“Rəqs
azadlıqdır”
Cəmilə Kərimova: “Rəqs
edəndə emosiyalardan, düşüncələrdən
azad olursan”
Zövqümüzü itiləmək, gözəllik, harmoniya, sevgiyə köklənmək üçün üz
tutmalı mədəniyyət məkanlarımızdan biri də Opera və Balet Teatrıdır. Fiziki
və ruhi gözəlliyin birgəliyindən,
harmoniyasından həzz almaq necə əziyyətlər
bahasına başa gəlir - təxmin edirik. Bu gözəl sənətin
mətbəxinə girmədən, sənəti qədər gənc
və gözəl, teatrın aparıcı balerinalarından biri olan Cəmilə Kərimova
ilə söhbətimizi sizə təqdim edirik.
- Bakıda doğulmuşam. 11 yaşımdan rəqslə məşğul olmuşam. Bakı Xoreoqrafiya Məktəbinin məzunuyam. Anam Əməkdar artist Töhfə Babayeva musiqiçidir və incəsənətlə məşğul olmağımı o istəyib. Rəqsə həvəsimi görüb və istəyib ki, mən peşəkar rəqslə - baletlə məşğul olum. Bəxtim gətirdi ki, çox yaxşı pedaqoqlardan, əsl peşəkarlardan dərs aldım. İlk müəllimim Roza xanım Hacıyeva oldu, sonra Tamila xanım Şirəliyevadan dərs aldım. Hələ Xoreoqrafiya Məktəbində oxuyanda müxtəlif konsertlərdə, tədbirlərdə iştirak edirdim. Məktəbi fərqlənmə diplomu ilə bitirəndən sonra məni Moskvaya, Böyük Teatrın nəzdindəki Xoreoqrafiya Akademiyasına bir illik təcrübə kursuna göndərdilər. Buna görə Mədəniyyət və Turizm Nazirliyinin, Xoreoqrafiya Məktəbinin rəhbərliyinə minnətdaram. Qayıdandan sonra məni Opera və Balet Teatrına işə götürdülər. Artıq ikinci mövsümdür ki, teatrdayam. Həmçinin Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsiyəm. Teatrda üç aparıcı partiyanı ifa edirəm. Əlbəttə, balet sənətinin zirvəsi olan «Qu gölü»ndəki aparıcı partiyanı - Odetta və Odilliyanın partiyasını ifa etdim. «Xanım və xuliqan» tamaşasında Xanımı, «Arlezianka» baletində əsas partiyalardan birini ifa etdim. Bu tamaşalar repertuardadırlar. Sağ olsunlar, öz imkanlarımı ifadə etmək üçün teatrın rəhbərliyi mənə inandı və şans verdi, aparıcı partiyaları mənə etibar etdi. Baxmayaraq ki, çox gəncəm və təcrübəli sayılacaq yaşda deyiləm. Kordebalet daxil olmaqla teatrın əksər tamaşalarında oynayıram.
- Baletdə improvizəyə yer yoxdur. Balet artistinə özünü ifadə etmək nə dərəcədə asandır?
- Rəqslə qurulmuş tamaşaları xoreoqraf bir dəfə qurur və redaktələr nadir hallarda olur. Siz haqlısınız, burada rəqslər, hərəkətlər eynidir. Hamının dünyası eyni deyil, hər kəs o rəqsə öz daxili dünyasını gətirir və ona görə də hər kəsdə fərqli alınır. Hər ifaçı öz emosiya və həyəcanları ilə ifasını individual edir. Bu ona oxşayır ki, «Hamlet»də Ofeliyanı oynayan hər bir aktrisanın söylədiyi mətn eynidir, amma hər aktrisa bunu ayrı tərzdə deyir. Onların qəhrəmanları bir-birindən fərqlənir. Baxmayaraq ki, mətn eynidir.
- Balet sənətçisinin qəribə taleyi var. Gözəllik, estetika etalonu olur, amma müəyyən yaşdan sonra artıq səhnəyə çıxıb rəqs edə bilmir. Dramatik aktyor qoca da olsa, tamaşada oynayır, amma balerina 35-37 yaşdan sonra səhnəni tərk etməlidir. Bu həqiqət sizi qorxudurmu?
- Balet sənətçisi gözəllik etalonudur. O ideal, proporsional bədən quruluşuna sahib olmalıdır, qidalanma rejimi və özünü formada saxlamaq üçün qaydaları olmalıdır. Balet gəncliyin sənətidir. Mənim 21 yaşım var, teatrda ikinci mövsümdür ki, çalışıram və hələ ki, bu barədə düşünmürəm. Amma karyera bitəndən sonra da tamamən bu işdən uzaqlaşmırsan axı. Düzdür, tamaşaçı qarşısında səhnədə oynamırsan, amma pedaqoq kimi çalışa, baletmeyster işləyə bilərsən. Mən Mədəniyyət və İncəsənət Universitetində oxuyuram və pedaqoqluq peşəsini də öyrənirəm. Başqa sahədə məşğul olacağımı düşünmürəm və bu ona görə də qorxulu gəlmir. Rəqslər qurmaq, tamaşa hazırlamaq, xoreoqraf işləmək olar.
- İfa etmək istədiyiniz partiyalar, rollar, baletlər və ya başqa janrlar varmı?
- Mən klassik balet tamaşalarını
çox sevirəm. Klassika nümunəvi, ideal rəqsdir.
Hər şey dəqiq, düzgün haldadır.
Özünü klassik
formada hiss etmək çox gözəldir.
«Qu
gölü» baletini oynamaq mənim uşaqlıqdan ən böyük arzum idi. Bu taktları
çox sevirəm.
Amma əlbəttə arzular bitmir. Mən çox istəyirəm
ki, repertuarımda milli baletlər olsun. Yəni bu baletlərdə
aparıcı partiyaları
oynamaq istəyərəm.
«Yeddi gözəl»,
«Qız qalası» kimi. Modernə gəlincə isə,
bu, çox maraqlıdır. Burada sərhəd
və çərçivə
yoxdur. Tam azadlıqdır. Amma, məncə,
bu tamaşaları klassika ilə paralel oynamaq lazımdır. İfaçı özünü itirməsin
deyə, bu yol daha düzgündür.
Rollara gəlincə, isə mən lirik partiyalar oynamışam.
Amma stereotip olaraq bir səpkili rollar istəmirəm.
Xarakterik,
oyunbaz rollar oynamaq istəyirəm.
- Cəmilə
xanım, boş vaxtlarınızda hansı
musiqiyə qulaq asırsınız?
- Klassik musiqi dahiyanədir. Çaykovskinin, Bethovenin musiqisini
çox sevirəm.
Qara Qarayevin, Fikrət Əmirovun musiqisi çox xoşuma gəlir. Latın Amerika ritmləri olan musiqiləri dinləməyi də xoşlayıram. Bu musiqilərdə rəqs ritmləri var. Rəqs ritmləri olan musiqi ürəyimcədir.
- Siz qulaq asa-asa fikrən
rəqs edirsiniz?
- (gülür)
Elədir. Bəzən mən
musiqiyə qulaq asanda özümü unuduram. Əlbəttə, bu təhlükəlidir,
amma musiqi insanı öz ritminə-sehrinə sala bilir. Şakiranın rəqsi xoşuma
gəlir. Onun rəqsi
özünəməxsusdur. Kumirlərimə gəlincə, Lyudmila Semenyaka, Yekaterina Maksimovna, Svetlana Zaxarovanın
ifalarını sevirəm.
İndi onların və daha başqalarının ifalarını görmək
üçün onlarla
imkan var. İnternetdən
izləyə bilirsən.
Azərbaycanda pedaqoqum Tamilla
xanım Şirəliyeva
mənim üçün
balerina etalonudur.
Ona oxşamaq, onun kimi rəqs etmək istəyirəm.
- «Qu
gölü»ndən danışdınız.
Ağlıma bir sual gəldi. Rəqs: bədən-hərəkət insanın
təbiətdən gələn
harmoniyasıdır. Siz
hər tamaşada harmoniyaya can atırsınız.
Biz cəmiyyətdə, urbanik bir məkanda
yaşayırıq. Ətrafda sizin
harmoniyanızı pozan,
sizi qıcıqlandıran
nə var?
- Mən neqativ heç nə görmürəm. Hər şey - insanlar, onların qayğıları,
hərəkətləri ümumən
harmonikdir, özünəməxsus
ritmləri var. Tamaşaya
gələn gərgin,
narahat tamaşaçı
bizim tamaşalarımızla
sərbəstləşir, rahatlanır.
Biz onu inandırmalıyıq
ki, məhəbbət,
xeyirxahlıq həmişə
qalib gəlir. Bu, həqiqətən belədir. Tamaşaçı barədə də
çox nikbinəm.
Onların baleti sevdiyini hiss edirəm.
- Tamaşa prosesində zaldan gələn xoş enerji, alqışlar zamanı bayaq dediyiniz hiss etdiyiniz o xoşbəxtliyi sözlə
ifadə edə bilərsiniz?
- Doğrudan da, bunu sözlə
ifadə etmək çətindir. Bu, böyük bir xoşbəxtlikdir. Elə bil
uçursan. Sən bütün
fiziki, ruhi enerjini tamaşaya verirsən, qəhrəmana
ötürürsən və
o enerjini tamaşaçı
alqışları sənə
başqa bir şəkildə qaytarır.
Bu, böyük bir həzzdir. Balet incəsənətin ən
gözəl növüdür.
Rəqs edəndə emosiyalardan azad olursan. Düşüncələrdən azad olursan.
Daxili dünyanla həmahəng olursan. Rəqs azadlıqdır...
Aliyə
Mədəniyyət.-
2013.- 18 yanvar.- S. 11.