Dövrün məktəb-sənətkarı

 

   Həmin dövrün ən qəribə qərinəsi “Həbsi rəngidir!” söyləmiş bir ata oğlunun püşkünə düşüb...

  

   Təbiətcə poetik, təbcə dramatik Tofiq Kazımov...

   Təfsirlərində həyatla səhnə-sənəti mizan-düzənləşdirib, həmqiyafə-həmqafiyələşdirən ustad rejissor...

   Poetiklik onun şəcərə qənimətlərindən idi - alovlu şairimiz Səməd Mənsurun ocağında doğulmuşdu. Hələ də gərəyincə qiymətləndirə, qədərincə öyüb populyarlaşdıra bilmədiyimiz, dövrünün “mərkəzə göz et” deyənlərinə nisbətdə “Namərdəm əgər söyləsəm - nazını az et” deyən Səməd Mənsurun...

  

   Şəcəri beşikdən bəşəri eşiyə

  

   Əslində, Tofiq Kazımovun dramatizmik mahiyyətində də üç teatr truppasının rəhbəri olmuş atasının ruhu vardı. Ömrünü bənzərsiz əbədi yaradıcılığı ilə bahəm, əbədimüasir düşmənlərimizin “retro” dədə(yan)-baba(yan)larının siyasi və mədəni-mənəvi zərbələrinə qarşı mübarizəyə həsr etmiş bu ziyalı cigidin oğlu Tofiq elə həmin polit-dramatik illərdə (14 yanvar 1923) anadan oluravtomobil qəzasında dünyasını dəyişənədək (1980), məğrur atanın mizan-düzəni ilə yaşayıb-yaradır...

   Həm də qurub-yaradır! Yəni səhnə də bir sənət inşaatı meydanıdır ki, dahilər, ustadlar bu məbəd-“tikili”nin həm memarı, həm bənnası, adilər isə, sadəcə, icraçısı olurlar.

   O, işləri elə qururdu ki, teatr vahid bir milli müzakirə evinə, aktyor-tamaşaçı ailəsinə çevrilirdi. “Akademik” təyinilə çalışan Baş teatrımız o zamanlar akademik elektoratı da doyururdu, hər qəzet başında xitab edilən proletariatı da (və bu minvalla, proletarla proletar yox, elitarlarla proletarlar yavaş-yavaş birləşirdi). Onun zadəgan mizan-düzənilə səhnə-salon tandemi, o dövrdən əvvəlki və sonrakı dövrlərin məxfi-eyhami bir duallığı yaranırdı.

   Amma onudincdurmaz ata” eyhamı da uzun illər izləyib. O vaxta qədər ki, ümummilli lider Heydər Əliyev onun hazırladığı daha birnadinctamaşaya - “Şəhərin yay günləri”nə (Anar) baxıb, kollektivi alqışlayıb və hətta Tofiq Kazımovun Dövlət mükafatı ilə təltif edilməsinə qol qoyub.

  

   Quruluş...

  

   Səslənişcə qulağayatımlı, sadə, gözəl, xüsusən doğma bir söz. Amma əməl-iş olaraq - çətin, mürəkkəb. Füzulianə “yaxşı nəzər etdikdə” - bu da “sənət dövləti” qurmaq kimi bir aktdır. “Sərəncam”çısı isə partiyalar, fraksiyalar yox, ayrı-ayrı heyranlardır, bütövlükdə xalqdır, zamandır. Mahiyyətcə baxışa - sosial-kütləvi göz-qulağa hesablanan bu rejissor-rejissuranın başlıca görəvidir. Tofiq Kazımov isə dünyanın o rejissorları sırasındadır ki, onlar bəzən sözə də quruluş verirlər. Pyes mətnlərindəki sözlər, tərkiblər, üslublar onun teatrının səhnəsində yeni-yeni çalarlar alır, nüanslar saçırdı; təkbaşına (yəni oxucu ikən) anlam əyarında itirənlər tamaşaçı ikən - məna-məzmunun “maya dəyəri”ndən də artıq qazanırdılar.

   T.Kazımovun əsər seçimində də xüsusi bir özəllik, milli-mənəvi, şövq-zövqi bir iştah vardı. Duyğu, obrazlılıq, fantaziya, psixo-ekskurs, milli-bəşəri etnobağlılıq baxımından heç bir hədd-sədd tanımayan sənətkar bu məsələdə xüsusi bir əndazə məktəbi yaradırdı: nə çəpərdaxili durğunluq, nə inter-ultra vurğunluq. Onun teatrının afişa “bazar”ında yerli məhsullarla “gəlmə”lər arasında xüsusi bir balans vardı. “AntoniKleopatra”, “Mariya Tüdorkimi əcnəbi “kalori”lərdən küsənib-iştahsızlaşma ehtimallılara “Pəri-cadu”, “Sən həmişə mənimləsən” kimi milli koloritlər təqdim edirdi.

   Hər quruluşda yenilik, hər işdə seçim-seçkinlik - təbiətcə çox poetikmülayim, təb-təsircə dramatik, nüfuzca xarizmatik olan bu sənətkarın mahiyyətində, qanında-canında idi. Onunquruluş” nüvəsi tək elə əsər təfsiri, ədalətli rol bölgüsü, səhnə əşya-inventarları ilə məhdudlaşmırdı. O öz komandasını yalnız çağdaşı olduğu ictimai-siyasi quruluşun seçdiyinomenklatur” müəlliflər, aktyorlar arasından yox, daha milli və bəşəri, daha istedadlı, xəlqi nominasiyalılar içərisindən seçirdi. Çünki o özü də Tanrının seçilmişlərindən idi; fiziksəl yar-yaraşığından tutmuş mənəvi kompleksallığına, fəhmi bacarığına qədər! Onun şəkli-halını böyük Yaradan qurmuşdu, tərcümeyi-halını özü.

   OnunÖmür” quruluşundakı avto-qəza məsələsinə gəldikdə isə...

   Qoy bu da olsun bütün ədəbi-bədii janrlarda saysız-hesabsız tamaşalar yaratmış müqtədir rejissorumuzun avtoportret-novella “tamaşa”sı...

  

   Özgür sənətkarın “özgə”ləri

  

   Elmi, “ədəbi”, “musiqi”, “tibbi” və sair deyə, ayrı-ayrı “cəm”iyyətlərə böldüyümüz sahələrdə teatr yeganə canlı orqanizm-“ölkə”dir ki, burada bütün ictimai quruluşlar, dövrlər, şahlar, nökərlər, katiblər, katibələr, fəhlə-kəndlilər, qara-ağcamaatlar “yaşayır”, yaşadılır. Bu “ölkə”də hamının tərz statusu, üslubu, diksiyası, səs tonu, dekor-fonu reformalara uğrasa da, rejissor şahlığı, rejissura başqanlığı dəyişilməz qalır. Lakin bu, təbii, səlahiyyətə aid olan məsələdir. Qabiliyyət, fakturaya baxış məsələsinə qaldıqda, bəlkə də heç bir vəzifədə buradakı qədər ardıcıl, fövri, bədahəti sərəncamlar, qərarlar, fətvalar tələb olunmur. Əks təqdirdə, yuxarıların rejissor, rejissorun aktyor, bütövlükdə truppanın tamaşaçı seçkiləri baş tutmayacaq, kassaqutusuboş qalacaq. Böyük bir abzas tutumlu bu “remarka”mın əbəs hesab olunmaması istəyilə əlavə edim ki, teatr - istər əlaya, istər bəlaya çevrilmiş ictimai həyatdan doyanya bezənlər üçün stimullaşdırıcı, ağıl-anlam dişini dəyişdirici, kəsirət gözünü bəsirətləyici ünvan olmalıdır.

   Bu gün saysız-hesabsız orta və yaşlı nəslin təsdiq edəcəyi faktik misallarla (özü də “halalxoşluqla) qeyd etmək olar ki, Tofiq Kazımov dövründə “Dramteatr” dillər əzbəri, gözlər bəzəyi, zövqlər düzəyi idi. Çox səbəblərdən biri də bu idi ki, hər gün bir-birilə etdikləri hap-gap, “özsöz” trafaretlərindən bezikənlər “gedək görək, orda nə deyirlər”, “daha nə göstərirlər”, “daha nələrə toxunurlarkimi sual-istixarə edirdilər. Bax, məsələnin məğzi budahalarda idi! Tofiq Kazımov hər dəfə həyat səhnəsindəki “öz”lərlə sənət səhnəsindəki “özgə”ləri iki-üç saatlıq daha ləziz kəlam qonaqlığına, daha yeni, daha kaleydoskopial quruluş mənzərələrinə dəvət edirdi. O, bu kiçik məkan-həyatda böyük həyatdakı doğruları, doğruluqları bir az da doğruldur, yalan-yalanpışlıqların üzünü sənətin ecazkar rənglərilə daha da qızardırdı.

   Yeri gəlmişkən, o, Sabit Rəhmanın “Yalan”ındakı gözəl bədii yumora, məzhəkə mayalı hadisələrə dramatik-hərəki qatqarlar da əlavə edib, müəllifin sözlə dediyini tamaşaçıya göz-qaş mimikaları, him-cim dinamikaları ilə daha canlı şəkildə çatdırırdı. Cəmiyyətin (guya daha analitikguya daha praktik) alimi-biəməl personalarının “ədəbiyyat, sənət quramalar üstündə qurulmuş yalandır” kimi “qənaəti” qarşısında “eşq olsun o yalana ki, insanları doğruluğa, paklığa səsləyir!” mahiyyətli sənət sərgiləyirdi.

   O vaxtlar biz - bir neçə televiziya işçisi - Tofiq müəllimlə tez-tez görüşmək arzusunda olsaq da, onun işgüzar zəhmi, xüsusi sənət çəkisi buna imkan vermirdi. Amma arzumuzun alındığı məqamlar da olurdu. Suallarımıza çox qısa cavablar verər, geniş eridusiyası, dəmir məntiqi ilə bizisual hakimiyyəti” kürsüsündən “endirib”, ortaq həmsöhbət, məsul tamaşaçı həddinə salardı. “Deyəsən, biz (televiziya) sizi (teatrı) üstələyirik, axı...” replikamıza cavabını dəqiq xatırlayıram:Bunda pis heçyoxdur. Televiziya çox inkişaf edəcək. O qədər ki - kütlələri də tam inkişaf etdirəcək və xalq bütövlükdə yenidən əsl teatra - ana sənət məkanına üz tutacaq...”

  

   Ana sənət məkanı”ndan sətirlər

  

   Sonralar onun monoqrafiyaları ilə (Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev, İsmayıl Osmanlı haqda) tanış olduqca, bu kimi fikirlərin hansı düşüncələrdən qaynaqlandığını təbii qarşıladıq. Daha sonra onun bir çox coğrafi məkanlarımızın (Naxçıvan, Gəncə, Ağdam, Quba) teatrlarında da gözəl tamaşalar (“Çağırış”, “İşıqlı yollarla”, “Şəfəq”, “Qoçaq Polad” və s.) hazırlaması, bir çox pyeslər yazması, dövri mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara dair analitik rəy, resenziya və məqalələrlə çıxış etməsi, Teatr İnstitutunda uzun illər aktyorrejissor sənətindən dərs deməsi, yüzdən çox adda tamaşa hazırlaması faktları ilə də tanış olduqbütün bunların əlli yeddi illik bir ömrə necə sığışdırıldığının təsəvvür “quruluşunu vermək çətinliyi ilə üzləşdik.

   Hər şey bir yana, deyim ki, onun hazırladığı tamaşaların sayını quruca sadalama faktı belə bu yazının “quruluşuna sığışmaz. Çıxış yolunu “yaddaşımdan çıxarış”da tapıram. Əlavə edim ki, bunlar həm də onun ən çox xoşladığım tamaşalarıdır: Unuda bilmirəm”, “Yalan”, “Məhv olmuş gündəliklər”, “Ölülər”, “Sənsiz”, “Pəri-cadu”, “Nazirin xanımı”, “Yağışdan sonra”, «Hamlet», “Qızıl”, “Aydın”, “Qılınc və qələm”, “Ümid”, “Bəşərin komediyası və yaxud Don Juan”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Quşu uçan budaqlar”, “Karıxmış sultan”...

   Tofiq Kazımovun tamaşalarının sayı onun teatra cəlb etdiyi gənc aktyorlarla, təxminən, eyni miqdarda olar. Sənətə başdan-başa yeni baxışla yaşamış bu sənətkar heç nəyə və heç kimə “toxunulmazstatusunda baxmırdı. O cümlədən, “məşhur” möhürlü müəlliflərə və “populyar” saqqallı aktyorlara. O vaxtlar “Sən həmişə mənimləsən”də Nargilə kimi baş qəhrəman tələbə Amaliya Pənahovaya, “Ölülər”dəki əsas katalizator-obrazı - İsgəndəri gənc Həsən Turabova tapşırması ilə dövrün bütün vəzifəli “qardaşoğlu”-“bacıqızı” “tapşırançı”larına əməlli bir dərs vermiş oldu.

   institutda, həyatda, teatrda belə-belə dərslər verə-verə, özüdönüb oldu məktəb. Teatr tariximizdəki iki-üç canlı məktəbdən biri. Lap axırda da təkcə o dünyaya yox, mədəniyyət tariximizin qızıl səhifələrinə də köçdü.

   O təkcə səhifələrdə, kitablarda yox, -

  

   Xatirələrdə də yaşayır...

  

   O xatiratçıların hansından soruşsan, özünü yığışdırıb, həyalı görkəm alıb, bir az da hüznlənib, dəqiqələrlə (bəziləri isə saatlarla) danışa bilər. O külli xatirələrə Kazımovsayağı traktovka verə bilsən, bəlkə bu dəryadan bir tərəfə çıxmaq ola, ya olmaya. Özü də üçcə “pərdə”yə toxunmaq şərtilə: ev, həyat, . Evində ideal ata, ər; həyatda nüfuzlu, məğrur ziyalı; işdə ciddi və qayğıkeş sərkər...

   O özü xatirələri daha maraqla danışırdı.

   Bir gün məşhurluqdan söz düşdü, onu çox öydük, qayıtdı ki, hər şey nisbidir. Dedi, bu yaxınlarda Ədil İsgəndərov bir neçə dostuyla doğma kəndinə qonaq getmişdi. Anası Həsənağa Salayevi görcək yüyürür üstünə ki, ay oğul, bu Ədil məni eşitmir, axı! Yaxın dostusan, bunu başa sal, qoy yığışıb gəlsin kəndə. Axı o şəhərdə nə var e?! Day biz də qocalmışıq, mal-davarımıza ot-əncər gətirənimiz yoxdur...

   Tofiq Kazımov bütün ömrü uzunu o sayaq müqəddəs, “türkəçarə” ana-ata tamaşaçılara oyanış, onların əksi olanlara - bilgidən bol, əxlaq-əqidədən, sevgidən kəmlərə isə düz yola qayıdış dialoqu qurdu. Və buson ucu ölümlü” dünyanın “Olum, ya ölüm?!” sədalı baş monoloqundakı ikinci kəlməyə - oluma nail oldu...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2013.- 11 yanvar.- S. 6.