyirlər. Biz sadəcə səhv etmək istəmirik. Səhv etməyə ixtiyarımız yoxdur. Tarixiliyinə, bədii həllinə, həmçinin texniki tərəflərə görə cavabdehlik bizim üzərimizdədir. “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi bizə çox köməklik etdi. Pavilyon, işləmək üçün otaqlar ayrıldı. Kinostudiyanın direktoru Müşfiq Hətəmova minnətdarlığımı bildirirəm. Dekorasiyanın qurulmasında isə rejissor Eldar Quliyev yardımçımız oldu. Bildiyiniz kimi ötən il o, “Dərvişin qeydləri” bədii filmini çəkib. O film də tarixi olduğundan bizə dekorasiyada köməyini əsirgəmədi”.
Filmin süjet xətti böyük
tarixi dövrü əhatə edir
Film xanlığın yaranmasından süqutuna qədər olan tarixi dövrü (XVIII əsrin 40-cı illərindən XIX əsrin 20-ci illərinədək) əhatə edir. Hər xanın hakimiyyəti dövründə baş verən əsas hadisələr önə çəkilir. Xanlığın yürütdüyü siyasət, qonşularla münasibət, siyasi məsələlərin ailəyə, saraydaxili münasibətlərə təsiri göstəriləcək. Filmdə tarixdən tanıdığımız simalar, tarixi qəhrəmanlar canlandırılıb.
Rejissor B.Osmanov:
“Xanlığın yaradıcısı Pənahəli xan, onun
davamçısı, oğlu İbrahimxəlil xan və digərləri
tarixdən, bədii əsərlərdən
tanıdığımız, tamaşalarda
gördüyümüz qəhrəmanlardır. Bu filmdə onların taleyi göstərilir.
Lakin burada bir yanaşma olacaq. Bir növ onların etiraf etmə
imkanı yaranacaq ki, nəyi səhv ediblər, nəyi düz.
Düşünürəm ki, bizim tarixi qəhrəmanlara, nəhayət,
indi imkan verildi ki, olduqları kimi göstərilsinlər”.
Filmin çəkilişləri
pavilyon və naturada aparılacaq. Quba, Şəki və
Gürcüstanda çəkilişlər nəzərdə
tutulub. C.Təvəkkül deyir ki, bəzi səhnələrin
çəkilməsi üçün havaların isinməsini
gözləməli olacaqlar. Ona görə aprel ayına kimi
çəkilişlər davam edəcək.
Filmin ikinci rejissoru Kamran
Ağabalayev bildirdi ki, filmdə döyüş səhnələri
də yer alacaq: “20 minlik ordunun döyüş səhnələrini
izləyəcəksiniz. Xüsusi kaskadyorlar tərəfindən
döyüş səhnələri hazırlanır. Həmçinin
kompyuter qrafikası imkanlarından istifadə edəcəyik. Hətta
deyərdim, qrafik təsvirlər filmdə önəmli yer
tutacaq. Texniki avadanlıqlarımız müasir standartlara tam
cavab verir. Əminəm ki, tamaşaçı Azərbaycan
tarixi haqqında çəkilən filmi maraqla izləyəcək”.
Çəkiliş prosesində
lokal səsyazmadan istifadə edilir, yəni dialoqlar canlı səslə
lentə alınır. Bu da hadisələrin daha real, canlı
təsvirinə imkan verir.
Qarabağın xanları da danışdılar
Qarabağın ikinci xanı
İbrahimxəlil xan obrazını canlandıran aktyor Elşən
Rüstəmov tarixi filmdə böyük həvəslə
çəkildiyini bildirdi: “Öz tariximizi canlandırmaq aktyor
üçün də maraqlıdır.
Çalışıram ki, İbrahimxəlil xanı bir insan
kimi düzgün canlandırım. Onun yürütdüyü
siyasəti əsas tutaraq insani keyfiyyətlərini aça
bilim. İbrahimxəlil xan Qarabağın tarixində
böyük sima olub. Xanlığın yaradıcısı,
atası Pənahəli xandan sonra hakimiyyətə gəlib və
xanlığı daha da genişləndirib. Qonşu
xanlıqlarla iqtisadi əlaqələr qurub, ağıllı
dövlət başçısı olub. Filmdə İbrahimxəlilin
uşaqlığından ölümünə qədər
olan dövr təsvir edilir. Mən də cavanlıqdan
başlamış ölümünə qədər bu
obrazı canlandırıram. Sui-qəsd nəticəsində
onu və ailəsini öldürürlər. Bütün
bunlar filmdə əksini tapıb”.
İbrahimxəlil xandan sonra hakimiyyətə
gələn oğlu Mehdiqulu xanı canlandıran aktyor Rasim Cəfər
yaratdığı obrazın xarakterindən
danışdı: “Mehdiqulu atasının ölümündən
sonra hakimiyyətə çar Rusiyası tərəfindən
gətirilir və onu Rusiya yönlü siyasət aparmağa
bir növ məcbur edirlər. Burada onun ailədaxili münasibətləri
də göstərilir. Mehdiqulu xan Azərbaycanın məşhur
şairəsi Xurşudbanu Natəvanın atasıdır.
Tarixi qəhrəmanı canlandırmaq çox məsuliyyətli
işdir. Çalışmalısan ki, qəhrəmanı
tanıyasan və daha sonra oynaya biləsən”.
“Qarabağnamə” bədii
televiziya filmi 9 seriyadan ibarət olacaq. 2013-cü ilin ikinci
yarısında ekranlara çıxması nəzərdə
tutulub.
Filmin baş operatoru Emin Rəhimov,
quruluşçu rəssamı Əziz Məmmədov, qrim
ustası Elbrus Vahidov, səs rejissoru Orxan Ağalarov, bəstəkarı
Ayaz Qəmbərlidir.
Rollarda əməkdar artistlər
Qurban İsmayılov (Pənahəli xan), Elşən Rüstəmov
(İbrahimxəlil xan), Abbas Qəhrəmanov (Çələbi
xan), aktyorlar Rasim Cəfər, Kəmalə Hüseynova, Təvəkkül
Əliyev, Novruz Cəfərov, Tunay Əliyeva, Azər Aydəmirov
və digərləri çəkilirlər.
Reyhan
İsayeva
Mədəniyyət.-
2013.- 11 yanvar.- S. 11.