“Musiqinin
sirli aləmindən ayrıla bilmədim”
Adilə
Yusifova: “Müasir musiqini insanlara tədricən,
addım-addım təbliğ etmək gərəkdir”
Hərəmiz
bir alın yazısı ilə gəlirik bu dünyaya. İstəsək
də, istəməsək də, Tanrının bizə
seçdiyi yol ilə getməli oluruq. Bir qisim insanlar bu yolda
uğur əldə edir, həyatı sevir və hər zaman
optimist fikirlərlə yaşayırlar. Bu yazıda
haqqında söz açacağımız Adilə Yusifova da
belə insanlardandır.
Onunla Bəstəkarlar
İttifaqında görüşdüm. Elə söhbətimizin
ilk dəqiqələrindən həyatsevərliyi,
çöhrəsindən əskik olmayan təbəssümü,
yaradıcılıq eşqi məndə xoş təəssürat
yaratdı. Həyatını musiqiyə həsr edən Adilə
xanımla söhbətimiz şən notlar üzərində
quruldu.
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim
Adilə Yusifovanın musiqi sahəsinə gəlişi təsadüfi
olmayıb. Musiqiçi ailəsində doğulub, bu sehrli aləmin
içində boya-başa çatıb. Atası Niyazi müəllim
uzun illər A.Zeynallı adına Musiqi Kollecinin nəfəsli
və zərb alətlər şöbəsinin müdiri, eyni
zamanda hərbi orkestrin dirijoru olub. Bəlkə elə buna
görə də onun gələcək taleyi artıq ilk
addımlarından məlum idi. Zaman və tale onu sənət
yoluna çıxardı: “Mən uşaqlıqdan teatr
tamaşalarına, konsertlərə həvəslə gedirdim.
Musiqi mühitində böyüdüyümdən bu sirli aləmdən
ayrıla bilmədim. Əvvəl A.Zeynallı adına Musiqi
Kollecini, sonra Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası -
red.) professor Cövdət Hacıyevin sinfini fərqlənmə
diplomla bitirdim”.
Bəstəkar Adilə Yusifova
müxtəlif janrlarda əsərlər bəstələyir.
Tar və piano üçün “Alov” fantaziyası, violin,
violonçel, fleyta və piano üçün “Qadın
obrazlarının siluetləri”, “Sehrli sandıq” uşaq
tamaşası, balaban, klavesin, piano və kamera orkestri
üçün “Nənəmin sandığı” süitası
və s. əsərləri musiqisevərlər tərəfindən
hər zaman maraqla qarşılanıb.
Söhbətimiz zamanı Adilə
xanım yola saldığımız 2012-ci ilin onun
üçün çox uğurlu olduğunu dedi: “Neçə
müddətdir ki, üzərində işlədiyim kitabı
bitirdim. Kitab Azərbaycanın Xalq artisti, professor Cövdət
Hacıyevə həsr edilib. Onu ərsəyə gətirməklə
bir növ öz müəllimim qarşısında borcumu
yerinə yetirmiş oldum. İnanıram ki, böyük sənətkara
layiq hazırlanıb. Digər uğurum Ali Attestasiya
Komissiyası tərəfindən mənə professor diplomunun
verilməsi oldu”.
Ötən il Adilə Yusifova
üçün daha bir sevindirici hadisə dekabr ayında Bəstəkarlar
İttifaqının IX qurultayında ilk dəfə olaraq əsərinin
səslənməsi olub. “Nənəmin sandığı”
adlı əsərindən üç hissə qurultayın
konsert proqramları çərçivəsində Teymur
Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına
Dövlət Kamera Orkestrinin ifasında təqdim olunub.
Əsərin adı ilə
bağlı suala isə müəllif belə cavab verir: “Bu əsərdə
çalışmışam ki, uşaqlıq xatirələrimi
canlandıraraq keçmişə səyahət edim.
Uşaqlıq dövrümüzdə nənələrimizin
sandığı biz uşaqlar üçün həmişə
sirr və maraq mənbəyi olub. Lakin zaman keçir və biz
böyüyürük. Böyüdüyümüz zaman o
sandığın içində hansı əşyaların
olduğunu bilirik. Burada nənəmin gəlinlik kəlağayısı
- ağ və qara, Quran kitabı, musiqili mücrü və s. əşyalar
var idi. Mən bütün bunları musiqinin dili ilə
canlandırmağa çalışdım. İnşallah, bu əsəri
yenidən bütöv şəkildə təqdim etmək istəyirəm.
Çünki əsər uşaq səsi, balaban, klavesin və
orkestrlə birlikdə daha da maraqlı səslənəcək”.
2012-ci ildə Adilə
xanımın “Milli naxışlar” adlı fortepiano
üçün notları da çapdan çıxıb: “Bu
maraqlı layihənin həyata keçməsinə görə
Mədəniyyət və Turizm Nazirliyinə və Bəstəkarlar
İttifaqına minnətdarlığımı bildirirəm.
Tətbiqi sənətə böyük marağım
olduğundan mən tez-tez sərgilərə gedirəm. Bununla
əlaqədar olaraq iştirak etdiyim sərgilərin təsiri
ilə bu silsiləni yaratdım. “Milli naxışlar”da
keramika, qurama, xalçaçılıq və s. sənət
növləri tərənnüm edilib. Hər bir musiqi nömrəsi
bir əsəri təsvir edir. Məcmuə nəfis tərtibatda
Azərbaycan və ingilis dillərində nəşr olunub. Bu
məcmuənin də təqdimatını keçirməyi
düşünürəm”.
Hazırda Bakı Musiqi
Akademiyasında “Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi”
kafedrasında professor kimi fəaliyyət göstərən
A.Yusifova təhsil ocağının nəzdində fəaliyyət
göstərən məktəb-studiyada uşaq opera teatrı
ilə sıx bağlı olub. Orada Ş.Çalayevin “Mauqli”
operası, B.Brittenin “Gəlin, opera bəstələyək”,
T.Quliyevin “Cəmilənin albomu” fortepiano əsəri əsasında
müziklin səhnələşdirilməsində yaxından
iştirak edib. Özünün “Sehrli sandıq”
tamaşası da burada səhnəyə qoyulub.
“Sehrli sandıq”
tamaşasının 2006-cı ildə
hazırlandığını deyən Adilə xanım
uşaqlarla işini davam etdirmək fikrindədir: “Hazırda
maraqlı, müasir mövzu axtarışındayam. İndiki
yeniyetmələri heç nə ilə təəccübləndirmək
mümkün deyil. Gərək elə bir ideya düşünəsən
ki, onlar üçün maraqlı olsun”.
XX və XXI əsrin musiqi zövqlərinin
qovuşduğu bir dövrdə insanlara müasir musiqini necə
sevdirmək lazımdır? Bu sualı həmsöhbətim belə
cavablandırır: “İnsanları birdən-birə müasir
musiqiyə yönəltmək olmaz. Bu musiqini insanlara tədricən,
addım-addım təbliğ etmək gərəkdir”.
“Azərbaycan xalq
melodiyalarının işlənməsi və
hazırlanması”, “Azərbaycan bəstəkarlarının
işləmələri”, “Uşaqlara məhəbbətlə”
xor üçün əsərlər, “Azərbaycan xalq
melodiyalarının nota salınması” və “Ü.Hacıbəyli.
Azərbaycan xalq mahnılarının işləmələri”
(rus dilində) dərs vəsaitlərinin müəllifi olan bəstəkar
yeni texnoloji vasitələrlə aranjiman fənnini inkişaf
etdirməyi zəruri hesab edir.
2013-cü ildən gözləntilərə
gəlincə, cavabı qısa oldu: “Ötən il mənə
uğur gətirdi. Bu il hamıya cansağlığı
arzulayıram və yeni əsərlər bəstələmək
istəyirəm”.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 16 yanvar.- S. 7.