Uzaqları
yaxın edən...
Görkəmli rejissor Tofiq Kazımov anıldı
Yanvarın 14-ü Azərbaycanın
görkəmli teatr rejissoru, milli teatr sənətimizin
inkişafında müstəsna xidmətləri olan Tofiq
Kazımovun doğum günü idi.
O, 1923-cü ildə Bakıda
tanınmış teatr xadimi, şair Səməd Mənsurun
ailəsində dünyaya gəlmişdi. Böyük Vətən
müharibəsində iştirak edən Tofiq Kazımov
döyüşlərdə yaralanaraq 1943-cü ildə
Bakıya qayıdır və Gənc Tamaşaçılar
Teatrında aktyor işləyir. Müharibədən sonra
Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili
alır. 1951-ci ildə Akademik Milli Dram Teatrında Hüseyn
Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi")
pyesinə diplom tamaşası hazırlayır. Bir il sonra
teatrda rejissor işləməyə başlayır. 1964-cü
ildə Akademik Dram Teatrının baş rejissoru təyin
olunur. 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak
olana qədər bu vəzifədə işləyir.
Tofiq Kazımov 1958-ci ildə
"Azərbaycanfilm" kinostudiyasında çəkilən
"Səhər" bədii filmində rejissor kimi
çalışıb. Həmin il Rus Dram Teatrında Ənvər
Məmmədxanlının "Şərqin səhəri"
pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə Musiqili
Komediya Teatrında Tofiq Quliyevin "Qızıl axtaranlar"
(dramaturq - Həsən Seyidbəyli) operettasına quruluş
verib. Sonrakı illərdə Naxçıvan, Quba, Gəncə
teatrlarında tamaşalar hazırlayıb.
Sənətkar uzun illər Teatr
İnstitutunda aktyor və rejissor sənətindən dərs
deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli
Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər
Nemətovla birgə), İsmayıl Osmanlı barədə
monoqrafiyalar yazıb. O, "Çağırış",
"İşıqlı yollarda", "Şəfəq",
"Qoçaq Polad" və digər pyeslərin müəllifidir.
Tofiq Kazımov ən şöhrətli
səhnə əsərlərinə - 1965-ci ildə quruluş
verdiyi "Antoni və Kleopatra" (Uilyam Şekspir) və
1979-cu ildə hazırladığı "Şəhərin
yay günləri" (Anar) tamaşalarına görə
Dövlət mükafatı ilə təltif olunub.
Respublikanın Əməkdar incəsənət xadimi və
Xalq artisti fəxri adlarına layiq görülüb. Akademik
teatrda Mirzə Fətəli Axundzadənin "Lənkəran
xanının vəziri", "Müsyö Jordan və dərviş
Məstəli şah", Lope de Veqanın "Sevilya
ulduzu", "Dəlilər", Maksim Qorkinin "Vassa
Jeleznova", Nazim Hikmətin "Qəribə adam", Ənvər
Məmmədxanlının "Şirvan gözəli",
Viktor Hüqonun "Mariya Tüdor", Uilyam Şekspirin
"Hamlet", "Fırtına", İlyas Əfəndiyevin
"Sən həmişə mənimləsən",
"Unuda bilmirəm", "Məhv olmuş gündəliklər",
"Bağlardan gələn səs", Cəlil Məmmədquluzadənin
"Ölülər", Şıxəli Qurbanovun "Sənsiz",
Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu",
Sabit Rəhmanın "Yalan", "Küləklər",
Yucin O'Nilin "Qızıl", Cəfər
Cabbarlının "Aydın" və s. əsərləri
səhnəyə qoyub.
Bu tamaşaların hər biri yeni
söz, yeni ifadə, yeni baxış idi. Elə tamaşalar
idi ki, tamaşaçı səhnədə baş verənləri
hiss edə, yaşaya, uzaqları özünə yaxın edə
bilirdi və özünü unutmurdu - bu kontekstdə
özünə şəxsiyyət kimi yanaşırdı, qəhrəmanlaşırdı.
Azərbaycan teatr sənətində
yaranışı məhz onun adı ilə bağlı
lirik-psixoloji üslub yalnızca bir rejissor dəst-xətti yox,
ümumiyyətlə, rejissor sənətində, aktyor ifadə
vasitələrində bir məktəb demək idi. Bu məktəb
illərlə Azərbaycan teatrına olduğu kimi Azərbaycan
kinosuna da töhfələr verdi, aktyorlar qazandırdı.
Rejissor yaradıcılıq
üslubunu belə ifadə edirdi: “Mən - kommentator, şərhçi
deyiləm. Mən müstəqil sənət
növünün - rejissuranın nümayəndəsiyəm,
odur ki, heç kimin, hətta dahi Şekspirin «rupor»u olmağa
razı deyiləm”...
Yanvarın 14-də Tofiq
Kazımovun anadan olmasının 90-cı ildönümündə
Akademik Milli Dram Teatrının kollektivi görkəmli
rejissorun məzarını ziyarət edərək xatirəsini
yad etdilər, məzarı üzərinə gül dəstələri
düzdülər. Mərhumun ruhuna dualar oxundu. Teatrın
direktoru İsrafil İsrafilov böyük sənətkarın
işıqlı xatirəsini anmaq üçün gələnlərə
təşəkkür etdi.
A.Dadaşova
Mədəniyyət.- 2013.- 16 yanvar.-
S. 5.