“Vaqif İbrahimoğlu kimi sənətkarla rastlaşdığım üçün taleyimə minnətdaram”
Sonaxanım Mikayılova: “Tələbələrimə
görə özümdə məsuliyyət hiss edirəm.
İstərdim ki, hər biri əsl sənət yolu
keçsin”
Sonaxanım Mikayılova 1957-ci il fevralın 2-də anadan
olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil
aldıqdan sonra Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətinə
başlayıb. Ziyafət Abbasovun “Onun bəlalı sevgisi”
filmində Xalidə rolu ilə kinoda professional
addımını atıb. “Qəm pəncərəsi”,
“İmtahan”, “Köhnə bərə”, “Pəri qala”, “Cavid
ömrü”, “Tərsinə çevrilmiş dünya”, “Sahə”,
“Qala” və s. filmlərdə bir-birindən fərqli obrazlar
yaradıb. 1989-cu ildən “Yuğ” teatrında
çalışır. “Albalı bağı” (Ranevskaya),
“Salam” (qadın), “Kafkadan salam” (ana), “Qəbir qazma üsulu” (mələk)
və digər tamaşalarda maraqlı rollar oynayıb. 2011-ci
ildə “Əməkdar artist” fəxri adına layiq
görülüb. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində dərs deyir.
Uşaqlıqdan sənətə
marağı olub. “Lakin ağlıma da gəlməzdi ki,
Moskvada ali təhsil alacağam” deyir: “Kinematoqrafiya
İnstitutunda Yevgeni Matveyevin kursunda təhsil alırdım. Fərhad
İsrafilov, Ötkəm İskəndərov, Ömür
Nağıyev, Həmidə Ömərova, Fərqanə
Quliyeva kimi tanınmış aktyorlarla birgə oxumuşam”.
- Aktrisa olmaq istək oldu, yoxsa təsadüf?
- Sənətə gəlməyimdə
həm anamın, həm də atamın rolu
olub. Atam kinonu çox sevdiyindən bizi daim kinoteatra aparardı. Anam mədəniyyət evində xalq teatrlarında iştirak edirdi, pyeslər yazırdı. Tez-tez
anamın iş yerinə gedirdim. Yəqin sənətə o vaxtdan vuruldum. İncəsənət elədir ki,
o aləmə düşdünsə,
geri qayıtmaq olmur. Məktəbin son siniflərində oxuduğum zaman “Azərbaycanfilm” kinostudiyasında
aktyorluq kursları haqqında elanı oxudum. Yaşım az olduğundan
məni içəri
buraxmırdılar. Qapıda rejissor
Elxan Qasımovla qarşılaşdım, o məni
içəri keçirdi
və mən kurslara qəbul olundum. Amma atam buna qarşı idi. Aktrisa olmağımı istəmirdi.
Kinostudiyada çox insanlarla tanış
oldum. Adil İsgəndərov, Həsən Seyidbəyli, Muxtar Manıyev kimi sənətkarları gördüm. İkinci kursun
sonunda aktyor kurslarının rəhbəri
Ziyafət Abbasovun məsləhəti ilə
Ümumittifaq Kinematoqrafiya
İnstitutuna imtahan verdim. Orada kino və dram aktyorluğu ixtisası üzrə ali
təhsilimi davam etdirdim.
- Kino aktrisası
kimi tanındınız.
Sonra teatra gəldiniz...
- Ailə həyatı qurandan sonra bir müddət
sənətdən uzaqlaşmalı
oldum. Qayıdandan sonra da bir neçə filmə çəkildim.
O zamanlar kinostudiyada kinoaktyor studiyasının
teatrı var idi. Orada müxtəlif rejissorlar
gəlib tamaşalar hazırlayırdılar. Vaqif İbrahimoğlu
Cəfər Cabbarlının
“Dönüş” əsərini
hazırladı. Hiss etdim
ki, sənətdə ondan çox şey öyrənə bilərəm. O zamanlar hələ “Yuğ” teatrı açılmamışdı.
Teatr açılanda isə mən “Yuğ”da çalışmağa başladım.
- Teatra gəlməyiniz sizi kinodan uzaqlaşdırdı?
- Vaqif İbrahimoğlu yaxşı
mənada bizi səhnə aləminə
qapatdı. İlk tamaşamız “Salam” məni teatra elə bağladı ki, xeyli müddət
filmə çəkilmək
təkliflərindən imtina
etdim. Teatrda daha maraqlı
işlər oldu.
Kino yaxın ola
bilərdi, əgər
ürəyimcə olan
təkliflər edilsəydi.
Teatr yükünün ağır
olmasına baxmayaraq maraqlı idi.
- Ən
çox yadınızda
qalan və indi yenidən oynamaq istədiyiniz rolunuz hansıdır?
- Anton Çexovun
“Albalı bağı”
pyesindəki Ranevskaya obrazı. Çexovu çox sevirəm.
Bu obrazı bir
neçə dəfə
oynamışam. Bu yaxınlarda tamaşa yenidən oynanılacaq.
- Əvvəlki
oynadığınızla sonrakılar
arasında fərq var?
- Hər dəfə fərq olur. Aktyorun halı, daxili durumu, həyat təcrübəsi, yaş
və s. oyuna təsir edir. Bizim teatrın oyun tərzi də fərqlidir.
- Bəs sənətçi qadının
ruhu başqalarından
nə ilə fərqlənir?
- Həmişə
ruhi qatda, məkanda oluruq. Uzaqlaşdıqda elə bil o
ruhi qida çatmır. Ona görə
sənətdə olan
qadın evə məhkum oluna bilməz. Daim ruhi qida almalıyam. Bu olmasa, özümü yox hesab edirəm.
- İki oğlunuz var. Hər ikisi incəsənətdədir...
Sizin arzunuz idi?
- Mən incəsənəti çox
sevirəm. Nə qədər çətinliyi
olsa belə. Lakin çalışırdım hər
şeyi balansda saxlayım. Həm ailəni, həm
sənəti. Oğlum Mikayıl
uşaq vaxtı mənimlə teatra gələrdi, məşqlərdə
olardı. Hazırda teatrda
rejissor işləyir.
O biri oğlum Anar Opera və Balet Teatrının solistidir. Hər ikisi sənət
adamları ilə ailə qurublar. Demək olmaz ki, mən
onları istiqamətləndirdim.
Lakin uşaqlıqdan məşqlərdə
yanımda olurdular.
Düşünürəm ki, həm özlərinin marağı
oldu və həm də müəyyən mənada
mənim təsirim
var.
- Pedaqoji fəaliyyətlə də
məşğulsunuz. Tələbələr gözləntilərinizi doğruldur?
- İstedadlı
gənclər çoxdur.
Onlarla işləmək lazımdır.
Əgər tələbə
ali məktəbdən
çıxdıqdan sonra
işləmədisə, o artıq
çox şey itirir. Tələbələrimə
görə özümdə
məsuliyyət hiss edirəm.
İstərdim ki, hər biri əsl sənət
yolu keçsin.
- Onları hansısa teatrlara istiqamətləndirirsiniz?
- Çalışıram.
Bəzən bu mümkün
olur, bəzən də olmur.
- Sənət adamı üçün şərait önəmlidir,
yoxsa onun istedadı?
- Hər ikisi. Deyirlər ki, istedad istənilən yerdə ortaya çıxacaq.
Ancaq onu boğsalar, o necə üzə çıxar. Mən gənclərlə
çox işləyirəm.
Onlar həvəslənirlər,
nə isə etməyə can atırlar.
Aktyor uşaq kimidir, daxili çox zərifdir. Bəzən adi sözdən
inciyib kənara çəkilə bilirlər.
- İstənilən
rolu oynaya bilərsiniz?
- Mənim üçün amplua yoxdur. Bizim teatrda eyni zamanda həm dramatik, həm komediya aktyoru olmaq mümkündür.
Bizim üçün sərhəd
yoxdur.
- Sənət aləmində narazı olduğunuz nədir?
- İstərdim
ki, dünya teatrlarına nəzər salaq. Yeni üslublara can ataq. Təəssüf ki, bizdə
bu gün elə müəllimlər
var ki, köhnə
üslubda işləyirlər.
Hər şey dəyişir və bu dəyişikliklə
ayaqlaşmaq lazım gəlir.
- Bəs bu gün teatrlarımızda
sizi razı salan nədir?
- Bir çox teatrlarda qaynar iş gedir, canlanma var. Dünyaya çıxmaq üçün səylə
çalışırlar. İndi deyəcəklər,
öz teatrını tərifləyir, lakin deyərdim ki, “Yuğ” teatrı daim yeniliyə can atıb. Teatrlarda maraqlı aktyorlar var. İstərdim ki, teatr direktorları, rejissorlar ali
məktəblərə gəlsinlər,
yeni istedadları görüb aparsınlar yanlarına, inkişaf etdirsinlər.
- Əgər
hər şeyi yenidən başlamaq imkanı verilsəydi, nədən və haradan başlayardınız?
- Yenə də bu sənətə
gələrdim. Aktyor səhnədə
başqa bir aləmdə olur, o aləmdə yaşayır.
Məqam
var ki, tamaşaçı
qarşısında dayanırsan
və hiss edirsən ki, işini vicdanla yerinə yetirdin. Bu həm
də mənəvi zövqdür.
- Sonda nə demək istərdiniz?
- İstərdim
ki, hər bir sənətçi üçün öyrənəcəyi
insan olsun. Mən bu şəxsiyyəti gec tapdım, tez də itirdim.
Vaqif İbrahimoğlunun mənim
teatr aktrisası kimi formalaşmağımda
böyük rolu olub. Onunla çalışdığım 20 il müddətində
çox şey öyrəndim. Allah ona rəhmət eləsin. Mənim üçün o tək idi. Rejissor kimi, şəxsiyyət kimi. Taleyimə minnətdaram ki,
onunla rastlaşdım.
O, qəlbimizdə daim
yaşayacaq.
Söhbətləşdi: Reyhan
İsayeva
Mədəniyyət.-
2013.- 18 yanvar.- S. 6.