Millətimizin
və milli Mirzəmizin ali xanımı
Öz ailəvi və ictimai məhəbbətilə hər
məşəqqətə dözmüş Həmidə
xanım Cavanşir...
Bu
(sıradanbir) yazının “bismillah”ına nədən-necə
başlamaq haqda düşünürkən eynimə gələn
“təkrarsız cütlük” ifadəsi qələmimə belə
bir məlum “süftə” diktə etdi ki, hər kəsin şəxsi
taleyi, bəxti var və ümumbəşəri qənaətə
görə, bu, Tanrı tərəfindən hər adamın
alnına yazılır və indiyədək mütaliə
etdiyiniz, hazırda, habelə gələcəkdə
oxuyacağınız bütün yazılardan fərqli olaraq,
o “yazıya pozu yoxdur”.
Və
bu “cütlük”dən birinin leytmotiv təhkiyə-təbirilə
desəm, “elə bu heynidə” qəlbimə belənçik
bir gəlmə də gəldi ki, bütövlükdə millətlərin
də bəxt-taleyi olur, lakin onların bioloji “lövhə”si
olmadığı üçün, o ilahi “mətn” həmin “cəm”iyyət-orqanizmlərin
qafa rəmzləri hesab edilən “dahi-alın”lara
yazılır və... bu orqanizmstanların digər əzalarının
normal işləyəcəyi təqdirdə, belə
yazılara da pozu olmur...
Bəli; böyük milli Mirzəmizin
vəfalı, haqq-halallığından yana
tarixən başıbəlalı millətimizin o dövr
hakimiyyəti üçün xatalı, vətəndaşından
çox daş-qaşı qiymətləndirilmiş Vətənimizin
cəfalı xanımı - Həmidə xanım
Cavanşir...
Bu məqam yuxarıda işlətdiyim
“təkrarsız cütlük” tərkibinə bir əlavə:
“ecazkar”. Yəni, yalnız təkrarsız yox, həm də
ecazkar cütlük!
Tale eyni yüzilliyin
eyni onilliyində doğulmuş bu iki nəhəngi - Cəlil
Məmmədquluzadə ilə Həmidə xanım
Cavanşiri birləşdirməliydi. Yoxsa, nə
sabiq-sıravi müəllim olmuş Cəlil bu cəlallı
dahi, bu şövkətli milli Mirzə olardı, nə -
mülk sahibi, silk davamçısı “titul”larına
baxmayaraq, “ev işi, paltar tikişi” görəvli Həmidə
bu mərtəbəli irfan sahibi, böyük ziyalı
xanım...
Beləcə, onların birincisi
Naxçıvanın Nehrəmindən, ikincisi
Şuşanın Kəhrizlisindən tale “göndəriş”lərilə
(öz şəxsi işləri də öz yerində)
mütləq eyni əcnəbi şəhərə - Tiflisə
getməli, orada birləşməli və millətin maarif-mədəniyyəti
naminə əlləşməliydilər. Əgər birləşməsəydilər,
birincinin yenicə ixtira (!) edib, təzəcə hərəkətə
gətirdiyi milli-mənəvi “lokomotiv”imizin (“Molla Nəsrəddin”in)
yanacağı qurtarıb, qəriblikdə
başladığı böyük Yolun ortasında
qalmazdımı, ikincinin mal-mülkü gündə bir
“çiçi”yə, qol-boyunbağılara xərclənə-xərclənə
heçə-puça çıxmazdımı, - mənfi-müqəyyəd
cavablarından küsənəcəyim cənablar?!.
Yox,
bu maddi-mənəvi “iki”lik qovuşub-qoşalaşıb,
“Molla Nəsrəddin” dərgi-nəşriyyatını
yaratmasaydı, millətin böyük aydın iyirmilikləri,
fəal yüzlükləri, ayıq minlikləri birləşməyəcək,
onun ilk səhifəsindəki karikaturada “gərnəşib”-oyanmağa
(və ilk “oyanan”ın öz dizini digər “hələ
yatmış”ın belinə qoyub əsnəməyə)
başlayan statistik milyonları da istənilən kondisiyaya
çatmayacaqdı...
Cinslik istisna olunmaqla, heç bir
ayrı-seçkiliyə yer qoymayan bu “tərəflər” bu
izdivacla əzəli-əbədi gen və müasir-gündəmi
gender probleminin həlli bünövrəsini də qoymuş
oldular.
Öz intellekti, dünya dərki,
milli dərdlər təbibliyilə “ictimai şüur” abidəsini
xatırladan Bəy və görkəmli
maarifçi-ziyalı, tarixçi Əhməd bəy
Cavanşir ocağında böyümüş Xanım!
Onlar mənşə-tayfa,
əsilzadə nəsil-şəcərə genindən də
yüksəkdə duran milli-mədəni gen dönəminə
önəm verdilər.
“Xəlqi
xeyriyyəçi”
Öncə - yəni mətləbə
keçincə - belə də bir əlavə: dahi Mirzə Cəlilin
böyük Həmidəsi...
Bəlli ki,
qadınlar ən çox bənzədilən, oxşadılan
və oxşanılan məxluqdur; klassik ədib və
aşıqlarımızın
yaradıcılığını, real aşiqlərin “dilə-dişə”
düşmə macəralarını, “pünhanə
düşüb, eşqə dair söhbət”lərimiz
zamanı işlətdiyimiz yalan-filan kompliment və gerçək
epitetlərimizi xatırlasaq yetər.
Fikir-xəyalın bədii məqamlarında
“Füzun gözəl, canlı qəzəl Leyli”ni, “Boyu uzun
Burlaxatun”u, “Ala gözlü Nigar”ı xatırladan Həmidə
xanım - bir az ciddi, qeyri-surətpərvər
kiprik çalıb baxanda - real xanımdan çox, xəyal-xatirə
yaradışlı xanım-xatuna bənzəyir. Rənglərinin əksər çəkisi əzab
çalarlı qaralardan, dərd-sər nüvəli
bozluqlardan ibarət canlı bir portret-xatirəyə. Bu rənglərdə
ilk həyat yoldaşı - zadəgan nəslindən olan
polkovnik İbrahim bəy Davatdarovun müharibədə həlakı,
atasının vaxtsız vəfatı ilə ilgili (əslində,
kim vaxtında ölür ki?) sarsıntıları
canlanır, zəngin mülkü təkbaşına idarəçilik
çətinliyi ifadə olunur, Mirzə Cəlilin “anlamaq dərdi”ni
(R.Rza) necə yüngülləşdirmək, “millətçi
balası” damğası ilə yaşayası
övladlarına yönəlik çabaları, bolşevik-sovet
rejiminin gözünə çox görünməmək
xofları dalğalanır.
Xalqa (külli-Qarabağ
timsalında) kifayət qədər maddi kömək əli
uzatmış bir şəxs kimi “xəlqi xeyriyyəçi”
adı almış Həmidə xanım sonralar böyük
ictimai Mirzəmizin əl-qolundan yapışıb, ona maddi və
mənəvi dəstək olmaqla, milli şəxsiyyətə
çevrildi. O, bu intellektual universallığın bir
çox elementini ata evindən mənəvi “cehiz” olaraq gətirmişdi;
hələ yeniyetmə ikən rus dilini səlis şəkildə
qavrayıb-öyrənmiş, əyalət qızları
üçün o qədər də səciyyəvi olmayan
milli və dünyəvi mədəni-maarif təmrinlərinə
yiyələnmişdi. Bir sözlə, tale bu ucqar, ibtidai həyat
“məktəb”lisini ali Mirzə Cəlil
akademiyasına çox mükəmməl
hazırlamışdı.
Neçə-neçə məruzə
və çıxışlar edib, bir neçə məqalə,
“doklad” (dırnaq işarəsi təsadüfi deyil) və Mirzə
Cəlil haqqında “Xatirələrim” kimi unikal bir kitab
yazmış olsa da, onu yaradıcı, yazıçı
silk-sinfinə aid etmək fikrində deyiləm. Lakin
o, böyük yazıçı Cəlil Məmmədquluzadənin
dahi universal-yaradıcı Mirzə Cəlilə çevrilməsində
bilavasitə iştirak etmiş yeganə canlı tərəfdaş,
şərik-yaradıcı idi.
Yeri gəlmişkən, evliliklərinin
ilk illərində Həmidə xanıma
çatdırırlar ki, epidemiya Qarabağ
uşaqlarının axırına çıxmaqdadır və
o, peyvəndlə bağlı bir çox tibbi-maddi ehtiyat tədarükünə
başlamaqla bərabər, xəstəliklərə
qarşı “türkəçarə”likdən savay heç
bir çarə bilməyən anaları maarifləndirmək
üçün bir məruzə də hazırlamağa
başlayır. Məruzənin daha təsirli
çıxması üçün “bir az çəkingən
əda ilə” ərinə müraciət edir və “elə bu
heynidə”, ömrü uzunu qadın azadlığına, “zənən
inkişafı”na qarşı çıxanları olmazın kəlamlarla
sancmış ictimai Mirzənin “ev üzü”
“açılır”. Belə ki, işləri başından
aşan Mirzə Cəlil Həmidə xanımın bu
xahişini can-başla yerinə yetirsə də, “həddini
çox aşan övrət”inin: “Mirzə, hazırdırmı?”
sualına: “Hazırdır... amma, arvad nədir, “doklad” nədir?..” - deyə cavab verir.
“Xəyal-xatirə”yəbənzər
bu Xanım xatirələrdə
Amma yenə qısaca bir “mətləböncə”lik:
onun o vaxtlar “Şuşa qəzası” adında olan yurdu indilər
kriminal-qəza ladında. Oraların təbiəti, bu tolerant
xanımın oralarla bağlı xatirələri - hər
şey - onun özünün də yardım əli
uzatdığı, mərhəmət göstərdiyi, humanizm
dili yetirdiyi kələk erməni fələyinin badında...
Birisigün “20 Yanvar”, o birisi ay “26
Fevral”, ta birisi ay “8 May”...
Bunlar Mirzə Cəlil
atamızın bütün ömrü uzunu
axıtdığı milli-irfani göz yaşlarını
silib-qurulamış Həmidə anamız haqda xatirələrin
neytral “epiloq”u. Məsələnin “proloq”una qədər yol isə
uzun və “erməni məsələsi” qədər qəliz!
O qədər uzun ki, yığcamlamaq üçün, bu yola
daha dahimizin məlum misralarının interpetasiyasıyla
“körpü” salmaq gərək: “Bizdə uşaqdan füzun
inanmaq istedadı var, Aşiqi-sadəlövh bizik - Məmmədhəsən
əminin ancaq adı var...”
Deyirəm, bu imitativ-“şairlik”
misralarımın bu məsələyə dəxli
olmamış deyil...
Xoş o xanımın halına ki,
haqqında bəhs açdıqda, onların əbədi
arzu-atributu olan gözəllik və ev-eşikçilikdən
başqa, el-elatlıq özəlliyi barədə, incə-mincəliklərilə
bərabər, məhəlli-ictimai düşüncəlikləri,
naz-qəmzə, kəsmə-şikəstə saçları
ilə bahəm, ətrafa nur saçmaları haqda da
vurğulanıb-vurğunlaya biləsən...
Öz böyük “Cavanşir”lik
şəcərəsindən sonra “kəndçifason” “Məmmədquluzadə”
kimi “nimdaş” nam-nişanı da soyad kimi qəbul edən bir
xanım barədə, “Xatirələrim”ində
böyüklük, şərəf-şöhrət
közünü büsbütün həyat
yoldaşının qabağına çəkən bir xatun
haqda daha nə xatirə söyləyib, nə xatircəmlik
yaratmağa çalışasan?! Onun xeyriyyəçilik
etdiyi cümlə Qarabağın yüz ildi ərşə
bülənd olmuş “ağız ədəbiyyatı”
dualarını, sonralar - yardıma ehtiyacı olan
ziyalılarımızın memuar-“cüng”lərindəki minnətdarlıq
mətnlərini, “El anası”, “Xalq xanımı”
başlıqlarını da qələm ayağına çəkməyə
ehtiyac varmı?..
Amma elə şifahi
və yazılı ədəbiyyat nümunələri də
var ki, onları bütün əski ləhcə-üslublarına,
nöqtə-vergülünədək
köçürüb-xatırlatmamaq mümkünsüz.
Bir vaxt Abbas Səhhətin “Bu Mirzənin övrəti
kürreyi-ərz kadınlarına bir xalisi-nümunədir”
sözlərini özünəməxsus təsdiqi-sükutla
qarşılamış M.Ə.Sabir sonralar o sözlərin
müəllifinə ünvanladığı məktubda
yazırdı: “Mirzə Cəlil və Həmidə cənablarından
çox razıyam. Bilmirsən mənə nə qədər
ehtiram edirlər! Bu qərib şəhərdə
mehmanxana, ya xəstəxanada yatmağıma da razı
olmayıb, öz evlərində mənə mənzil
ayırdılar. Xülasə, bilmirəm onlara nə dil
ilə təşəkkür edim...”
Üzeyir bəy Hacıbəyli
onun böyük vətəndaşlığı, insanpərvərliyi
haqda yazdığı ayrıca məqaləsini belə
bitirirdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir
kimi şairi diriliyində təqdir edən bir kişi olmasa da,
bir nəfər arvad oldu ki, o ölməz şairin iadeyi-səhhəti
üçün, milyonçu kişilərə rəğmən,
öz varından keçəcək qədər böyük
bir hamiyyət göstərdi”.
Allah sizə qəni-qəni rəhmət
eləsin, ey təkrarsız cütlük abidəsi!..
Tahir
Abbaslı
Mədəniyyət.-
2013.- 18 yanvar.- S. 13.