Novator
musiqi xadimi
Azərbaycan
musiqi elmində yeni istiqamətin banisi, respublikada analoqu olmayan
məktəbin yaradıcısı, musiqi təhsilinin təkmilləşməsinə
yönəlmiş bir çox tədbirlərin təşəbbüskarı,
fəaliyyətində ifaçılıq, pedaqoji, elmi, təşkilatçılıq
istiqamətlərini üzvi şəkildə cəmləşdirən
sənətkar... Bütün bu dəyərli faktlar 70 illik
yubileyini qeyd etdiyimiz unikal şəxsiyyətin - Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
doktoru, professor Tərlan Seyidovun yaradıcılıq
bioqrafiyasına aiddir.
Yubilyarın keçdiyi yaradıcılıq yoluna nəzər saldıqda aydın olur ki, onun bir məqalə çərçivəsində tamamlanmış portretini yaratmaq, çoxşaxəli fəaliyyətini bütün çalarları ilə işıqlandırmaq imkan xaricindədir. Diqqətinizə çatdırmaq istədiyimiz yazını bu insanın portretini əks etdirən yalnız ayrı-ayrı eskizlər kimi qavramaq daha düzgün olardı.
Müasir antropologiyanın elmi müddəalarına görə, hər bir insanın həyatı əsasən onun genetik kodu ilə proqnozlaşdırılır. Bu baxımdan önəmlidir ki, məqaləmizin qəhrəmanı vaxtilə Bakıda yaxşı tanınan ziyalılar - təbabətlə məşğul olan Mirəşrəf müəllim və Məryəm xanımın ailəsində dünyaya göz açmışdır. Lakin Tərlan müəllimin etirafına görə, onun şəxsiyyət kimi formalaşmasında konservatoriyada dərs aldığı, sonra isə sinfində assistent olduğu Azərbaycanın Xalq artisti, professor M.Brennerin də rolu az olmamışdır. Burada qeyd etmək yerinə düşər ki, Azərbaycan fortepiano mədəniyyətinin təşəkkülündə böyük işlər görmüş professor Brennerin məktəbi yüksək peşəkarlığı, dünya və ilk növbədə rus fortepiano sənəti üçün səciyyəvi olan ən qabaqcıl ənənələrin inkişaf etdirilməsi ilə seçilirdi.
Professor T.Seyidovun yaradıcılıq yolunun ilkin mərhələsini izləyəndə aydın olur ki, artıq o dövrdə onun fəaliyyətində bir növ dualistik başlanğıc üstünlük təşkil etmişdir. Hələ o illərdə gənc musiqiçi həm pianoçu, həm də klassik musiqinin tədqiqatçısı və təbliğatçısı kimi çıxış etməyə həvəs göstərmişdir. Məhz bu daxili tələbatın nəticəsində T.Seyidov dinləyicilərə L.Bethoven, R.Şuman, F.Şopen, Q.Qarayev, Ç.Hacıyevin yaradıcılığına həsr olunmuş silsilə konsert-mühazirələr təqdim etmişdir. Bu konsertlərdə pianoçu kimi özünəxas ifaçılıq dəst-xəttini, digər tərəfdən isə yüksək nitq mədəniyyətini, mühazirəçilik qabiliyyətini nümayiş etdirə bilmişdir.
İfaçılıq və musiqişünaslıq... Musiqi fəaliyyətinin bu iki qolunun çarpazlaşmasından tamamilə yeni bir elmi istiqamət - ifaçılıq musiqişünaslığı meydana gəlmişdir. Son zamanlar Azərbaycan musiqişünaslığında bu sahədə bir çox elmi işlərin yazılmasını nəzərə alaraq xatırlatmaq istərdik ki, göstərilən istiqamətdə aparılan ilk araşdırmalardan birinin müəllifi, öz namizədlik və doktorluq dissertasiyalarını Azərbaycan fortepiano mədəniyyətinin tədqiqinə həsr etmiş professor T.Seyidov olmuşdur. Onun «Azərbaycan fortepiano musiqisi», «Azərbaycan fortepiano musiqi janrlarının inkişafı», «Azərbaycan fortepiano mədəniyyətinin görkəmli nümayəndələri», “XX əsr Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı” monoqrafiyaları, «Fərhad Bədəlbəyli. Məqalələr. Materiallar», «Rauf Atakişiyev. Məqalələr. Xatirələr. Materiallar» kitabları ifaçılıq musiqişünaslığının dəyərli nümunələridir. Professor T.Seyidovun “XX əsr Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı” monoqrafiyasının əhəmiyyətini xüsusilə vurğulamaq istərdik. Bu elmi əsərində o, ilk dəfə olaraq Azərbaycan fortepiano mədəniyyəti kimi unikal bir sahənin bütün tərkib hissələrini təfərrüatı ilə təhlil etmişdir.
Lakin T.Seyidovun yaradıcılıq portretinin ən önəmli cizgilərindən biri də ondan ibarətdir ki, onun nəzəri bilikləri və elmi mülahizələri heç vaxt kağız üzərində qalmamış, əksinə, dərhal gündəlik pedaqoji təcrübədə sınaqdan keçirilmişdir. Bəzən isə həyat özü onun təxəyyülündə müəyyən ideyaların yaranmasına təkan vermişdir. Məsələn, uzun illər konservatoriyada çalışan T.Seyidovun müşahidələrinə görə, əksər hallarda tələbələr ifa etdikləri əsərin janr, üslub, forma xüsusiyyətlərinə varmır, onları səthi ifa edirlər. Bu mənfi halları aradan qaldırmaq üçün T.Seyidov keçmiş SSRİ-də o dövr üçün analoqu olmayan elmi-ifaçılıq konfranslarını keçirmək qərarına gəlir. Bir müddət sonra bu konfransların təcrübəsindən doğan və ifaçıların analitik təfəkkürünün inkişafına yönələn təcrübə digər tədris müəssisələrində də tətbiq olunur. 2010-cu ildə təşkil edilən və böyük əks-səda doğuran pianoçuların Qara Qarayev adına I beynəlxalq elmi-ifaçılıq konfransı bu istiqamətdə aparılan səmərəli işin parlaq nəticəsi hesab oluna bilər.
Yəqin ki, professor T.Seyidovun portreti onun təşkilatçılıq fəaliyyətindən təcrid olunmuş halda təsvir edilsəydi, natamam səciyyə daşıyardı. Vaxtilə onunla çiyin-çiyinə çalışan, sonralar isə öz fəaliyyətini digər idarələrdə davam etdirən əməkdaşlar təsdiqləyə bilərlər ki, təşkilati işin düzgün qurulması və aparılması, yeniliyi, mütərəqqi təcrübənin tətbiqi baxımından Tərlan müəllim onlar üçün həmişə bir örnək olmuşdur. Professor T.Seyidov bu təşkilatçılıq keyfiyyətlərini çalışdığı bütün sahələrdə, ilk növbədə Azərbaycan Dövlət Konservatoriyasının birinci prorektoru, konservatoriyanın nəzdindəki məktəb-studiyanın direktoru vəzifələrində işlədiyi zaman xüsusilə parlaq şəkildə nümayiş etdirmişdir.
Təsadüfi deyil ki, respublikada analoqu olmayan məktəb-studiyanın yaranması da onun adı ilə bağlıdır. Məktəb-studiyanın yaranması ilə konservatoriya tələbələrinin bir problemi də öz həllini tapdı ki, o da istehsalat təcrübəsinin səmərəli və məzmunlu şəkildə keçirilməsindən ibarətdir. Onlarca musiqi məktəbləri arasında öz «qeyri-adi sima»sı ilə seçilən bu tədris ocağı 30 ildən artıq sürən fəaliyyəti dövründə xeyli uğurlar əldə etmişdir. Bu gün məktəb-studiyanın şagirdlərinin sorağı beynəlxalq müsabiqələrdən və konsert salonlarından gəlir. Burada aparılan elmi-metodiki işin səmərəliliyi özünü respublika konfranslarının, seminarlarının keçirilməsində, neçə-neçə metodiki vəsaitin, dərsliyin, elmi məqalə toplusunun işıq üzü görməsində nümayiş etdirir. Bu məqamda professorlar Fərhad Bədəlbəyli və Tərlan Seyidovun müəllifləri olduqları “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı” proqramının elmi-metodiki dəyərini xüsusilə ön plana çəkmək istərdik. Musiqi və incəsənət məktəblərinin şagirdləri, musiqi kollecinin tələbələri üçün nəzərdə tutulmuş bu proqramın ali məqsədi gənc nəslin musiqi təfəkkürünün milli zəmində formalaşmasından ibarətdir.
Məktəb-studiyanın nəzdində fəaliyyət göstərən uşaq opera teatrı bu gün də bizi öz orijinal tamaşaları ilə heyrətləndirir. Artıq uzun illərdir ki, tədris problemləri, məktəb-studiyanın gündəlik qayğıları və yaradıcılıq işləri Tərlan müəllimin ömrünün ayrılmaz hissəsinə, daha dəqiq desək, həyatının mənasına çevrilmişdir. Biz yubilyara həyatının bu müdrik çağında möhkəm cansağlığı, tükənməz enerji, yeni-yeni ideyalar, axtarışlar və tapıntılarla zəngin olan uzun ömür arzulayırıq.
Kamilə Dadaşzadə,
sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent
Mədəniyət.-
2013.- 18 yanvar.- S. 7.