Hər an, həmişə, müdam -

 

   bənzərsiz sənətkar, doxsan il canlı, yaxın, on ildir “uzaq, yaşıl ada”m…

  

   333 fəsil oxumuş, konsertləmiş, kinolamış, çalıb-çağırmış bu adamın ömrünü çox “3”-lər izləyib. 1913-cü ildə doğulub, 32333 gün yaşayıb, 2003-cü il yanvarın 13-də dünyasını dəyişib, hesablamalarıma görə, 13 kino və telefilmdə çəkilib, sorğularıma əsasən - 103 mahnısı var, “maraqlı”dır ki, bu, onun haqqında 13-cü yazımdır (sağlığında 3, yoxluğunda 10), qəzetimizin 3-cü gün (9 yanvar) sayındakı yazını (“Kinomuzun Mirzəsi”), bunu və (təbii ki) iyulun 3-cü həftəsində çap ediləsini də nəzərə alsaq, bu il bu həmişətəzə Mirzə haqda 3 yazı verilmiş olacaq...

   Və bu bəs qədər “nəhs” dosyedən sonra -

  

   113 kəlməlik giriş

  

   “Do” ilə başlayıb, “si” ilə qurtaran səslər çətin Sənə dov gələlər!

   Noolub, babam?! Hara belə? Nə tələsirsən, - hər oxuyub-avazlayan, yazıb-yozan cavanları yora belə?! Yaşını demirəm, sağını-solunu, yarını-yoldaşını nəzərə al, ay “teyxa muzıkal”!

   ...Gör, neçə vaxtdır, öz ecaz mahnılarınla könlümü əsir almısan! Neçə dəqiqədir duyğularıma “Liman” lövbəri salmısan...

   Hə, ümumovqat hay-harayımız! Daim müasir, həmişəcavan - qos-qoca Mirzə dayımız! Bir an da toxtamırsan. Deməli, Sənlə yola getmək çətin. Sənin “Dinmə, danışma, yat, balam”ını “yaz, balam” kimi aranjimanlamaq olmur. “Tək səbir”inin qıfılını yüz “cüt səbir”lə açmaq mümkünsüz.

   İndi mənə tam aydın oldu ki, sən məclislərin birində qocalara “çıxdaş” kimi baxan bir şou cavanına niyə belə bir atmaca atıbsan: “Qoca kötüklər üstündə çox cavan şivlər doğranıb, bala!”

   Deməli, səninlə ayaqlaşmaq üçün, yol yoldaşlığından ayrılıb, sənət daş-qaşlığına keçməli...

   Davam edək;

  

   Do-re-mi-fa...

  

   Paaa, təbiətin bu buz kimi soyuqluğunu duz kimi əritdi ki - sənin hərarət dolu mahnılarının xəyali sədaları!

   Deyirəm, qoy qalan üç səsi də texnika səsləndirsin. Səsləndirsin, biz də üç sobalıq qızınaq. Bir hovur isti rahət edək. Sözümüzü qışın bacasından, nitqimizi - qənaəti-“smart-kart” hesabına bir-birinə dəyən dişlərimin he-ca-sın-dan qur-ta-rım. Birnəfəsə danışa, birqələmə yaza bilim...

  

   Hə, a-u-di-o!

  

   Hə, haydı, ən yeni texnika! Elə cavanlığından ahıllaşıb-qocamanlaşmış unikal-universal səsli bu sənətkarı bir az da açıqlayıb ucamanlaşdır. Əlbəttə, ən hərarətli, al rəngli mahnısından başla; qışın “oğlan çağı”dır, axı!

   Aha, “Zəfəran”. Əla. Ohoo, hərarətin dadına da bax! Lap “zəfəranplov” dadıyır.

   Oyy, dəcəl nəvəm pultu qurdaladı - “Tək səbir”i yarımçıq kəsdi.

   Pultu bəri elə, ay incim. Pultu ver, öz qınlarını bəyənməyib, yad-lad donlarına bələnən atan kimilərinin ədaniyyət səfsəfəsinə qoşulmamağınçün sənin hələ ting zövqünü bəri başdan milli mədəniyyət fəlsəfəmizə calayım. “Bəri başdan“ demişkən, hələ çirklənməmiş başını bir az da ləzzətlə yırğala bu səsə. Ay sağ ol! Bə nədi, igidim, onlar ifaçılarına əl-ayaqları ilə reaksiya verirlər, biz beyin-başımızla. İndi şip-şiyin dilinlə mənə cavab vey. De göyüm, bu bədən üzvlərinin hansı daha ali, qanandır? Hə, səninləyəm, ay elə indidən qonşu qızcığazlara “saçlayına gül düzüüüm” deyə, ahıl sənətkarı yamsılayan cahıl xatakar!

   Xəyalımda - yay yazılarımdan birini işlərkən pəncərəm ağzına qonan kəpənəklər canlandı. Onlara xitabən yazmışdım ki, siz hardan bildiniz, növbəti nəğmə “Kəpənək” olacaq? Demişdim, hə, qoy bu aşiq səs allı-ballı sədalarıyla bizi yelpikləsin, ithaf personajı olan sizsə öz xallı qanadlarınızla bir-birinizi. Amma bu dəfə “Qaçdım sənin dalınca mən...” deyəndə tutduq verin ha! Nədən ki, hava yaman istidi - nə özünüzü incidin, nə də sağlığında çox yorduğunuz bu qocaman sənət kavalerinin ruhunu...

   Aha -

  

   “Uzaq, yaşıl ada”...

  

   Görəsən, şair bu kəlmələrin məna ilmələrini bu ifadakı kimimi toxuyub? Müəllif-mirzənin “Ayrılıq bir dənizdir” mübaliğəsini başa düşdük, bəs sən niyə növbəti poetik informasiyanı elə fantazik-muzik, dramatik-melodik təqdim edirsən ki, biz də belə sentimentalik işə düşürük, ay nəğməkar Mirzə? “Sən uzaq, yaşıl ada” adlandırdığın o gözəli öz ecazkar taktlar yelkəninlə o qədər uzaqlara, hicrin elə qərib-qürbət məsafələrinə aparırsan ki, bu soyuq-sazaq gündə adamı sənət-cənnət hərarəti bürüyür...

   Nəysə, Mirzə baba, sənin bu “yaşıl ada”nda dirçəlib, yüzbir mahnından otuz doqquzunun fonunda minbir “mod-modal” işlətmək fikrindəydim, alınmır. Qırxıncı mahnın haqda isə lap sonda “son söz” əvəzi bir köz söz deyəcəm. İndiliksə, ay Mirzə dayı, ey başdan-başa məzə, yaşca “köhnə”, başca, zövqcə həmişətəzə dayı, növbəti “fəsil”də sənin gənclik zəmanənin leksikonu ilə “Mirzə teatrosu”ndan bir düjün -

  

   Retro-fikirlər...

  

   Hə, bir “fəsil” yuxarıda söylədim axı; hər il yayın qızmarında yadıma düşürdün və oturub yazmaya bilmirdim. O fikirlər, faktlar içərisində isə elə “retro”lar var ki, onları “pero”lamamaq olmur. Məsələn, necə təkrarlamayım ki, sən dünyaya ən isti ayda (iyul 1913) gəlib, ən soyuq ayda (yanvar 2003) gedibsən (noolmuşdu, tabutun arxasınca gedən minlərlə pərəstişkarının kədər yanğılarını bir az soyutmaq üçünmü?). Sən doxsan il yaşayıb, bizimçün oxumaqdan doymadığın kimi, mən də doqquz il idi bu Sənsizliyə dözəmməyib, hər yay sənin sənət çətir-ətirinə sığınıb yazmaqdan bıqmırdım.

   Həmişə olum günlərində əlimə qələm alırdım, bu dəfə anım günündə ələm-qələm götürdüm. İlk yazımın başlığıylasa lap “gül” vurmuşdum: “Nəğməli yaşam odasından, “uzaq, yaşıl ada”sından ayrı düşmüş Mirzə dayı, o dünyana salam olsun bu dünyandan!” O uzun başlığı belə bir füzun başlıqaltıyla “müdafiə” etmişdim: “Mahnılarının sayından, Allahın verdiyi yaş payından, şax şəxsiyyət, şux sənət, qaynar həyat eşqindən uzun ha deyil bu başlıq, ay Mirzə baba!..

   Sənin doxsan illik bioloji, yetmiş illik sənət ömrün, indilər efir-ekranlar hesabına beş-on il yaşayan müğənnilərin ömürlərindən çox qısadır. Bu - yağışdan sonra çıxan “şlyapatimsallılar” nə qızmar yaylara sərinlik gətirə bilirlər, nə şaxtalı qışlara hərarət. Elə bil bunların əksəriyyətinin göbəyi səs-küyi-“şum”da kəsilib, “qlanda”ları dara-barayi xırmanda yabalanıb...

   Görəsən, sənin doğulduğun ilin yayında-qışında necəymiş Bakıda havalar, Mirzə bakılı? Qoçu Əsgərli, Məşdibadlı Bakıda. Sən öz ecazkar səsinlə o ağsaqqal aşiqin kinoportretinə necə polifonik cizgilər əlavə edibsən, ustad! O çağların min, bu vaxtların min-min “inteqreyşn-yevropeyşn” cayıllarına dəyən İbad kişini öz fenomenal vokalınla daha da zavallılaşdırmısan. Bax bu an mənim xəyalım onun öz qoçu dəstəsilə Rüstəm bəyin üstünə hücum səhnəsinin iştirakçısıdır. O səhnənin baş qəhrəmanlarından biri də sənin Səsindir, Mirzə qədeş! Sənin sədan o səhnədə necə qazı-qazı qoqazlanır, yava-yava avazlanır! “Allaha and ol-suun, bu-dur de-yi-rəm! Qı-zı mənə, qı-zı mənə gərək verə-sən! Ver-məsən hər-gah, eylərəm bədnam, Çünki mən bir ta-ci-rəm, bax-maram bəgə!..

   Məzən olsun, ay Mirzə kişi! Deyirlər, bəstəkarlar məhz sənə ifa etdirmək istədikləri mahnıların “hə”sini alınca “do”dan “lya”ya xahiş-minnət səsləri çıxarırmışlar. Alnına qalxmış pırpız qaşların enincəyədək əl-amanda qalırmışlar ki, kənək qoz, hənək qız yiyəsi timsalında bərkə saldığın o “hə”ni verəcəksən, ya yox. Əlbət, əvət, düz edirmişsən; axı sən bununla milyonların “hə-həri”sini, “bravo!”-“şedevro!”sunu almalıydın!

  

   Fəsli-axşamlamaq...

  

   Səninlə bağlı düşüncələrimin birindən ayrılıb o birinə düşə-düşə, axşamı düşürdüm. Və yadıma “Bir axşam”ın düşdü. Mahnıları məna sanbalına görə seçib-sonalamağın bir yana, sözləri necə aydın, necə duru tələffüz etməyin özgə bir aləm! Sənin avazın misraların aşiq-məşuqlarını bir-biriylə necə tutuşdurub-qovuşdurur, “əğyar”larını necə tutaşdırır. Hicranları sız-sız sızıldadır. Üz-üzə, göz-gözə durmuş vüsalları köz-köz alışdırır, aa! “Taylı tayını tapar” qafiyələr səsinin bir gülündən uçub o birinə qonur, haa!..

   Amma bütün bunlara - sənin “Bir axşam”ına, neçə gündü köhnə yay yazılarımın “isti aşına soyuq su calamaq” məcburiyyətilə üzləşdiyim bu qış yazısı ladında əlləşən bəndənizin sənə vurğunluq ehtişamına rəğmən, hava bir az da soyuqlaşır. Yaman soyuqdur, qızmar baba! Dayan, qoy səninlə bağlı bir-iki xatirə danışım, bu şaxtanın şaxı bir az sınsın. 33 il öncə ADU (BDU) tələbələrilə görüşündən qalmış xatirə. Böyük hind sənətçisi Rac Kapurun “Avara” filmindəki eyniadlı mahnısını “cılxa azərbaycanca” ifa etməyinin “cılxa bolşevik” tərbiyəsilə silahlanmış ədəbi və musiqi ictimaiyyəti tərəfindən necə süngüləndiyindən baməzə-balməzə gap edib, o ki var güldürdün tələbələri.

   Hələ Kərbəla əhvalatı! Ötən əsrin ikinci yarısında (1956) - ateizm qılıncının dalı-qabağı kəsən dəmlərdə - o dövrün ən xoflu ifadələrindən biri olan “sovet nümayəndə heyəti” tərkibində qırmızı Moskvadan edilən o “qara səfər”də - sən, Rəşid Behbudov və Çingiz Sadıqov “həm ziyarət, həm ticarət” məsəlinin yalnız birinci tərəfini tutursunuz. Müqəddəs ziyarətgaha buraxılmağınız “kəlimeyi-şəhadət”i bilməyiniz hesabına baş tutur. Rus sənətçilərindən birinin hirslə “a çto takoe kalmei-şaxadat?!” sualına isə əsl Mirzə-məzə kodu tapırsan: “Məncə, bu, Lenin yoldaşın “Seçilmiş əsərləri”ndə izah olunub”...

   ...Sən bu diskdə axırıncıdan əvvəlki mahnını oxuyur (“Daha nə istəyirsən”), mənsə sonuncu fəsli toxuyuram:

  

   Daha nə istəyirəm?

  

   Yəni, mən ki hər dəfə bu mahnını eşidəndə elə bilmişəm bu xitabın bir qırağı da mənə aiddir və sənin öz dünyanı dəyişdiyindən bəri hər ilin yayında səndən yazmışam,- özü də, ötən doqquz yazımda haqqında nə bilib-nə bacarıram, sənətini nə qədər sevirəm - hamısını demişəm, bəs, yaxşı, doğrudan da daha nə istəyirəm?!.

   Yox, estrada “ədəbiyyat”ımızın yek Mirzəsi, Azərbaycanda səhnə sərbəstliyinin, ifa ayın-şayınlığının tək banisi, yox! Məsələ burasındadır ki, hər il amansız istilər düşəndə - can-cəsəd bürküdən bişib, qələm daşa ilişəndə mütləq yığışıb sənin “ovqat kurortu”na pənah gətirirəm - pul-pənəsiz turistliyə oylaq baba! Builki isti rahətim isə soyuqrahətliyə düşdü - sənin anadan olmağının 100 illiyi səbəbindən.

   Və bu da sonuncu mahnın: “Kimlər gəldi, kimlər getdi”. Əlbəttə, “bu dünyadan”...

   Yüz il əvvəl bir qızmar yay günü bir evə “inqə-lad” bəbə kimi gəldin, on il öncə bütöv bir ölkə-evdən ustad baba olaraq getdin...

   Vəssalam, Mirzə zirvə! Artıq gecdir. Bu ahıl yaşımızda ahlaşıb-uflaşdıq, “beh”ləşib bəh-bəhləşdik, ruhlaşıb-qutlaşdıq, yüngülləşdik. Bundan öncəki doqquz sərinləşdirici yay-yazı gecələrimin hərarətinə müvafiq gün yaşayıb, bütün qış gecələrindən fərqli bir gecə keçirdim - 13 yanvar 2013 tarixindən 3 gün öncənin 13.00-23.00 saatlarında...

   Bugünə qədər yaşasaydın, bir çox həmkarlarım kimi, “ömrün yüzüncü baharı” kimi tuti təşbehlər də işlədərdim, başdan-başa yeni baba! Amma neyləməli ki, bu yazı sənin əbədi ömrünün yüzüncü qışına gəlib çıxıb...

   Qoy bir çıxım, görüm, bayırda necədir hava?..

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2013.- 11 yanvar.- S. 10.