Qobustanın yaddaşını oyadarkən Pikasso ilə “görüşən” rəssam

 

   Yusif Mirzə: “Qobustan mədəniyyətimizin əski ensiklopediyası, rəssamlığımızın qədim sənət akademiyasıdır”

  

   Tanınmış rəssam Yusif Mirzənin hər əsərinin öz kodu, öz şifrəsi var. Onun yaradıcılığında uzaq keçmişlə əlçatmaz gələcək dumanlı şəkildə birləşir. Bu əsərləri “oxumaq” hər kəsə nəsib olmasa da, görkəmli sənətkarlar əsl sənət qarşısında heyranlıqlarını gizlədə bilmirlər. Onu Azərbaycanın Pikassosu adlandıranlar da var. Çünki Pikasso yaradıcılığı sirrini uzun illər heç kimə açmadı. Bu baxımdan Yusif Mirzənin də əsərləri müəmmalılığı, sirliliyi ilə gələcəyə hesablanıb.

  

   Beləliklə, həmsöhbətimiz əsərləri dünyanın 20-dən artıq ölkəsinin çeşidli qalereyalarında nümayiş olunan, böyük tamaşaçı marağına səbəb olan istedadlı rəssam Yusif Mirzədir. Bircə faktı demək kifayətdir ki, tanınmış norveçli səyyah, etnoqrafalim Tur Heyerdal Azərbaycana səfər edərkən Yusif Mirzənin rəsmləri ilə yaxından tanış olmuş, rəssamın yaradıcılığını yüksək qiymətləndirərək onun bir neçə əsərini öz şəxsi muzeyi üçün satın almışdır.

  

   Heç kimi, hətta Pikassonu da ilahiləşdirmək lazım deyil

  

   - 2011-ci ilin mayında emalatxanama Amerika Birləşmiş Ştatlarından bir qonaq gəldi. Bu, məşhur yazıçı Ronald R.Moore idi. Mənim bir rəsmimi başqa bir yerdə görmüş, bu onun marağına səbəb olmuşdu. Rəsmlərimlə, heykəllərimlə tanış oldu, ətraflı söhbət etdik. Xüsusi zövqü olan bir insan idi. Əsərlərimi çox bəyəndiyini bildirdiöz kolleksiyası üçün iki əsər alacağını dedi. Qonaq mənə öz zəngin kolleksiyasından da danışdı. Məlum oldu ki, kolleksiyasında Amerikanın avanqard rəssamlarından Pollok, Uorxoll, Rauşenberq və başqalarının əsərləri var. Kolleksiyada PikassoTamayonun da rəsmlərinin olduğunu, mənim rəsmlərimi onlarla birlikdə nümayiş etdirəcəyini bildirdi. Şübhəsiz, bu cür yüksək qiymət mənim üçün gözlənilməz idi. Çünki Pikasso ilə artıq neçənci dəfə idi ki, “görüşürdüm”.

   Pikasso böyük rəssam, böyük ustaddır, dahidir. Lakin heç kimi, hətta, Pikassonu da ilahiləşdirmək lazım deyil. Onun böyük yaradıcılıq, sənət yolu var. Bu yaradıcılıq yolunun istiqamətləri haqqında danışmaq istəməzdim. Bu o qədər də asan deyil. Lakin onun yaradıcılığında bir istiqamət var. Böyük sənətkar arxaikanı sevir, Lyasko mağarasının rəsmlərinə heyranlığını gizlətmir. Onun arxaikadan ilhamlanaraq yaratdığı əsərlər, şübhəsiz ki, yüksək sənət nümunələridir.

   Pikassonun gəlib çıxdığı bir nöqtə var ki, rəssam bu nöqtədə dayanıb, yolunu davam etdirməyib. Niyə, nə üçün? Bu sualların cavabını Pikassodan başqa bir kimsə bilmirheç vaxt da bilməyəcək. O yolu mən davam etdirdim. Bu yol Qobustandan başlayır. Bu, mənim yolumdur.

  

   Milli mədəniyyətimizin kökləri

  

   - Qobustan qayaüstü rəsmlərinin üslubunu, plastikasını öyrənərkən maraqlı faktlarla rastlaşacağımı gözləyirdim. Lakin bu sirli aləmdə böyük Pikasso ilə “rastlaşacağımı” heç ağlıma da gətirməzdim. Bu, məni heyrətləndirdi. Anladım ki, bunda təəccüblü bir şey yoxdur. Açığını deyim ki, bugörüş” mənə inam verdi. Sanki başladığım böyük bir üçün Ustadın məsləhətini aldım. Bu fikirlər kiməsə qəribə görünə bilər, lakin bütün bunlar sənətdə olmalıdır və sənət hazır proqramlarla getsəydi, sənət olmazdı.

   Qobustan əski bir sənət məktəbi, sənət üslubudur. Mədəniyyətimizin əski ensiklopediyası, rəssamlığımızın qədim akademiyasıdır. Milli mədəniyyətimizin kökləri buradan başlayır. Mən bir tədqiqatçı rəssam olaraq qürur duyuram ki, ilk dəfə Qobustan qayaüstü rəsmlərin ənənələrinə müraciət edərək onlara yeni ruh, yeni nəfəs verməyə nail oldum. Mənim ən böyük mükafatım “Qobustanın yaddaşını oyadan rəssam” adlandırılmağımdır.

   Qobustandan başlayan yol məni sənətdə püxtələşdirdi. Buradan aldığım dərslər hesabına neçə-neçə maraqlı rəsmlər, heykəllər işlədim. Aldığım ən böyük dərs o oldu ki, milli köklərə, torpağa bağlı olmadan nə isə yaratmaq, iz qoymaq mümkün deyil. Azərbaycanın mədəniyyəti çox zəngin ənənələrə malikdir. Bu ənənələri öyrənmək, yaşatmaqinkişaf etdirmək lazımdır. Milli mədəniyyətimiz bir xalq və millət kimi mövcudluğumuzun, özünəməxsusluğumuzun əsaslarından biridir.

   Yusif Mirzə yaradıcılığında, təbii ki, Qobustan ənənələri ilə kifayətlənmədi. Qədim daş heykəllər, saxsı keramika nümunələri və nəhayət, bənzərsiz Azərbaycan xalça nümunələrini yaratdı:

   - “Qobustan yaddaşı” silsiləsindən rəsmlərlə bərabər, “Nostalgiya”, “Xatirə” kimi silsilə əsərlər yaratdım. İndi bu rəsmlər Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, muzeylərdə, şəxsi kolleksiyalarda, ofisqalereyalarda nümayiş olunur. “Qobustan yaddaşı” silsiləsindən iki əsərim ABŞ-da şəxsi kolleksiyada, yuxarıda qeyd etdiyim kimi, Pablo PikassoRufino Tamayonun rəsmləri ilə bir sırada yer alıb. Maraqlıdır ki, mənim əski sənət ənənələrindən bəhrələnməyim nəinki Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində böyük maraqla qarşılandı. Xarici ölkələrin nümayəndələri bu əsərlərə çox böyük maraqla tamaşa edirlər. Hətta etiraf edirlər ki, rəsmlərdəki enerji onlara da keçirinsanda müsbət hisslər oyadır. Bu məncə təbiidir. Çünki heç bir mədəniyyət təcrid olunmuş şəkildə yaşaya bilməz. Mədəniyyətlər qarşılıqlı təsir nəticəsində inkişaf edir. Sadəcə, qədim bir xalqın nümayəndəsi kimi öz mədəniyyətimizi öyrənərək dünya mədəniyyətində yerimizi müəyyənləşdirməliyik. Biz böyük türk xalqları ailəsinə mənsubuq. Bu baxımdan əski türklərin mədəniyyəti də bizlər üçün çox zəngin bir xəzinədir.

  

   Uzaq SkandinaviyaYusif Mirzə

  

   Dünyanın bir sıra ölkələrində əsərləri maraqla qarşılanan rəssam Norveçdə xüsusilə məşhurdur. Bu ölkədə müxtəlif kolleksiyalarda, ofislərdə, təşkilatlarda rəsmləri saxlanılır. Uzaq Skandinaviyanın digər ölkəsində, Finlandiyada da Yusif Mirzənin pərəstişkarları artmaqdadır. Müəllifi Anne Grohn olanNyt Betlehehemiin” kitabını rəssamın əsərlərinin reproduksiyaları bəzəyir. Rəssamın 20 rəsmindən yüksək poliqrafik səviyyədə istifadə olunaraq olduqca maraqlı bir kitab nəşr edilib. Fin dilində olan kitabda müqəddəs İncildən gətirilən sitatlar Anne Grohnun interpretasiyasında təqdim olunur. Yusif Mirzənin rəsmləri müqəddəs sözləri, kəlamları tamamlayır. Kitabda Azərbaycan, Bakı, onun tarixinə həsr olunmuş rəsmlər mövzularla sıx bağlı şəkildə müqəddəs məkanlar kimi təqdim olunub.

   Rəssam özü bu barədə belə deyir:

   - Skandinaviya dünyanın ən maraqlı və qeyri-adi yerlərindən biridir. Bu xalqların tarixi, mədəniyyətləri, adət və ənənələri çox maraqlıdır. Norveç kimi, Finlandiya da çox inkişaf etmiş, yüksək həyat səviyyəsinə malik olan ölkədir. Skandinaviya xalqları özünəməxsusluqlarını, milli mədəniyyətlərini çox sevirqoruyub saxlayırlar. Həddən artıq səbirli, təmkinli və ağıllıdırlar. Çox yüksək zövqə malikdirlər. Hər şeyi bəyənməz, qəbul etməzlər. Bir rəssam kimi mənə çox xoşdur ki, onlar mənim yaradıcılığımı qiymətləndirirlər. Skandinaviyada çoxlu dostlarım var. Onlardan sədaqət, etibar görmüşəm. Mənim üçün çox əzizdirlər. Onları çox sevirəm.

   Xatırladaq ki, bu günlərdə Finlandiyada çap olunanKylvaja” jurnalında Yusif Mirzənin yaradıcılığı barədə maraqlı yazı dərc olunub.

   Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, Yusif Mirzə fərqli, sirli rəssamdır. Rəssamın “Əbədiyyət”, “Ağoğlan haqqında rəvayət”, “Ayrılıq” əsərlərinə tamaşa etsəniz, sözə ehtiyac qalmayacaq...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 16 yanvar.- S. 9.