Fayis Məmmədovun xatirəsinə

 

   Bir il əvvəl Azərbaycan turizm ictimaiyyəti ağır itki ilə üzləşdi. Turizm üzrə tanınmış mütəxəssis, «Bakı tur» şirkətinin və Nabranda yerləşən «Xəzər» turbazasının rəhbəri Fayis Məmmədovun dünyasını dəyişməsi xəbəri doğmalarını, həmkarlarını, dostlarını və onu tanıyan hər kəsi sarsıtdı.

   Fayis Məmmədov gözəl insan, əsl ziyalı, dəyərli fikirlərini hər kəslə həvəslə bölüşən, ona müraciət edənlərə tövsiyə və məsləhətlərini əsirgəməyən turizm mütəxəssisi idi. Ölkəmizdə həyata keçirilən əksər turizm layihələrində onu görmək mümkün idi. Əsas fəaliyyəti isə daxili turizmin inkişafına yönəlmişdi. Təsadüfi deyil ki, ölkəmizdə ilk beynəlxalq mədəni turizm marşrutu olan «Aleksandr Düma Qafqazda» marşrutunun yaranması onun adı ilə bağlıdır. Bundan əlavə, «Xalça turu», «Şərab yolu» kimi digər beynəlxalq marşrutların və daxili turların yaradılmasında onun böyük xidmətləri olub.

   Azərbaycanda turizmin inkişafına böyük töhfələr verən F.Məmmədov mətbuata hər zaman açıq insan idi. Onu fərqləndirən cəhətlərdən biri də yaxşı işləri qeyd etməklə yanaşı, tənqidi məqamları da deməkdən çəkinməməsi idi. Bu barədə sual verəndə isə «Tənqid inkişafın təkanverici qüvvəsidir. Əgər işimizə tənqidi yanaşmasaq, heç zaman istədiyimiz nəticəni əldə edə bilmərik» deyirdi. Nə qədər qəribə də olsa, onun tənqid etdiyi istiqamətlərdə bir müddət sonra irəliləyiş, müsbət nəticə hiss olunurdu.

   Fayis Məmmədov 1957-ci il noyabrın 12-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Ali məktəbi bitirdikdən sonra 1986-cı ildən 1992-ci ilədək Respublika TurizmEkskursiyalar Şurasında müxtəlif məsul vəzifələrdə çalışıb. 1992-ci ildən vəfatına qədər Azərbaycanda ən iri turoperatorlardan olan «Bakı tur» şirkətinə rəhbərlik edib. Onun rəhbərliyi altında bu təşkilat bir sıra uğurlu layihələrə imza atıb, Azərbaycanın turizm və mədəni irsinin təbliğində yetərincə işlər görüb, kadr hazırlığı məsələsinə öz töhfəsini verib.

   Azərbaycan Prezidentinin 18 aprel 2007-ci il tarixli sərəncamı ilə Fayis Məmmədov turizm sahəsində xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif olunub.

   Bu il yanvarın 6-da bu gözəl insanın vəfatının ildönümündə doğmaları, yaxınları və onu sevənlər bir yerə toplaşıb xatirəsini yad etdilər. Haqqında xoş sözlər deyildi, onunla bağlı xatirələr dilə gəldi.

   İndi onu hər kəs belə xatırlayır: peşəkar turizm işçisi, gözəl insan, etibarlı dost və yaxşı ailə başçısı...

   Qəbri nurla dolsun!

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 11 yanvar.- S. 7.