Seyfəddin
Dağlı -
fizio-ideoloji surəti, şəxsiyyəti, özünə(və hamıya)məxsusluğu ilə seçilmiş Obraz...
Hətta bir çim də obrazlı desəm, - nəşrlər
içrə “seçilmiş əsərlər”
tutumlu ədiblərdən Birisi.
Dost-doğma yaxındaşlarının,
sıravi çağdaşlarının müşahidə-qənaət
qənimətlərinin xülasəsini vermiş
olsam, - zahirən “qəzəb oğlu”, daxilən ülfət-məhəbbət
dolu İnsan. Heyrəti-surət gözləri snayper,
həyat-sənət baxışları super,
sözü-vəzi məzə, iç özü qət təzə “köhnə Kişi”. Ədəbiyyat-ədəb aləmində
- öz heyranlıq bildirilərindən
biriylə ifadələsəm, - “alayı aləm” görkəmli,
mətbuat, jurnalistika-publisistika sahəsində
kotan görəvli, döyüşkən
ziyalılıq səngərlərində artillerist,
milli-mənəvi təsir, xəlqi-məhəlli təəssübkeşlik
ləngərlərində avtoritet...
Daha “nə
qaldı”?..
Doğrudan da, onun olum (27 avqust 1921- Xızı) və ölüm (18 yanvar 1983 - Bakı) tarixçələrini, ordu illərini (1941-1956-!), dörd-beş iş yerini (Dövlət Tele-Radio Komitəsi, “Kirpi” jurnalı, “Azərbaycanfilm” kinostudiyası, “Yazıçı” nəşriyyatı) və on beş kitabını qeyd etməklə, daha sözə nə qaldı ki?
Amma yox, sözü - məlum və məşhur haqq aşığının “baxmaqdan savayı” hər şeydən məhrum etdiyi gözə tay tutmayaq. Elə ilk yarımbaşlığın yarısını da, sadəcə, qəsdən dırnağa aldım ki, bunun açması aşağıdakı yorucu açıqlamamı “uzunçuluq” rəyindən bir az müdafiə etmiş olsun.
Bəli, əziz, hörmətli və başıqarışıq müasir oxucu! Demək istəyirdim ki, bəlkə elə bu “sabiq” sənətkarı xatırlatdırıb yenidən oxutdurmağa sövq etdirmək, “Bahar oğlu” kimi əsərlərilə milli ədəbiyyat ailəmizin bu görkəmli üzvünü tez-tezisvari tanıtdırmaq üçün elə yuxarıdakı qara(-cuxa) şrift və üslubla verilmiş ədəbi-publisistik “tərcümeyi-hal” da kifayət edərdi? Bəlkə də. Amma əgər bu məsələdə (çox sahələrdə olduğu kimi) əndazələr gözlənilsəydi. Hər yerindən duranın açdığı qəzetdə hər özündən dəm vuranın haqqında palaz-palaz yazılar, “tənqid və biblioqrafiya”lar əvəzinə, “tərif və bülbüloqrafiya”lar dərc edilməsəydi. İndiki kimi - hər dörd-beş yüz nəfərə bir qəzet, hər min cüt adama bir “lüt” jurnal yox, hər sözün, cümlənin, mövzunun başına fır-fır fırlanan, hər tərifi-tənqidi ifadənin “çort”una gedən gözəl yazıçı, azman mətbuçu Seyfəddin Dağlı(lar) kimilərinin dövründəki sayaq - hər milyona biri düşməklə, qəzetlərin hamısı oxunsaydı (əlbəttə, mayalarındakı “partiya-sovet”izmdən iraq!)...
Təbii, elədə sizin də “köhnə”lərinizin çoxdan oxuyub, əksəriyyətinizin çox sevdiyi, Qərbin qəribə gözqamaşdırıcılığına düşüb hər iki “aş”dan olmuş ultra-bənövşəyi, “bəndədüşəyi” azlarınızın isə o “tip” passiv yönəltmənliklər hesabına sevəcəyiniz bu “Əli aşı”nın (müasir teleleksikonca desək) “dadını çıxarmış” olardınız. Mənim bu “qeyri-demokratik”, senz-senzor qənaətlərimə ortaqlara təşəkkürüm, qələm-boğazdan yuxarı düşünənlərə isə polemik bir xitabım var; hanı bəs indiki qəzetlər, jurnalistlər bolluğunda o vaxtkı “Yer üzünün Qarabağ düzü”, “Qızlar layla çala bilmir” publisistikaları, müasir şairlər, rəssamlar, bəstəkarlar, memarlar çoxluğunda o çağkı “Sarı dana”, “Qətl günü”, “Kəpəzin göz yaşları”, sonuncu rəqəmi vahiməli balta rəmzilə verilmiş “1937” tabloları, “İldırımlı yollarla”, “Azərbaycan kapriççiosu” şedevrləri, “Məhəmməd Füzuli”, “Xurşudbanu Natəvan” abidələri?..
Diktələr
Onun (və bir neçələrinin) gənclik illərinin qismətinə düşmüş diktələr...
Dövrün diktələri üzdə “birüzlü” görünsə də, içdə yüzsifətli! Bu diktələr yazıq “həqiqət”də çoxplanlı, çox yalan-palan, aman-yamanlı idi və bütün bunlar yuxarının “bütün dünya proletarları...” - deyə xitab etdiyi canlıların əksinə olaraq daha tez cəmləşib, xalqların milli inkişafına hava-su qədərincə gərəkli olan ədəbi-bədii, mətbu-informasiya sahəsində diktələr diktaturası yaratmışdı. Seyfəddin Dağlı kimiləri isə belə diktələrə ikidən bir qulaq verib, beşdən üç varaq yazsalar da, əsasən, sinələrində vətəndaşlıqla taktlanan ürək-dilək diktələrilə yaşayıb-yaradırdılar. 1941-ci ildə (iyirmi yaşında) sovet ordusuna hərbi xidmətə gedib (bir də on beş ildən sonra qayıtmış!) bu gənc “periferiya”lı “kiril-sivil” kriteriyalı “veliko”-xalq nümayəndələri içərisində seçilib-fərqlənərək, “Armiya” qəzetində “bezaksent-korrespondent”, “Diviziya” qəzetində baş redaktor olmuşdur...
Deyirəm, bəlkə elə bu yüksək savad və qabiliyyətinə, eridusion səviyyəsinə müvafiq qiymətləndirilmədiyinə görə imiş - onun - yazının “qara” hissəsində işlətdiyim “qəzəb oğlu” kimi epitetlərə “məruz” qalması? Çox güman ki! Nədən ki, onun Dövlət Radio Komitəsində baş redaktor, Bakı Telestudiyasının direktoru, Az.TV sədrinin müavini vəzifələrində çalışmağında çox fövri bir fraqmentallıq var (1956-1959). Belə ki, o vaxtlar hər şeyə haqqı olan bu personanın haqsızlıqlara qarşı çıxmaması mümkünsüz, belə bir “davakar”ın “işdə saxlanması” isə “qeyri-münasib” idi.
İctimai
sancıları sancmalar dövrü
Seyfəddin Dağlının “Kirpi” jurnalında baş redaktorluq dövrünü Azərbaycan mətbuatının - “Molla Nəsrəddin”dən sonra - silsiləvi hadisəsi, milli təfəkkürümüzün - xəmirindəki sovet mayası istisna edilməklə, satira-yumor, felyeton, nəticə etibarı ilə tərbiyəvi islah qabiliyyətinin mətbu sərgisi də hesab etmək olar. O vaxtların nəinki məlum, hətta “naməlum” antipodları da “Kirpi” tərəfindən iynələnmək təhlükəsi yaşayırdılar. Özü də təkcə ayda bir dəfə çıxan “Kirpi”dən yox, daha çox, prinsipial, sözü də üzü kimi dönməz baş “Kirpi”çidən! Eşitmişdim ki, Seyfəddin müəllim günahkarların “kandarkəsən”, “zəngdəng”edən havadarlarından yaxa qurtarmaq üçün “day-day-vay-vay”lı felyetonları bir-iki nömrə sonraya saxlayar, sonra - jurnalın çap günü özünü harayasa “ezam” edib, “məndən xəbərsiz verilib” “təəssüf”ü ilə vəziyyətdən çıxarmış. O dövrün hərzələrini lərzəyə salmaqda yeganə mətbu nümunə olan o jurnalda oxuduğum materiallara, gördüyüm karikaturalara əsasən də bir neçə epizod söyləyə bilərəm. Məsələn, “yad” bir müəllimə qohum-əqrəbalarından dəfə-dəfə az dərs saatı verən və həmin “yad”ın şikayətlərinə əsasən “həftə səkkiz-mən doqquz” yoxlamaya gələnlərə o qohum-əqrəbasının qazandığından da artıq məbləğdə rüşvət verməli olan bir məktəb direktoruna felyeton mətni içərisindəki “pəncərə”də büsbütün Seyfəddin Dağlı üslubunda belə bir “redaksiyadan:” verilmişdi: “Hörmətli və mürvətli direktor-müəllim! Gəldi-gedər yoldaşlara etməyə məcbur olduğunuz o “hörmət”lərin yüzdə birini o həmişəqalar iş yoldaşınıza bir-iki saat əlavə dərs kimi versəniz, nə dünya dağılar, nə də təmiri üçün heç bir yerə müraciət etmədiyin məktəbiniz!”
Bir-iki kəlmə də əsl sənət səviyyəli karikaturalardan. Öncə deyim ki, bu səviyyə baş redaktorun tək elə şəxsi rəğbət hissilə yox, həm də ictimai anlam-amal duyğusuyla redaksiyaya cəlb etdiyi böyük rəssamlar hesabına alınmışdı. Onlardan kimisə unutma ehtimalına görə ad çəkmədən, misallara keçirəm: məhəllə içrə “böyüklüyü” papağının təvərə böyüklüyündə görən bir cayılın başı üzərindəki vertolyotda biri o birinə: “Bəlkə elə bu aerodroma enək?..” Qar-çovğun ucbatından ömründə bir kərə nəvəsini məktəbə ictimai nəqliyyatda aparmalı olan “bazburut” görkəmli çinovnik, rəssamın canlı, dinamik cizgilərilə gah başı üstündə dayanmış mamılı-matan xanıma, gah dizi üstündə oyurmuş nəvəsinə baxıb: “A gül bala, dur yerini ver “çiçək” xalaya...” deyir.
Əlbəttə, bunlar dövri mətbuatın fövri problemləri, ötüb-keçəri yazıları idi. Onun hər vaxt, hər zaman bizə, hamıya əsər edən və edəsi ədəbi-bədii -
Kitabları
da
var ki, onlar
haqda da bir neçə kəlmə. O əsərlərdən
bir neçəsinin -
“Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”,
“Mənziliniz mübarək”,
“Təzə gəlin”,
“Kölgələr pıçıldaşır”
pyeslərinin, “Dəniz
kəşfiyyatçısı”, “Məşəl”, “Kəcil
qapısı”, “Sabiqlər”
kitablarının adını
çəkim, 1966-cı ildə
oxuyub feyzini bu gün də
yaşadığım “Bahar
oğlu”nun isə (yenə tele leksikonca) dadını çıxarım.
Oxuyanlar bilər - o kitabda necə bir bahar
hərarəti var, bütöv bir səhnə Azərbaycanı
yaratmış dahi Cəfər Cabbarlıya nə tövr müəllif hüsn-rəğbəti,
millət məhəbbəti
bərqərardır! Bu kitabı
yazmağa başlayarkən
qırx yaşı keçməkdə olan Seyfəddin Dağlı bütün təhkiyəvi
elementləri, bədii
uğurları ilə
bahəm, bu dünyanı otuz beşcə yaşında
dahi olaraq tərk etmiş təkrarsız Cəfərimizin
bu qədər qısa olum aləmini tam verə bilməkdə çətinlik
çəkdiyini də
duyurmağa çalışıb.
Böyük dramaturqun dünyabaxışına
təsir edən əsas məsələ-məziyyətlər
içərisində “Qəhr
olsun dünyanın milyonlar içində vücuda gələn səadəti!” kimi fəlsəfi postulatlar, “Nə bağırırsan,
xalq! Aktrisan varındır - ver, yoxundur - sus, öl” kimi sərkərdəvi
halətlərlə birgə,
uşaqlıqda gördüyü
dini şəbehlərin,
eşitdiyi “Necə qan ağlamasın daş bu gün,
Kəsilib yetmiş iki baş bu
gün!” kimi sədaların da rol oynadığını
canlı boyalarla sərgiləmiş belə
bir müəllifin özü də, təbii, əbədi bir ədib olaraq
qalacaq...
Tahir Abbaslı
Mədəniyyət.-
2013.- 16 yanvar.- S. 13.