Bakı
Turizm Peşə Məktəbində imtahan həyəcanı
Azərbaycan Turizm
İnstitutunun nəzdində fəaliyyət
göstərən Bakı Turizm Peşə
Məktəbində bir neçə ixtisas üzrə dövlət imtahanına
hazırlıq məqsədilə sınaq imtahanları
başlayıb. Prosesi izləmək və
son yeniliklərlə tanış olmaq üçün tədris
ocağında olduq.
Məktəbin direktoru İkram Məmmədov əvvəlcə bizə imtahanlarla bağlı məlumat verdi. Onun sözlərinə görə, Turizm Peşə Məktəbində hazırda turizm agenti, aşpaz, barmen-bufetçi, ofisiant, milli park bələdçisi, mehmanxana inzibatçısı, dağ-xizək turizm növü üzrə bələdçi, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir: «Ötən ilin fevral ayında hər qrupda 20 nəfər olmaqla, 3 qrup üzrə şagird qəbulu elan etdik. Bunlar aşpaz-qənnadıçı, mühasibat və turizm agenti ixtisasları idi. Bu gün aşpaz-qənnadıçı qrupu üzrə təhsil alan şagirdlərin dövlət imtahanına hazırlıq üçün sınaq imtahanlarıdır. Bu qrupun şagirdləri bir neçə ay idi ki, istehsalat təcrübəsində idilər. Onlar öz istehsalat təcrübələrini əsasən müxtəlif hotellərin restoranlarında keçirlər. Həmin restoranların baş aşpazları bizim keçmiş tələbələrimizdir».
Söhbət əsnasında İkram müəllimdən ötən ilin dekabr ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş «Şadlıq saraylarının təsnifatı və qaydalar» dövlət standartı haqqında fikirlərini soruşduq. İxtisas təhsili olmayanların bu sahədə işləməsinin həmişə əleyhinə olduğunu vurğulayan direktor bildirdi ki, bunu əsasən aşpazlar və ofisiantlar haqqında demək olar: «Mən müxtəlif seminarlarda, konfranslarda oluram. Həmişə də bu tədbirlərdə eyni bir problem qaldırırlar ki, restoranlarda çalışan ofisiantların səviyyəsi çox aşağıdır. Bizdə barmen-ofisiant qrupu var. Onların istehsalat təcrübəsi keçməsi üçün mən restoranlara müraciət edirəm, onların heç biri bu uşaqları götürmür. Çünki restoran sahibləri öz qohumlarını, tanışlarını işlədirlər. Onların təhsilli-təhsilsiz olması sahibkar üçün maraqlı deyil. Bax, problemin səbəbi budur. Bu il barmen-ofisiant qrupu üzrə təhsil alan şagirdləri yalnız keçmiş tələbələrimizin çalışdıqları restoranlarda istehsalat təcrübəsi keçməyə göndərdik. Bu baxımdan da bu standartların təsdiq olunmasını alqışlayıram».
Yaxşı aşpaz
olmaq üçün
yaxşı müəllim mühüm
şərtdir
Sonra imtahan otağına baş çəkirik. Burada aşpaz-qənnadıçı
ixtisası üzrə
peşə təhsili
öyrənən 9 tələbə
öz qabiliyyətini göstərirdi. Etiraf edim
ki, otağa daxil olduqda özümü
bir anlıq hansısa restoranda hiss etdim. Stolun üzərində Azərbaycan milli mətbəxinə aid müxtəlif
isti və soyuq yeməklər, şirniyyatlar düzülmüşdü.
Görünüşünə görə zövqoxşayan
bu təamların dadını isə imtahan komissiyasının üzvləri qiymətləndirirdilər.
Fürsət tapıb komissiya
üzvləri ilə də həmsöhbət olduq. Ramin Nuriyev İçərişəhərdə
yerləşən «Meridian» mehmanxanasında baş aşpaz işləyir.
Emin Nuriyev isə baş qənnadıçıdır.
Hər ikisi Bakı Turizm Peşə Məktəbinin (əvvəlki
11 saylı Bakı Peşə Liseyi) məzunlarıdır.
E.Nuriyevin sözlərinə görə,
Bakı Turizm Peşə Məktəbi əsl məktəbdir və burada oxumaq gənclər üçün böyük
bir şansdır: «Bu şansı dəyərləndirmək
lazımdır. Çünki burada təhsil alanlar peşəkar aşpaz kimi yetişirlər».
R.Nuriyev iş və karyera sahəsində nail olduqlarına görə məhz bu məktəbin
rəhbərliyinə və
müəllimlərinə borclu
olduğunu deyir: «Burada nəzəri biliklər almışıq,
məktəb rəhbərliyinin
köməyi ilə istehsalat təcrübəmizi
tanınmış hotellərdə
keçmişik. Bunun nə
demək olduğunu gözəl bilirik. Ona görə də məktəblə daima əlaqə saxlayır, uşaqların işlədiyimiz
müəssisələrdə təcrübə keçməsinə
kömək edirik.
Bilirsiniz,
mənim fikrimcə, yaxşı aşpaz olmaq üçün həvəslə yanaşı,
yaxşı müəllimin
olması mühüm
şərtdir. Ona görə
də çalışırıq,
uşaqlara kömək
etməklə, müəllimlərimizin
borcundan çıxaq».
Qeyd edək ki, uşaqlar xeyli həyəcanlı görünürdülər.
İmtahan hər zaman
həyəcan deməkdir.
Turan Yolçuyev istehsalat təcrübəsini «Park» restoranında
keçib. Dediyinə görə,
təcrübə müddətində
heç bir problemlə qarşılaşmayıb.
Gələcəkdə yaxşı aşpaz
olmaq arzusundadır.
İlahə Kərimova isə
qənnadıçı ixtisasını
çox sevir. O yaxşı şirniyyat hazırlamaq üçün
insanın gözəl
zövqə malik olmasını başlıca
şərt hesab edir. İmtahan zamanı Mirəbdülvahab
Qafarlı, Emin Nəbiyev, Asif Həşimov, Rüsif Əliyev, Asif İbrahimov, Camal Hüseynov, Sadiq Nasirov, Telman Əzimov və Rasim İsayevin hazırladıqları milli
mətbəximizə aid təamlar
imtahan komissiyası tərəfindən yüksək
qiymətləndirildi. Komissiya üzvləri
uşaqlara yeməklərlə
bağlı bəzi tövsiyələrini də
verdilər.
Nizam-intizam keyfiyyətin əsasını təşkil
edir
Azərbaycan Turizm İnstitutunun
peşə təhsili
üzrə məsul əməkdaşı Cəmaləddin
Axundovun təklifi ilə məktəbi gəzdik. Qeyd edək ki, məktəbin 2-ci və
3-cü mərtəbələrində
ATİ-nin tələbələri
dərs keçir.
Peşə məktəbinin şagirdləri
isə 4-cü mərtəbədədir.
Biz orada olanda
günorta saatları idi. Bütün qruplar tam tərkibdə
dərsdə idi.
C.Axundov deyir ki, hər bir
təhsilin əsasını
birinci növbədə
nizam-intizam təşkil
edir: «Bizim məktəbdə həmişə
bu məsələyə
xüsusi diqqət yetirilib. Uşaqların səbəbsiz yerə
bir saat da olsa dərs
buraxmasına imkan verilmir. Eləcə də müəllimlər
bütün dərs saatlarını lazımi səviyyədə keçirlər».
C.Axundov deyir ki, bura həmişə aşpaz-kulinar, ticarət məktəbi olub. Məktəbdə aşpaz, mühasib,
bərbər hazırlanıb.
Amma turizm ixtisası üzrə qruplar olmayıb: «Azərbaycan Turizm İnstitutunun nəzdinə
keçməyin bizə
çox böyük xeyri oldu. Turizm İnstitutunu
qurtaran tələbələr
bizdə indi istehsalat-təlim ustası
işləyir. Bu isə bizə müəllimlər arasında
seçim etmək imkanı verir. Görsək
ki, hazırkı müəllimlər bizə
istədiyimiz tədrisi
vermir, onda instituta yeni mütəxəssis üçün
müraciət edəcəyik.
Gələcəkdə tələbat olarsa,
turizm ixtisasları üzrə qəbulun sayını artıra da bilərik».
Həmsöhbətimizin
sözlərinə görə,
bu il
qəbul elan etdikləri yeni ixtisaslar arasında dağ-xizək turizmi üzrə bələdçi
qrupu da var: «Bizdə bu ixtisas heç
vaxt tədris olunmayıb. Ona görə də
bir sıra çətinliklərimiz oldu.
Onları «Bakı tur»
turizm şirkətinin
dəstəyi ilə Şahdağ Qış-Yay
Turizm Kompleksinə tanışlıq üçün
göndərdik. Fevralın ortalarında
bu qrupun şagirdləri nəzəri
dərslərini başa
vurub imtahanlarını
verəcəklər. Bundan sonra
isə istehsalat təcrübəsi üçün
kompleksə yollanacaqlar.
Bizə ən azı 10 nəfər üçün
xüsusi geyim dəsti almaq lazımdır ki, uşaqlar təcrübələrini
normal keçə bilsinlər.
Bu baxımdan Şahdağ Qış-Yay
Turizm Kompleksinin müdiriyyəti ilə danışmışıq. Onlar bu məsələdə bizə köməklik edəcəklərinə söz
veriblər. Bu qrupda
təhsil alan
uşaqların Şahdağ
kompleksində işləməyə
çox böyük həvəsləri var. Onlar
öz istəkləri
ilə bu ixtisası seçiblər.
Ona görə biz də onların kompleksdə qalıb işləmələri
üçün əlimizdən
gələni edəcəyik».
Sonda bir məqamı da vurğulamaq istərdik ki, bu il Bakı Turizm Peşə Məktəbinin
kollektivi üçün
həm də ona görə əlamətdardır ki,
20 ildən sonra, nəhayət, məktəbin
istilik sistemi bərpa edilib. İkram Məmmədov deyir ki, Mədəniyyət
və Turizm Nazirliyinin və ATİ-nin dəstəyi ilə bu problem öz həllini tapıb: “Hazırda məktəbin həyətində
iki qazanxana qoyulub. Məktəb istiliklə tam təmin
olunur. Bu problemin həlli dərslərin keyfiyyətinə
də müsbət təsir göstərir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 11 yanvar.- S. 9.