Təzə
söz tapıb, yeni fikir demək
Teleseriallarımızda ilk növbədə bunu
görmək istərdik
Himayəsi bütün
sahələrdə hiss olunan
dövlətimiz mədəniyyət və incəsənətimizi
lap “ikiəlli tutur”
desək, yanılmarıq. Artıq doğma
telekanallarımızı milli seriallarımızın
bəzəməsi də bu dəstək-istəyin
nəticəsidir.
Dövlət bu işdə telekanallara kifayət qədər büdcə ayırıb. Mədəni nümunələr havadan-havayıdan yaranmır. Həyatın, ictimai-sosial şəraitin vəziyyətindən doğur, böyük arzudan, böyük tələbdən cücərir. İnsanları güldürən, ağladan, rahat-narahat edib düşündürən nüanslar varsa, onlar mütləqa bir yolla səhnəyə ayaq açmalıdır - tamaşalara, filmlərə. Və nəhayət, bu da seriallar!
Bilirəm, kimsə söyləyəcəklərimçün məni qınaya da bilər. Amma adamın Allahı var; bu tipli milli təqdimatlarımızın da seyrçisi az deyil, hələ bəlkə də yüksək qiymət verənlər daha çoxdur. “Axı seriallar özündə hansısa bədii-fəlsəfi, lirik-psixoloji məqamları ehtiva etmir, - o elə yüngül dramaturji yük daşısa, bəsdir” - deyənlər də tapılacaq. Əvvəlcədən deyim ki, bu yanaşma ilə də razıyam; heç mənim də seriallardan yüksək dərəcədə dərinlik, məna-məzmun baxımından zənginlik, kompozisiya etibarı ilə bitkinlik umacağım yoxdur. Təbii, bu bir aksiomdur ki, istənilən məsələdə çox müxtəlif baxış, təzadlı mülahizələr ola bilər. Ancaq mən iradlarımı tutarlı və obyektiv saydığımdan bunları ictimailəşdirməkdə iddialıyam.
Serial layihələri, demək olar, əksər kanallarımızda yayımlanmaqda. Həyati-bədii güzgülərimizdən olan bu seriallar, əslində, bir az üzdəngetdi olsa da - milli, sosial-ictimai, mənəvi-əxlaqi individuallığımızı əks etdirməli, mövcud problemlərə də toxunmalıdır. Toxunulmur, - desək insafsızlıq olar. Ssenariləri normal formada işləyib rejissor və aktyorun ixtiyarına verənlər var. Artıq bu əkilib-becərilmiş işdir və “dərilib qablara yığılmış” məhsulu zövq istehlakçılarına yüksək səviyyədə çatdırmaq aktyorun işidir. Amma belədirmi? Adlarını yenicə eşidib, üzlərini təzə-təzə gördüyümüz ( köhnə aktyor məktəbi estetikasından yararlanan bəzilərini çıxmaq şərtilə) aktyor ordusuna çox böyük etimad göstərilib. Kino incəsənətinin əksəriyyət üçün çox şirin gələn bu “acı bağırsaq” qoluna “keçid”çilərə - milli serial sənətinin tarixini yazan” ilk qaranquşlar”a “hər şeyin başlanğıcı mürəkkəb olur” - deməyə ehtiyac yox, məncə. Kim bilir, bəlkə də indi mən oturub, iyirmi-otuz il sonra dünya serial bazarında meydan sulayacaq aktyorlar (“sabun-opera”çılar) haqda baş sındırıram...
Tənqid-təhlil, müzakirə-müqayisə ardıcıllığını bir kənara qoyaraq, heç olmasa, millilik xatirinə çalışırsan ki, oturub onlara baxa-baxa bir stəkan pürrəng çayın axırına çıxasan, “rəngarəng” problemli günlərimizin ağrı-acısını çıxarasan. Amma vallahi, olmur. Ən çoxu da ekranın, səhnənin canı olan dil-ünsiyyət-danışıq üçbucağındakı əsəb cırmaqlayan sünilik, qabalıq, ifadə etməkdə çətinlik çəkdiyim bir yığın nəsnələr ucbatından. Bir var ədəbi dil, bir də var - “küçə etiketli” adi danışıq tərzi. Bu yerdə incədən incə bir mətləb bulunmaqda ki, küçə danışığının da sadəsi-avamı, quru təkəbbür-təşəxxüs kimi saysız kriteriyaları mövcud. Vallah hərdən adi çəkməçinin, bağbanın, poçtalyonun ağız-qulaq ləzzətilə etdiyi elə şirin gapların şahidi olursan ki, adam öz xalqının danışıq mədəniyyətinə, kübarlığına, dadına-duzuna heyran qalır. Təbii ki, hamımızın gündəlik həyat tərzi (müəyyən bir hissəsi) bu danışıq üzərində bərqərar. Sadəcə, tamaşaçını qıcıqlandıran əsas səbəb bu ki, seriallarımızın dili ədəbi dillə küçə-bazar dili arasındakı qeyri-müəyyən “neytral” sərhəddə çabalayır. Nədən ki, ortaq məxrəci tapa bilmir, sadələşib təbiiləşməyi, təbiiləşib doğmalaşmağı bacarmır.
Beləliklə də, onlar ekranda ssenarini gəvəzələməkdə (bu yerdə oxuculardan üzr istəyirəm), sənsə bu sehrli şüşə qarşısında düşünməkdə: “Əcəba, görəsən, bu qədər zəngin radio, teatr, kino, audio-video arsenalına, elm-mədəniyyət potensialı irsinə malik “serialçı” aktyorlarımız (hamısı olmasa da, bir çoxu) adi səhnə danışığını mənimsəyib çatdırmaqda niyə bu qədər çətinlik çəkirlər? Monoloq-dialoq situasiyalarında, mimik-jestik quruluşlarda cari hal-əhvalı əvvəlcə məşq edib, özü yaşayıb sonra özgəyə - tamaşaçıya çatdırmaq prinsipində nədən belə çətinlik (sonda isə əzab) çəkirlər? Canı oyun ünsürləri ilə yoğrulmalı olan əsl aktyor üçün özününküləşdirmə və paylaşma aktı bu qədərmi ağırdır?
Bu yerdə “Bəyin oğurlanması” filmindəki möhtəşəm aktyor ansamblının yaratdığı milli fraqmentlərdən biri yada düşür. “Rejissor”un “Niyə özgənin filminə 43 dəfə baxırsız, öz filmimizə isə bir dəfə də baxmırsız” sualına “avam” kəndlinin cavabı çox kəsərli olur: ”Siz də elə çəkin ki, insanın qəlbinə toxunsun”. Axı, tezcənə pultu əlinə alıb öz serialımızı özgənin çəkdiyinə dəyişənin nə günahı? Onun ürəyinə toxunmaması, qəlbinə yatmamasımı?
Sadalanan iradlar komediyalarımız barədə xüsusilə (böyük hərflərlə) qeyd olunmalı. O komediyalar ki, baxar-baxmaz, sənətin müqəddəsliyindən bir balaca xəbərdar olan kəsləri antikomedik ağlama tutur. O komediyalar ki, klassik, həyati, təbii komediyalara gülə-gülə, uğuna-uğuna böyüyən, bayağılığı, şitliyi göydə tutmağı bacaran tamaşaçımızın dodağını qaçırmaqda aciz. O komediyalar ki, tamaşaçını iki avtobus sürücüsünün davasından, qoşa bazar alverçisinin şir-şivənindən əxz edilmiş “xodgedən” matahlarla güldürmək iddiasında. Bəs hanı Azərbaycan komediya sənətinin Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri (və siyahısı yetərincə uzadıla biləcək) əfsanə səhifələri? Zəif dramaturji materialın belə iç-içalatındakı komik nə varsa dartıb üzə çıxaran, qələmi miyanə müəllifin dadına yetmək üçün pyesin komizm döyüntülü ürəyinə çevrilib, səhnələri öz güclərinə gurladan fədailərimiz?
Ötən əsrin əvvəllərindən üzü bəri zənginləşən komik yaddaşımız bugünkü qüvvətli əsərləri, teatr-kino-tele işlərini üstələmək qədərində olmayan dadsız-duzsuz komediyaları həzmi-rabedən keçirə bilmir və keçirməməkdə də haqlı. “Keçid dövrü” adlı qıl körpünü sürətlə keçmək istəyən yurddaşlarımız köhnə qayda-qanunu unutmağa macal tapmamış təzəlik ab-havasını qəbullanmaq məcburiyyəti arasında yaşamırlarmı və bunlar mövzu deyilmi (müasir texniki nailiyyət vasitələri ilə davranışda, xarici dillərin hansını daha tez öyrənmək uğrunda mübarizədə)? Elə bu olaylarda da o qədər komik situasiyalar yaşanır ki, bir müəllif lazımdır ki, onları bir-bir qələmə alıb səhnələrə ötürə. Daha biz niyə Türkiyədə çəkilən serialları bəzən detallarına qədər (ssenari quruluşu, obraz mövqeyi, hətta səhnə dekorasiyasınacan) suçəkən kağız kimi kinolentlərimizə köçürməliyik? Allaha şükür, müəlliflərimiz də boy-boya dururlarsa, daha nə söz? Bəs niyə komik aktuallığı tuta bilmirik? Gülüş doğuran məqamların hədəfini nişan almağı bacarmırıq? Əvvəlki komediya-tamaşalar haqda resenziyalarda “güldürərək düşündürmək” kimi çox şablon bir fikir tez-tez işlənirdi ki, onu oxuyanda belə yorulur, “axı eyni fikir nə qədər işlənər” deyə şikayətlənirdik. Amma indiki bir çox tez-tov, “suçəkən” komediyalarımız və adamın (habelə böyük mədəniyyət aləmimizin) üzünün suyunu tökən komediyalarımızı izləyəndə, təhlil ələyində xəlbirləyəndə o ifadənin dəyərini, mahiyyətini anlayıb, həsrətini çəkirsən.
İradlarım təkcə komediyalarımızdakı çatışmazlıqlar üzərində köklənmiş və ya bu janra qərəzli yanaşma kimi qəbul edilməməli. Ekranlarımızda bir-birini əvəz edən müxtəlif janrlı nümunələrin bir çoxu da sadaladığım nöqsanlardan xali deyil. Gəlin, dünyanın altından da, üstündən də xəbərdar tamaşaçımızı bəsit söz yığını, soyuq ifa-oyun-aşılama göstərisiylə yormayaq. “Təzə söz tapıb, yeni fikir demək” kimi “köhnə” fikirlərdən nəticə çıxarmağa çalışaq. Özgələri aldatmağı bacarmış hesab edib, özümüzü aldatmayaq.
Samirə
Rüstəmova
Mədəniyyət.-
2013.- 16 yanvar.- S. 11.