“Miras”: üç il mədəni irsə xidmətdə
Yanvarın 12-də “Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyinin yaranmasının üç
illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə
İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə
doktoru Fariz Xəlilli qurumun yaranması, fəaliyyəti, Azərbaycanda
və xarici ölkələrdə həyata keçirdiyi layihələr
və görüləcək işlərdən
danışıb.
Bildirib ki, təşkilat mədəni
irs abidələrimizin öyrənilməsi, mühafizəsi və
təbliği sahəsində ictimai fəallığı
artırmaq məqsədilə 2010-cu ilin yanvarında təsis
edilib, həmin ilin martında Ədliyyə Nazirliyində
qeydiyyata alınıb.
Üç il ərzində
İctimai Birlik tərəfindən bir sıra layihələr,
o cümlədən Azərbaycanın mədəni həyatında
və elm aləmində ciddi rezonans doğuran orta əsr
Ağsu şəhərinin arxeoloji tədqiqi və
konservasiyası layihəsi həyata keçirilib. Ağsu
arxeoloji ekspedisiyası üç il ərzində təxminən
10 min kvadratmetrlik ərazidəki qazıntı sahələrində
qədim şəhərin qalıqlarını və minlərlə
eksponatı üzə çıxarıb.
Layihə çərçivəsində
Azərbaycan və ingilis dillərində üçcildlik
“Ağsu şəhəri orta əsrlərdə” kitab-albomu nəşr
olunub, agsuexpedition.org internet səhifəsi istifadəyə
verilib, minlərlə eksponatın elektron
pasportlaşdırılması, üçüncü və
dördüncü qazıntı sahələrinin 3D
formatında vizuallaşdırılması, sənədli filmlər
istehsalı, KİV nümayəndələrinin qazıntı
yerinə infoturu həyata keçirilib. Bundan başqa, ölkəmizdə
və Türkiyənin Muğla, Uşak, Bayburt şəhərlərində
“Ağsu möcüzəsi” mövzusunda sərgilər,
müxtəlif mədəniyyət, təhsil müəssisələrində
seminarlar təşkil olunub.
Ötən il Ağsuda “Miras”ın
təşəbbüsü ilə keçirilmiş “Avrasiya
regionunda arxeoloji turizmin perspektivləri (Qədim dövrdən
son orta əsrlərə qədər tarixi-mədəni irs əsasında)”
mövzusunda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı
bölgənin arxeoloji abidələrinin turizm məhsuluna
çevrilməsində əhəmiyyətli rol oynayıb.
F.Xəlilli bu il təşkilatın
beynəlxalq əlaqələrinin daha da genişlənəcəyini,
bir sıra layihələrin nəzərdə tutulduğunu
deyib.
“Miras”ın üç
yaşını təbrik edən Azərbaycan Turizm
İnstitutunun rektoru, professor Cəfər Cəfərov
İctimai Birliyin turizm sahəsinə də yeniliklər gətirdiyini,
ictimaiyyəti arxeoloji turizmin inkişafına təşviq etmək
üçün layihələr həyata keçirdiyini
xatırladıb.
AMEA-nın müxbir üzvü Vəli
Əliyev tələbəsi Fariz Xəlillinin rəhbərlik
etdiyi qurumun fəaliyyətini təqdir edib, Türkiyənin
Bayburt şəhərində, Dədə Qorqudun yurdunda
arxeoloji qazıntılar aparmaq təşəbbüsünün
yaranmasında birliyin rolunu xüsusi vurğulayıb.
Digər çıxış edənlər
İctimai Birliyin üçillik fəaliyyətini yüksək
qiymətləndirib, tariximizin qaranlıq səhifələrinin
üzə çıxarılması və mədəni
irsimizin təbliği işində kollektivə uğurlar
arzulayıblar.
Sonra “Miras” Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai Birliyinin fəaliyyətini
əks etdirən videoçarx nümayiş olunub. “Miras” musiqi
qrupu xalq mahnıları və təsniflərdən ibarət
maraqlı konsert proqramı ilə çıxış edib.
Mədəniyyət.-
2013.- 16 yanvar.- S. 15.