Opera səhnəmizin əfsanəsi
21 yanvar
SSRİ Xalq artisti Lütfiyar İmanovun
anım günüdür
Ömrünün
yarım əsrdən çoxunu opera ifaçılığına həsr edən
Lütfiyar İmanov öz adını musiqi mədəniyyətimizə
qızıl hərflərlə yazan sənətkarlardandır.
Onun təkrarsız ifası, səhnə
mədəniyyəti və sənətə olan
sonsuz sevgisi heç vaxt tükənmədi.
İllərin o üzündə xeyli xatirələr gizlənir. Əslində hər ömür bir kitabdır, sadəcə, o kitabı “oxumaq” lazımdır.
İllərin o üzünə yollanırıq. Lütfiyar uşaq yaşlarından qrammofon valında dahi Bülbülün "Səni gördüm, aşiq oldum" mahnısına heyranlıqla qulaq asar, özünə qarğıdan at, taxtadan saz düzəldib, başına motal papaq qoyar, ruhuna hopan mahnını dönə-dönə həvəslə, şövqlə oxuyardı. İllər keçdikcə sənətə olan bu həvəs qarşısıalınmaz istəyə, sevgiyə çevrildi. Gələcəyin məşhur vokal ifaçısı 1941-ci ilin mayında həyatının ən böyük inqilabını etdi. Uşaq vaxtı Lütfiyar heç bir tərəddüd etmədən öküz arabasında Sabirabaddan Əli Bayramlıya, oradan da at arabası ilə Bakıya gəlib “Koroğlu” operasına tamaşa etdi, Bülbülün ecazkar ifasını dinlədi. Bu, onun həyatında bir dönüş idi.
İllər sonra bu balaca uşaq böyüyüb Bülbüldən sonra Azərbaycan opera səhnəsində Koroğlu rolunun ən məşhur ifaçısı olacaq, şöhrət çələngini başına qoyub sənətdə öz sözünü deyəcəkdi.
Bir səsin tarixi
Lütfiyar İmanov 1929-cu il
aprelin 17-də Sabirabad
rayonunda anadan olub. 1943-cü ildə
Sabirabad Musiqi Teatrının səhnəsində
"5 manatlıq gəlin"
tamaşasında ilk dəfə
səhnəyə çıxır.
18 yaşı olanda ilk dram dərnəyini
yaradır. Sonra yollar
onu arzularının şəhərinə - Bakıya
gətirir.
1957-ci ildə A.Zeynallı adına
Musiqi Məktəbində
pedaqoq A.Milovanovun sinfində təhsilini başa vurur, Dövlət Estrada Orkestrində,
sonra Musiqili Komediya Teatrında işləyir. 1958-ci ildə onun ifası dahi maestro Niyazinin diqqətini cəlb edir. Gənc müğənnini dinləyən
Niyazi onu Opera Teatrında Koroğlu rolunda çıxış
etməyə dəvət
edir.
1959-cu ildə böyük sənətkar Bülbül
Lütfiyar İmanovun
ifasını dinlədikdən
sonra "Molodyoj Azerbaydjana" (“Azərbaycan
gəncləri”) qəzetinə
onun istedadı barədə yüksək
fikirlər söyləyir
və Lütfiyarın
səsində qəhrəmanlıq
notları olduğunu xüsusi vurğulayır.
Sənətdə ilk addımlarını atan gənc üçün bu, uğurlu başlanğıc
idi.
1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Lütfiyar İmanov baş rolu - Koroğlunu ifa edir və onun
ifası tamaşaçılar
tərəfindən yüksək
qarşılanır.
Səhnə, uğurlar bir-birini
əvəz etsə də, o, təhsilini davam etdirir. 1968-ci ildə İncəsənət
İnstitutunu bitirir.
1975-ci ildə 6 ay İtaliyanın
Milan şəhərində, La-Skala teatrında təcrübə keçən
sənətkar F.Əmirovun
"Sevil"ində Balaş,
C.Cahangirovun "Azad" operasında
Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz"ində Əlyar,
V.Adıgözəlovun "Ölülər" operasında
İsgəndər və
s. partiyalarda çıxış
edir, ifası tamaşaçılar tərəfindən
ardı-arası kəsilməyən
alqışlarla qarşılanır.
Məlahətli səsə, yüksək
zövqə malik olan vokalçı dünya klassik operalarının da mahir ifaçısına çevrilir. Bizenin
"Karmen" operasında
Xoze, P.Çaykovskinin
"Qaratoxmaq qadın"ında
German, C.Verdinin "Aida"sında
Radames, "Otello"da
Otello, Ofenbaxın
"Hofmanın nağılları"
operasında Hofman, Ş.Qunonun eyniadlı operasında Faust, "Toska"da
Kavaradossi obrazları müğənninin yüksək
vokal və səhnə mədəniyyətinin
təcəssümü kimi
böyük şöhrət
qazanır. 1978-ci ildə
Lütfiyar İmanov
“SSRİ Xalq artisti” fəxri adına
layiq görülür.
30-dan
çox operada baş rolun ifaçısı
1990-cı ilin aprel ayında
İstanbul Opera və
Balet Teatrı Lütfiyar İmanovu Çaykovskinin "Qaratoxmaq
qadın" operasında
German rolunu oynamağa
dəvət edir.
O, bu dəvətə
qədər dəfələrlə
Türkiyədə yaradıcılıq
görüşlərində olmuşdu. Mayın 3-də keçirilən solo konsertindən sonra tanınmış türk
bəstəkarı Adnan
Saygün Lütfiyar İmanovu uğurlu çıxışına görə
təbrik edir və özünün
"Kərəm" operasında
Kərəm rolunu oynamağa dəvət edir. Kərəm obrazını Türkiyə
səhnəsində ilk dəfə
məhz Lütfiyar İmanov ifa edir.
Sənətkar 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin
opera teatrlarında vokal
dərsləri verir.
1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin yubileyi münasibətilə Tehranda
keçirilən festivalda,
1996-cı ildə İtaliyada
Vivaldinin xatirəsinə
həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı"
festivalında yüksək
səviyyədə çıxış
edir.
30-dan çox
operada baş rolun məşhur ifaçısı olan Lütfiyar İmanov uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor
kimi fəaliyyət göstərib. 1980-1990-cı
illərdə Azərbaycan
Ali Sovetinin deputatı
olub.
Lütfiyar İmanovun xarici
ölkələrə qastrol
səfərləri 1960-cı ildə Hindistandan başlayır. Sonralar
dünyanın bir çox ölkələrində
- Norveç, Bolqarıstan,
Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan,
Yunanıstan, Rumıniyada
konsertlər verir. Gül yağışı və
alqışlar ömrü
boyu onu müşayiət etdi.
Ömür sürət qatarı
kimi ötüb keçirdi. O, səhnəsiz
yaşaya bilmirdi. “Həmişə səhnəmiz üçün
nəinki darıxıram,
az qalır ürəyim partlasın, elə bilirəm həbsxanadayam. Mən ömrüm
boyu sənətimlə
çalışıb yaşamışam.
Əgər oxumasam, yaşamaram", - deyirdi.
Bütün böyük sənətkarlar
kimi o da sənətin sabahını
düşünür, narahat
olurdu. Son müsahibələrinin
birində belə demişdi: “Üzeyir bəy gözəl əsərlər yaratmışdır.
Onlardan biri də "Koroğlu"dur. Böyük təəssüf
hissi ilə demək istəyirəm ki, bu şedevr
əsəri dünya
opera səhnəsinə çıxarda
bilmədik. Bu əsər heç də Çaykovskinin, Puççininin və digər bəstəkarların
əsərlərindən əskik
deyil. O günü
gözləyirəm ki,
"Koroğlu" operasını
həqiqətən oynaya
bilən insan doğulsun və bu əsəri nəinki vətənimizdə,
hətta dünya səhnəsində, La-Skala
teatrında oynasın”.
21 yanvar 2008-ci il Lütfiyar
İmanovun bu dünya ilə, saysız-hesabsız pərəstişkarları
ilə vidalaşdığı
gündür. İllər
keçsə də, vokal məktəbinin nəhəng simalarından
biri, məşhur
opera müğənnisi səs
yaddaşımızda, xatirələrdə,
lent yazılarında Koroğlu,
Xoze, German, Otello və neçə-neçə
təkrarsız obrazların
əvəzedilməz ifaçısı
kimi yaşayacaq. Çünki o opera səhnəmizin əfsanələrindən biri
idi. Əfsanələr
isə yaşayır...
Təranə Vahid
Mədəniyyət.-
2013.- 18 yanvar.- S. 10.