Türk xalqlarının kitab və kitabxana mədəniyyəti

 

   Pərviz Kazimi: “İlk yazı, ilk kitab, ilk kitabxana yaratmış qədim türklər dünya mədəniyyətinə böyük yeniliklər gətiriblər”

  

   Bu yaxınlarda “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” adlı yeni kitab işıq üzü görüb. Mütəxəssis rəylərinə əsasən deyə bilərik ki, bu, qeyd olunan mövzuya kompleks və sistemli şəkildə yanaşan ilk tədqiqat işidir.

  

   Nəşrdə ən qədim dövrlərdən başlayaraq yazı, yazı materialı, əlyazma kitabı və kitabçılıq texnologiyaları ilə yanaşı, dastan və əsatirlərin, müqəddəs kitabların, lüğətçilik ənənələrinin türk xalqlarının kitab və kitabxana mədəniyyətində əhəmiyyətli yeri öyrənilib. Burada müxtəlif areallarda türk xalqlarının kitabxana quruculuğu, kitab məhsulu, kitabxana xidməti və mədəni əlaqələri işıqlandırılır. Kitabın müəllifi, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi ilə elə bu mövzuda danışdıq.

  

   - Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin hansı tarixi dövrdə formalaşdığını söyləmək olar?

   - Türk xalqlarının mədəniyyət tarixinin mühüm bir hissəsi kitab və kitabxana mədəniyyəti ilə ifadə olunur. Zəngin əlyazma mədəniyyətinin də müəllifi türklərdir. İnsan cəmiyyətinin yaratmış olduğu ilk Şumer yazılarından müasir dövrdə istifadə olunan latın əlifbasına qədər türk xalqları zəngin və məzmunlu bir tarix keçib. Bununla da onların yaratmış olduqları nailiyyətlər az bir müddətdə bəşəri nailiyyətə çevrilib. Qədim Şumerdə ilk şəkilli yazı, mixi yazıları, Orxon-Yenisey yazıları, uyğur əlifbası türk xalqlarının İslama qədər yaratmış olduqları böyük mədəni abidələrdir.

   “Tarix Şumerdən başlayır” - deyən alimlər və tədqiqatçılar bu fikri konkret faktlara istinadən irəli sürürlər. Şumerlər müasir türk xalqlarının əcdadları kimi qəbul olunur. Şumerlər ən qədim türklərdir, şumer dili prototürk dilidir. Qədim şumerlərin mixi yazılarla başlamış olduqları kitab və kitabxana mədəniyyəti 5 minillik inkişaf yolu keçərək dünya mədəniyyətinə xidmət edib. İlk yazı, ilk kitab, ilk kitabxana və ilk məktəbi yaratmış qədim türklər dünyanın böyük coğrafiyasına yayılaraq insan cəmiyyətinə, dünya mədəniyyətinə çox böyük yeniliklər gətiriblər.

   Qədim şumerlər bilikləri yaymaq, təhlil etmək, şifahi yaratdıqları dastan və nəğmələri “kitab”a köçürmək üçün gil lövhələrdən istifadə edirdilər. “İrik və Aratta”, “Bilqamıs” və dünya ədəbiyyatının ilk bədii məhsulları sayılan digər dastan, əsatir və rəvayətlər, çoxlu mifik və dini əsərlər gil üzərində yazı halında müasir dövrə gəlib çıxıb. Bu yazılar kitabxanalarda saxlanılıb. Qərb alimlərinin apardığı tədqiqatlar göstərir ki, onlar üçün kataloq da tərtib olunmuşdu. Gil kitabələr etibarlı informasiya daşıyıcısı deyildi, odur ki, kataloq gil kitabələrinin bir növ mühafizəsinə xidmət edirdi.

   - Bu günə qədər gəlib çatan türkdilli gil kitabələrin sayı nə qədərdir?

   - Eramızdan əvvəl I minilliyə qədər - təxminən iki minillik tarixi dövrdə - gil üzərində kitabələr yazılmışdı. Şumerlər, daha sonra assuriyalılar, babillilər, digər xalqlar bu yazıdan istifadə ediblər. Kitabələr texnoloji olaraq əllə yazılıb. Eradan əvvəl I minillikdən perqament, dəri, papirus informasiya daşıyıcılarına çevrilir.

   Dünyada olan gil kitabələrin sayı yarım milyon nüsxədir. Türkdilli əlyazmalar ancaq türk dilinə görə qiymətləndirilərsə, 100-120 min nüsxə türkdilli əlyazma var.

   Ancaq biz Nizaminin fars dilində yazılmış əsərlərini, bu kimi digər dillərdə yazılan əsərləri də bizim mədəni nümunəmiz hesab edirik. Bu baxımdan türk gil kitabələri daha çoxdur. Türk dünyagörüşü, türk düşüncəsi ilə yazılan farsca, ərəbcə yüzlərlə əlyazma mövcuddur. Onların bir çoxunun araşdırılmasına ehtiyac var.

   - İslam mədəniyyətinin inteqrasiyasında türk xalqlarının rolu necə görünür?

   - Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, Xarəzmşahlardan sonra İslam dünyasında ciddi fundamental elmi əsərlər, əlyazma kitablar meydana gəldi.

   Türk xalqları fars və ərəblərdən fərqli olaraq həmişə bu fikirdə olublar ki, İslam mədəniyyəti birləşdirici bir mədəniyyətdir və üç etnosun (fars, ərəb və türk) müştərək yaratdığı mədəniyyətdir. Onlar da müxtəlif porsiyalarla müxtəlif tarixi dövrlərdə xidmətlərini göstəriblər. İslam mədəniyyətinin elə bir şaxəsi yoxdur ki, orada türk xalqlarının ciddi iştirakı olmasın. Məsələn, ərəb yazısında Kufi üslubu var. İlk dəfə Quran bu üslubda yazıya köçürülüb. Amma xətt, əlifba islahatlarında türk alimlərinin, xəttatlarının əməyini görə bilərik.

   Qafqaz arealının ərazisi özündə müasir Azərbaycanı və İranın şimalını - Cənubi Azərbaycanı birləşdirir. Bu arealda türk dili ilə yanaşı, ərəb və farsdilli kitab məhsulu eyni hüquqda dövriyyə edir və İslam mədəniyyətinin təzahür formasını ifadə edirdi. Bir məqamı da vurğulamaq istərdim ki, XIII-XV əsrlərin qorunub saxlanılmış nüsxələri deməyə əsas verir ki, türk dilli kitabların repertuarında dünyəvi kitabların üstünlüyünü müşahidə edək. Qorunub saxlanan əsərlər göstərir ki, Qafqazda türklər dünya elminə və dünya dillərinə açıq olublar. Azərbaycan ziyalısı türk dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilmiş və kitabçılıq fəaliyyətində çərçivələri sındıraraq xalqların və mədəniyyətlərin inteqrasiyasında mühüm rol oynamışdır. Müsəlman meqa arealında anlaşma ehtiyacını təmin edən türk alimləri vaxtaşırı yeni-yeni lüğətlərin tərtibinə ehtiyac duyurdu. Bu lüğətlərin tərtibçiləri arasında əsasən türk, bir çox hallarda azərbaycanlı mütəxəssislər olurdu. Ümumilikdə türk xalqları dünyaya açıldıqca özlərini ifadə etmək, anlaşılmaq üçün lüğətlər hazırlayırdılar.

   - Türk hökmdarları kitabxana işinə nə dərəcədə diqqət ayırıblar?

   - Türk hakimlərinin ərəb və fars dilinə, eləcə də digər xalqların dilinə və dininə tolerant münasibəti digər xalqların, din və təriqətlərin, habelə kitabçılıq mədəniyyətinin inkişafına səbəb olurdu. Hətta müəyyən areallarda əlyazma kitabların ticarəti də həyata keçirilirdi.

   Bir haşiyə çıxım. Xəzər tayfaları VIII əsrdə yəhudi (iudaizm - red.) dinini qəbul edəndən sonra etnosu itirdilər. Çünki yəhudilik dinlə bərabər etnosu da qoruyub saxlamağa imkan vermir. Türk xalqları isə bütün dinlərə, etnoslara hörmətlə yanaşıb, tolerant münasibət göstərib.

   Düşünürəm ki, mədəniyyətə təkamülün nəticəsi olaraq baxsaq daha düzgün olar. Şah İsmayıl Xətainin Kəmaləddin Behzadın saray kitabxanasına müdir təyin olunması haqqında fərmanı var. Bu sənəd Türkiyə muzeylərindən birində saxlanılır. Fərmanın mətnində ona aid funksiyalar, bu işə ayrılmış adamlar göstərilir. Buradan görünür ki, Şah İsmayıl kitabxananı ciddi struktur kimi təsis edir. Kəmaləddin Behzad Təbrizə özü gəlməmişdi. Şah İsmayıl onu Heratı işğal edən vaxt oradan gətirmişdi. Bu bir ortaq mədəni areal idi. Azərbaycan da bu mədəni arealın kəsişməsində idi. Vaxtilə Osmanlı-Səfəvi müharibəsi zamanı Təbrizdən aparılmış azərbaycanlı sənətkarlar - cil emal edənlər, xəttatlar, nəqqaşlar, rəssamlar Osmanlı sarayında yaşayıblar. Türk hökmdarlar onlara hörmətlə yanaşırdılar. Onlar məvacib alırdılar. Osmanlıda 1506-cı ildə saray kitabxanası təsis olunmuşdu. Ümumilikdə Osmanlı dövləti İslam ideyalarının müdafiəçisi kimi çıxış edirdi. İdeya daşıyıcıları olan kitabların qorunmasının təşkili vacib məqam kimi diqqətdə saxlanılırdı.

   - Deməli, türk xalqlarında kitab və kitabxana mədəniyyətində ortaq cəhətlər var...

   - Türk dünyasının tarixən bəşəriyyətə nümunə ola biləcək ortaq ümumi dəyərləri olub və bu gün də var. Sovet hakimiyyəti dövründə türkologiya fərqli aspektdən öyrənilirdi. Tədqiqatçılar türkologiya problemlərini öyrənərkən ayrı-ayrı türk etnik qruplarının fərqli cəhətlərinə daha çox diqqət edirdilər. Ancaq birləşdirici məqamlar, ümumiləşdirmələr tədqiq olunmur, türk xalqlarının ortaq tarixi və mədəniyyəti araşdırılmırdı. Düşünürəm ki, bu gün tədqiqatçılar ortaq ümumiləşdirici elementləri tapmağa səy göstərməlidir. Türk xalqlarının təbiətində demokratik ab-hava, dünyəvilik var. Təəssüf ki, bəzən türk xalqlarının müsbət dəyərlərindən, xoş niyyətlərindən, insanpərvərlik hisslərindən başqaları müxtəlif məqsədlər üçün sui-istifadə ediblər.

   Hazırda AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə türk xalqlarının ortaq tarixi ilə bağlı layihə üzərində iş gedir. Bu, çox müsbət haldır. Düşünürəm ki, tədqiqatlar müxtəlif aspektlərdən aparılmalıdır. Biz türk dünyasına yaxından bələd olduqca, ortaq dəyərləri aşıladıqca, müxtəlif dövrlərdə türk xalqlarının yüksək mədəniyyətə malik olması ilə bağlı tarixi həqiqətlərə söykənən düzgün mənzərəni yarada bilirik. Türk xalqları özünü yaxşı tanımalı, öyrənməli və qiymətləndirməlidir. Bu, nəticə etibarilə dünya tarixinin ümumi mənzərəsinin müəyyənləşməsi üçün də çox faydalıdır.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2013.- 18 yanvar.- S. 12.