Turizmin inkişafında iaşə xidmətinin
səviyyəsi də mühüm rol oynayır
Tahir Əmiraslanov:
“Xarici ölkələrə səfərlər
bir çox hallarda turistlərin yadında yerli
mətbəx nümunələri ilə qalır”
Xəbər verdiyimiz
kimi, ötən ilin
dekabrında Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi
tərəfindən «Şadlıq saraylarının təsnifatı
və qaydalar» dövlət standartı təsdiqlənib.
Yanvarın 1-dən tətbiq edilən yeni
standartlarda şadlıq saraylarının
təsnifatı, texniki və digər tələblər
əksini tapıb.
Bu sırada şadlıq sarayının mətbəxinə aid tələblər əsas yeri tutur. Standarta əsasən, saray evinin mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir. Mətbəxdə arakəsmələrlə, yaxud ayrı otaqlar olmaqla, soyuq qəlyanaltıların, manqal yeməklərinin hazırlanması (güclü havalandırma sistemi olmaqla) üçün ayrıca yerlər olmalıdır. Ət məhsullarının qəbulu, kəsilməsi və hissələrə ayrılması üçün də xüsusi otaq və ya bölmənin olması zəruridir.
Standartda yeməklərin hazırlanmasına, qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalarına, xammalların anbarda saxlanmasına dair tələblər də qeyd edilib.
Həmçinin xidmət göstərən heyətlə bağlı ciddi tələblər müəyyənləşdirilib. Standarta əsasən, mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan bir tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqda arayış təqdim etməlidir. Sarayda çalışan administrator, süfrəçi, barmen, aşpazlar işlədikləri sahə üzrə ixtisas təhsilinə malik olmalıdırlar.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası peşəkarlığı olmayan şəxslərin restoranlarda aşpaz, qənnadıçı kimi çalışmasından narahatlıq ifadə etmişdi.
Yeni standartlar daha təkmilləşmiş
formadadır
Maraqlıdır, yeni standartlar bu qurumları qane edirmi? Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovun sözlərinə görə, son dövrlər turizmin sürətli inkişafı nəticəsində ölkəmizə gələn qonaqların sayı da artıb. Bu isə bizi məcbur edir ki, hər bir sahədə dünya standartları ilə uyğunlaşaq: «Biz dünya ilə ayaqlaşmalıyıq. Dünyanın heç bir yerində təhsili olmayan aşpazları işə götürmürlər. Restoranlara hər yerdə dərəcələr, kateqoriyalar verilir, aşpazların təhsilinə diqqət edilir. Dünya Turizm Təşkilatının mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən bu və digər ölkə turistlərin təxminən 80 faizinin yadında yerli mətbəxi, mətbəx nümunələri ilə qalır. Ona görə də bu sahəyə hər yerdə xüsusi diqqət yetirilir. Yüksək dərəcəli restoranlarda baş aşpaz və onun köməkçisi mütləq usta dərəcəsinə malik olmalıdır. Ofisiantların səviyyəsi yüksək olmalıdır. İndiyə qədər bunları tənzimləyən qaydalar var idi. Yeni standartlar isə daha təkmilləşmiş formadadır».
Mütəxəssis deyir ki, standartlar
yalnız şadlıq
saraylarına aid deyil. Bəzi
müddəalar var ki, onları bütün iaşə müəssisələrində tətbiq etmək mümkündür: «Məsələn,
sənəddə göstərilir
ki, dərəcəsi
olmayan aşpazlara
3-cü, 4-cü, 5-ci, 6-cı və usta dərəcəsi
verilməlidir. O cümlədən
də qənnadıçılara,
ofisiantlara. Bu nə üçündür?
Tutaq ki, getmisiniz bir restorana. Orada yazılıb ki, kababın qiyməti 10 manatdır. Amma burada yazılmayıb
ki, bu, yarım
kilo kabab üçündür,
yoxsa 50 qram kabab üçün.
Bunlar texnoloji kartlar vasitəsilə tənzimlənir.
Restoran biznesində üç standart var. Bunlardan birincisi dövlət standartıdır. Bunu
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
müəyyənləşdirir. Digəri sahə standartıdır.
Üçüncü standart isə
müəssisənin özünə
aiddir. Zaman keçdikcə bu
mərhələlər də
yavaş-yavaş ayrılacaq.
İndiyə qədər restoran
biznesi pis vəziyyətdə idi.
İndi qayda-qanun yaradılmağa
başlanıb. Yeni sənədə
əsasən əlində
dərəcəsi olmayan
aşpazla, qənnadıçı
ilə, ofisiantla restoranlar müqavilə bağlaya bilməz”.
Mədəniyyət və
Turizm Nazirliyi müsbət tendensiyanı
dəstəkləyir
Məlumdur ki, hazırda
restoranlarda, şadlıq
evlərində minlərlə
insan çalışır
və onların əksəriyyətinin tələb
olunan sənədi yoxdur. Bu halda
vəziyyət necə
olacaq? Həmsöhbətimiz bu məqamın
da nəzərə alındığını deyir.
Onun sözlərinə
görə, dövlət
bu insanları işsiz qoymamaq üçün də müəyyən qaydalar tətbiq edir: «Azərbaycan Milli Kulinariya Mərkəzinin nəzdində Respublika Kulinariya Şurası fəaliyyət göstərir.
Şura ixtisasartırma kursları
təşkil edir.
Restoranlarda işləyənlər gəlib burada kurs keçir, sonra imtahan verib
dərəcə alırlar.
Hər bir dərəcənin öz şərtləri
var. Elə restoranlar var ki, orada
çalışan 20-30 nəfərin
diplomu yoxdur. Bu halda onlar dəvət etdikləri halda bizim mütəxəssislər
gedib dərsləri onlara elə işlədikləri müəssisədə
keçir və imtahan komissiyası imtahanları da orada qəbul edir. Bunun üçün də Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
müvafiq şərait
yaradılıb. Bu, bütün
dünyada mövcud olan normal iş qaydalarıdır».
Ümumiyyətlə götürdükdə isə yeni standartlar
bir mütəxəssis
kimi Tahir Əmiraslanovu qane edir. Onun sözlərinə görə,
əgər bu gün bazarda minlərlə insan dərəcəsiz işləyirsə,
deməli, bu standartlar mütərəqqidir:
«Bu sahədə vəziyyət
düzələndən sonra
ikinci mərhələ
başlayacaq. Bu mərhələdə restoranların
kateqoriyasına görə
qiymət müəyyənləşəcək.
İnkişafla bərabər tələblər
dəyişir, bu isə standartların təkmilləşməsini diktə
edir. Bu yaxınlarda
Milli Məclisdə «Mədəniyyət haqqında»
yeni qanun qəbul edildi. Qanuna mətbəx barədə
müddəalar daxil edilib. Əvvəlki qanunda bunlar
yox idi. Bu, ölkəmizdə dövlətin də mətbəx biznesinin inkişafında maraqlı
olduğunu göstərir.
Mədəniyyət və Turizm
Nazirliyi də bu sahədə inkişafı, müsbət
tendensiyanı dəstəkləyir.
Bu isə proseslərə
çox böyük kömək edəcək.
Çünki millətimiz sağlam,
normal qidalanmağa və
ən yaxşı xidmətə layiqdir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 16 yanvar.- S. 6.