Azadlıq yolunun 20 Yanvar zirvəsi

 

   C.Cabbarlı adına Qax Rayon Mərkəzi Kitabxanasında Azərbaycan tarixinə milli hüznqürur günü kimi yazılmış 20 Yanvar hadisəsinin 23 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi.

  

   “Azadlıq yolunun 20 yanvar zirvəsi” adlı tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru G.Əhmədova 1990-cı ilin 20 Yanvar faciəsindən söz açaraq bu tarixin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirdi. Qeyd olundu ki, üstündən 23 il ötsə də, sovet ordusunun Azərbaycan xalqına qarşı planlı terror aktı bəşər tarixində insanlığa yönəlmiş ən ağır cinayət kimi qalacaqdır. 1990-cı ilin yanvarında milli azadlığı uğrunda mübarizəyə qalxan xalq terrorla üz-üzə qaldı. Yüzlərlə günahsız insan totalitar sovet rejimi cinayətlərinin qurbanı oldu. Nə qədər ağrılı, acılı olsa da, 20 Yanvar günü bizim qürur tariximiz, 20 Yanvar şəhidləri bizim qürur yerimizdir. Azərbaycan öz vətənpərvər oğullarının rəşadəti sayəsində müstəqilliyinə qovuşdu. Şəhidlik həqiqətən qeyrət və hünər zirvəsidir. Şəhidlər nura qənşər bir yolun əbədi yolçularıdır. Şəhidlər xiyabanı isə bizim and yerimizə, nəsillərin əbədi ziyarətgahına çevrilib.

   Tədbirdə çıxış edən gənclər - G.Mahalova, G.Əfəndiyeva, Ü.Əfəndiyeva 20 Yanvar şəhidlərinin vətənpərvərlik timsalının bugünkü gəncliyə örnək olduğunu qeyd etdilər.

   Tədbirdə şəhid anası S.Allahverdiyeva, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri N.Omarov, İcra Hakimiyyətinin nümayəndəsi A.Mahalova iştirak edirdi.

  

 

   Ahidə Əfəndiyeva,

   Qax rayon MKS-nin direktor müavini

 

   Mədəniyyət.- 2013.- 18 yanvar.- S. 15.