Müəmmalar arxasından boylanan sənətkar

 

  Məhsəti Gəncəvi - 900

  

  Orta əsr Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri də Məhsəti Gəncəvi olub. Bu il anadan olmasının 900 illiyi ölkəmizdə, eləcə də UNESCO səviyyəsində geniş qeyd olunacaq mütəfəkkir şairənin əsərləri əsrlər sonra da aktualdır, sevilə-sevilə oxunur. O, şeirləri, xüsusilə fəlsəfi dərinliyi ilə seçilən rübailəri ilə oxucularda həyata məhəbbət oyadır, onları nikbinliyə, dünyanın gözəlliklərindən ilham almağa çağırır. Tərki-dünyalıqdan, zahidlik və vaxtı keçmiş adət-ənənələrdən uzaq olmağa səsləyir.

 

  

   Məhsəti Azərbaycan və Şərq ədəbiyyatının intibah dövründə yaşayıb. Həmin dövrdə Şərqin ədəbi səmasında Nizami Gəncəvi, Əfzələddin Xaqani kimi dahi sənətkarlar şəfəq saçıb, Əbülüla Gəncəvi, Fələki Şirvani və Mücirəddin Beyləqani kimi görkəmli şairlər yaşayıb-yaradıb. Bu bir həqiqətdir ki, orta əsrlərdə qadın hüquqlarının məhdudlaşdığı bir dövrdə Məhsəti Gəncəvi kimi istedadlı şairənin yetişməsi özlüyündə əhəmiyyətli hadisə idi.

   Məhsəti Gəncəvinin bizə gəlib çatan şeirləri göstərir ki, o, ərəb, fars dillərini gözəl bilib. Şərq poetikasının incəliklərini mükəmməl mənimsəyib. Əsərlərində işlətdiyi bədii vasitələr göstərir ki, o, yüksək istedada, incə zövqə və dərin mütaliəyə, geniş dünyagörüşünə sahib olub. Məhsətinin həyatı, şəxsiyyəti və təhsili haqqında mənbələrdə dəqiq məlumat yoxdur. Bu da ondan irəli gəlib ki, orta əsrlərdə qadının şeir yazması qəbahət sayılıb. Haqqında söhbət açmaq məqbul hesab edilməyib. Şairənin şəxsiyyəti haqqında müxtəlif rəvayətlər yaradılıb. Bu rəvayətlərin böyük bir qismi şairə haqqında bağlanan “Əmir Əhməd və Məhsəti” adlı dastanda toplanıb. Təxminən XIV əsrdə yarandığı ehtimal edilən dastanda Məhsətiyə rəğbət hiss olunur. Onun yüksək istedadı, mərdliyi və insani keyfiyyətləri göstərilib.

   Mənbələrdə bu görkəmli şairənin adı da dəqiq bilinmir. Bəzən o, Mənicə, bəzən də Mənisə kimi xatırlanır. Əsl adı isə əsrlərin qatı dumanlarında itib. XII-XIII əsrlərdə yaşayan İran şairi Fəridəddin Əttar “İlahinamə” poemasında onu Məhsəti Dəbir deyə təsvir edir:

  

   O təmiz gövhərli Məhsəti Dəbir,

   Olmuşdu Səncərlə dil bir, könül bir.

   Camalı deyildir ay kimi parlaq,

   Qəlbən bağlanmışdı şah ona ancaq.

  

   Məhsəti dövrünə yaxın olan, ola bilsin ki, onu şəxsən görən Əttar şairəni yüksək keyfiyyətlərinə görə Dəbir adlandırıb. Dəbir katib, mirzə, xəttat anlamına gəlir. Eyni zamanda, dəbir yüksək savadı, hazırcavablılığı, incə zövqü ilə başqalarından seçilən olub. Şairənin bədahətən şeirlər deyə bilməsi bu işlərdə onun köməyinə gəlib. Məhsətinin Dəbir deyə xatırlanması onun yüksək savada malik bir ziyalı olduğunu, Sultan Səncər sarayında aparılan yazışmalarda yaxından iştirak etdiyini göstərir.

   XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi Məhsətini Sultan Səncər dövrünün ən yaxşı şairlərindən biri kimi xatırlayıb. Adını Ədib Sabir, Navid Katib, Ənvəri, Suzəni Seyid Həsən Qəznəvi kimi şairlərlə bir sırada çəkib. Araşdırmalarda göstərilir ki, Məhsətinin əldə olan əsərləri arasında bir qitə-məktub var. Həmin məktubdan belə qənaətə gəlinib ki, Ədib Sabir Məhsətiyə məktub yazıb. Bu da şairəni çox sevindirib ona cavab yazıb:

  

   Sabir, o naməni aldım, oxudum,

   Ruhuma sanki qanad bəxş elədi.

   O ədəb kanı olan misraların

   Könlümə nurlu həyat bəxş elədi.

  

   Bu şeir Məhsətinin XII əsrdə Sultan Səncər sarayında yaşaması fikrini bir daha təsdiq edir. Sonrakı təzkirəçilər Məhsətidən gəncəli şair kimi bəhs edib, əsərlərindən nümunələr veriblər.

   Şairənin bir qisim rübailərində aşiqin vüsal dəmlərində keçirdiyi sevinc hissləri əks olunur. Şeirlərində insan gözəlliyinin geniş təsviri onun həyata bağlılığını humanizmini göstərən cəhətlər hesab olunur. Səmimi duyğuların ifadəsi olan bu rübailərdə incə həyat məqamları gülümsəyir:

  

    Dünən tutdu məni o sərxoş nigar,

    Dedi: “Qurtarmazsan əlimdən, ey yar

    Dedim ki, gecədir, əlimi burax,

    Yar, bizi əl-ələ bir görən olar.

  

   Şərq intibahının bir çox nümayəndəsi kimi Məhsəti öz əsərlərində insanı, onun duyğularını müdafiə edib. Təmiz insani münasibətləri quru ehkamlara, tərki-dünyalığa riyakarlığa qarşı qoyub. Əsrarəngiz məhəbbət nəğmələri yaradıb.

   Məlumdur ki, insanın nəcib istək arzularının qarşısına hasar çəkmək mümkün deyil. O, gec-tez hər cür sədləri aşaraq qurtulacaq. Məhsətinin lirik qəhrəmanı məhz dövrünün mənəvi buxovlarından azad olan insandır. O, ancaq sevgilisini düşünür, onunla keçirdiyi hisslərdən söhbət açır. Bəzən sevgilisini torpağa, suya günəşə qısqanır:

  

   Yerlərə baxma ki, torpaq su görər,

   Göylərə baxma ki, gün salar nəzər.

   Qeyrətdən ölərəm, ey ruhum, səni

   Əgər yuxuda da görsə bir nəfər.

  

   Əlbəttə, aşiqin bu qısqanclığını onun qəlbə sığmayan məhəbbətinin ifadəsi hesab etmək olar. Çünki burada aşiqin hissləri daha canlı verilib, şəxsiyyəti mənəvi keyfiyyəti təhrif olunmayıb. Ümumiyyətlə, Məhsəti şeirlərində insan psixologiyası çox təbii inandırıcı şəkildə öz əks tapıb.

  

   Dərddən söz açmağa məndə hanı can,

   Ya qəm şərh etməyə ürək, ey canan?

   Kağızı, qələmi cansız, ürəksiz,

   Alır, ağlayıram, atıram, aman!

  

   Rübai lirik qəhrəmanın vəziyyətini, duyğular aləmini ümidsizliyini təsvir etmək nöqteyi-nəzərdən çox maraqlıdır. Sevgilisindən ayrı düşən aşiq onun xəyalı ilə yaşayır kədərlənir. Keçirdiyi qəmləri, iztirabları məktubla ona çatdırmaq istəyir. Lakin bunun üçün özündə lazımi taqət, ürək görmür. Kağızı, qələmi götürür, ağlayır atır...

   Fikrimizi yekunlaşdıraraq, belə qənaətə gəlmək olar ki, XII əsrin birinci yarısında yazıb-yaradıb, incə rübailəri ilə şöhrət tapan şairə ömrünün müəyyən hissəsini Sultan Mahmud Səlcuqi Sultan Səncər sarayında keçirib. XII əsrdə Məhsəti Gəncəvi kimi şairənin yetişməsi Azərbaycan xalqının ictimai-siyasi mədəni həyatında qazandığı nailiyyətlərin təzahürüdür. O, İntibah dövrünün Azərbaycan ədəbiyyatında öz yeri dəst-xətti olan görkəmli sənətkarlardan biridir.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 16 yanvar.- S. 15.